63 yaşlı ananın Zəfəri... - Oğlunun adını qələbə şərəfinə qoydu

63-yasli-ananin-zeferi
Oxunma sayı: 6383

“Bu şirinliyi yaşayandan sonra insanın gözünə yaşı da görünmür. Onun bircə ata-ana deməyi bizim üçün həyatdır…”

Bu sözləri “Qafqazinfo”ya 4 gün sonra 3 yaşı tamam olacaq Zəfər İsgəndərzadənin anası deyir. Hazırda 66 yaşı olan Gövhər Cəfərovaya ana olmaq 3 il öncə qismət olub. O, 2020-ci ilin 12 noyabrında Vətən müharibəsində qazandığımız zəfərdən cəmi 4 gün sonra Zəfəri dünyaya gətirib. Övladına Zəfər adını da elə zəfər ərəfəsində doğulduğu üçün verib.

Biz də bu ailə ilə elə Zəfər Günlərində görüşmək istədik. Bu məqsədlə hər küncündən Zəfərin səsi gələn evlərində olduq. Gövhər xanım və Tofiq bəy Zəfəri düz 12 il gözləyiblər...

Onlar illər öncə tanış olsalar da, yolları ayrılıb. Lakin tale onları yenidən qarşılaşdırıb. 15 il öncə bir araya gələrək evlənməyə qərar veriblər. Valideyn olmaq istəyən cütlük bu sınaqdan da zəfərlə çıxıb...

“Elə lap gənc yaşlarımdan Rəcəb adını çox bəyənirdim. Deyirdim ki, oğlum olsa, adını “Rəcəb” qoyacağam. Sonra Allahın bir möcüzəsi oldu və övladımız dünyaya gəldi. Daha əvvəl iş yoldaşlarım tez-tez soruşurdular ki, “Uşağın adını nə qoyacaqsan?” Həmin vaxt Vətən müharibəsi idi. Mən də düşünmüşdüm ki, əgər övladım zəfər ərəfəsində doğulsa, adını “Zəfər” qoyacağam. Elə də oldu. Düz noyabrın 12-də Zəfər doğuldu. Elə xəstəxanada olarkən dedim ki, adı “Zəfər” olacaq”, - deyir Gövhər xanım. 

63 yaşlı Tofiq İsgəndərova isə bu yaşda ata olmaq əvvəllər çətin görünüb: “Əsas mənim düşündüyüm o idi ki, ətrafdakı insanlar, qohumlar bu işə necə baxacaq?! Amma Zəfər dünyaya gələndən sonra bu fikirlərim tamamilə dəyişdi. Heç biri mənim düşündüyüm kimi olmadı. İndi hamı Zəfəri çox istəyir. Əvvəllər yoldaşım da çox fikir edirdi. Mən bunu görürdüm. Zəfər dünyaya gələndən sonra evdə də çox şey dəyişdi. Bu dəyişikliyi həyat yoldaşımda da gördüm. Çox böyük sevinc yaşadıq. Mən gördüm ki, həqiqətən də hər bir qadının ana olmaq haqqı var. 15 illik evliliyimizin son üç ilində biz daha da mehriban olduq. Zəfər bizi daha da yaxınlaşdırdı”.

Baxmayaraq ki, 3 yaşı var, amma çox güclü yaddaşa və zəkaya sahibdir”, - anası Zəfər haqda belə düşünür. 

Gövhər ananın sözlərinə görə, bir şeiri cəmi 3 dəfə təkrarlamaq bəs edir ki, oğlu onu əzbərə desin: “Artıq həm Azərbaycan, həm rus, həm də ingilis dilində 10-a qədər saymağı bacarır. Hər gün onu bağçaya yola salanda mənə “sağ ol, ana”,- deyir. Mən də ona “yolun açıq olsun, oğlum” deyirəm. Gün gəlir, mən ona “sağ ol” deyəndə o da mənə eyni cür cavab verir. Bu, məni o qədər sevindirir ki… İndidən sanki onun gələcəyini görürəm. Arzulayıram ki, elə bizim kimi olsun. Ata-anası kimi ali savadlı olaraq böyüsün”.

