Məlum olduğu kimi, iki gün əvvəl Ermənistanda prezident seçkiləri keçirilib. Bu seçkilərin nəticələri beynəlxalq birlik tərəfindən birmənalı qarşılanmayıb. Ermənistanın daxilində müxalifət nümayəndələrə elan edilən nəticələrə etiraz edərək Azadlıq meydanında aksiya keçirir. Beynəlxalq birlik seçkidə qanun pozuntuları olduğu üçün Serj Sarkisyanın prezident seçilməsini tanımayıb. Belə bir vəziyyətdə Rusiya prezidenti Vladimir Putin Serj Sarkisyana dəstək olmaq üçün onu təbrik edib. Bu təbriklə də həmişəki mövqeyini ortaya qoyub. Putinin təbrikindən sonra Sarkisyanı prezident seçilməsi münasibətilə təbrik edən 2-ci şəxs Türkiyə prezidenti Abdullah Gül olub.
Türkiyə prezidentinin bu addımı şok effekt yaradıb. Cəmi bir neçə həftə əvvəl Serj Sarkisyan seçki kampaniyası zamanı Türkiyənin ünvanına olduqca ağır ifadələr, ittihamlar səsləndirib. Sarkisyan həmişə Türkiyəyə qarşı münasibətdə kəskin mövqeyi ilə tanınır. Ərazi iddiaları olduğunu həmişə dilə gətirib. Bu kontekstdə Abdullah Gülün tez-tələsik Sarkisyanı təbrik edən ikinci prezident olması böyük sual doğurur. Maraqlıdır ki, böyük bir dövlət olan Türkiyə nəyin peşindədir.
Bu məsələyə münasibət öyrənmək üçün “Qafqazinfo” bir neçə siyasətçinin fikrini öyrənib.
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı A. Gülün Sarkisyanı təbrik etməsini tənqid edib. Millət vəkili deyir Ki, Türkiyə belə tez-tələsik Serj Sarkisyanı təbrik etməli deyildi: “Çünki orada seçki vaxtı qanun pozuntusu olub. Son vaxtlar Türkiyə-Ermənistan arasındakı problemlərin böyüməsi Sarkisyanın xidmətləridir. Sarkisyan Türkiyəni tez-tez hədələyir. Elə bir adamı təbrik edərlərmi?”.
AXCP sədrinin müavini Razi Nurullayev A. Gülün bu addımını Türkiyənin beynəlxalq aləmə göstərdiyi bir mesaj kimi qiymətləndirib: “Türkiyə zaman-zaman Ermənistanla yaxşı münasibətlərinin olmasına çalışıb. Amma Ermənistan qondarma soyqırımı iddiasından əl çəkmir. Bu da münasibətlərin yaxşılaşmasına imkan vermir. Türkiyə böyük dövlətdir və yəqin onun maraqları var. Azərbaycandan baxanda isə bu heç də normal qarşılanmır”.
Məsələyə münasibət bildirən Böyük Qurtuluş Partiyasının sədri Fazil Mustafa isə bu təbriki normal qarşıladığını söylədi: “Məncə, buna normal yanaşmadır. Əgər Türkiyə Ermənistanı dövlət kimi tanıyırsa, bu təbrikdə təəccüblü olan heç nə yoxdur”.
Ümid Partiyasının sədri İqbal Ağazadə isə hesab edir ki, Türkiyə Cumhuriyyəti prezidentinin Serj Sarkisyanı təbrik etməsi iki dövlət arasında münasibətlərin yumuşaldılmasına zəmin yaradacaq: “Türkiyə dünyaya göstərmək istəyir ki, onlar sülh və əmin-amanlıq şəraitində yaşamağa maraqlıdırlar. Türkiyə kiçik dövlət deyil ki, bu tip məsələlərdə səhvə yol versin və gələcəkdə bu səhvdən onun əleyhinə istifadə edilsin”.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev isə Türkiyə przeidentinin bu hərəkətini təəssüf hissi ilə qarşıladığını bildirib.
BAXCP sədrinin qənaətinə görə, on minlərlə insanın Ermənistanda keçirilən prezident seçkilərinin nəticələrinə etiraz əlaməti olaraq müddətsiz və oturaq etiraz aksiyasına başladıqları bir zamanda demokratik dəyərlərə sadiq olduğunu bəyan edən bir ölkənin prezidentinin Serj Sarkisyanı təbrik etməsi demokratiyaya, insan hüquq və azadlıqlarına hayqırı kimi dəyərləndirilməlidir: “Digər