Bütün bu sevinclərlə yanaşı valideyn olmağın çətin tərəfləri də olur. Gövhər xanım deyir ki, Zəfərin nəyəsə görə ağladığını görəndə onu ancaq sözlərlə başa salır: “Atası iş dalınca gedəndə qaçır qapıya ki, onu da aparsın. Aparmayanda da ağlayır. Mən ona izah edirəm ki, atası işləmək üçün gedir. Lakin Tofiq onu bir qədər ərköyün böyüdür. Bağçaya gedəndə mənim əlimdən tutur, atasının isə qucağına çıxmağa cəhd edir”.

“Tək çətinlik odur ki, topla oynayanda məni çox yorur. Hər gün mütləq birlikdə topla, maşınla oynamalıyıq”, - deyir Tofiq bəy.

46 ildir müəllim olaraq çalışan Gövhər xanımın bu qədər səbrli və qayğıkeş olmasında peşəsinin də rolu böyükdür: “Mən həmişə uşaq döyməyə qarşı olmuşam. 46 ilin müəllimiyəm və bu vaxta qədər bir dəfə də olsun, şagirdimə əl qaldırmamışam. Həmişə də valideynlərə məsləhət vermişəm ki, əsla vurmayın. Sözlə başa salıram. Yoldaşıma da deyirəm ki, hər nə olsa, uşağın yanında bir-birimizi səhv çıxarmayaq. Səhv belə olsaq, bunu kənarda müzakirə edək, amma Zəfərin yanında bir-birimizə dəstək olaq.

Mən hazırda müqavilə ilə işləyirəm. Baxmayaraq ki, oğluma görə imtahana hazırlaşma imkanım olmadı, amma yüksək bal topladım. Atası isə hələ ki, işsizdir. Lakin bir çox yerə müraciət edib. Mən işdə olduğum üçün Zəfəri bağçaya elə atası aparıb-gətirir”.

Qəhrəmanımız xüsusilə vurğulayır ki, 66 illik ömründə heç vaxt ruh düşkünlüyü yaşamayıb: “Mən qarşıma məqsəd qoyuramsa, hər nə olsa da, bütün çətinlikləri keçirəm və əvvəl-axır ona çatıram. Çox şükür ki, bu vaxta qədər bütün arzularıma çatmışam. İllərlə həkimlərə getmişəm, müalicələr almışam. Sonra bir müddət ara verdim ki, Allah nə vaxt qismət etsə, o zaman olar. Bir gün də iş yoldaşlarımla söhbət zamanı təkid etdilər ki, yenidən həkimə gedim və müalicə alım. Çünki onlar da bilir ki, mən sağlam qadınam. Elə həkimin nömrəsini də onlar mənə verdilər. Həkimə də gedəndə dedim ki, “Mənim yaşım var. Düzdür, çox istəyirəm ana olmaq, lakin sizinlə də məsləhətə gəlmişəm”.

Biz müalicələrə başladıq. Müalicə müddətində əsla yorulmurdum. Həkim hansı dərman, analiz üçün göndərsə, gedirdim. Amma bir şey var idi ki, həmin müddətdə mən tək oldum. Həyat yoldaşım işlə əlaqədar olaraq Gəncədə idi. Sonuncu ayda məzuniyyət alıb gəldi. Gəldiyi günün səhəri isə Zəfər dünyaya gəldi. Daha sonra yoldaşım bizi də alıb özü ilə apardı. 4 ay Gəncədə qaldıq. Zəfərə baxmaqda mənə çox kömək etdi.

Mən ana olmaq istəyən bütün qadınlara, xüsusilə yaşı 40-ı ötənlərə demək istəyirəm ki, heç vaxt ruhdan düşməsinlər. Özümdən sonra nə qədər 40, 50, hətta 60 yaşı ötən qadının ana olduğunu gördüm”.

Lamiyə Məmmədova 

Foto-Video: Pərvin Zeynal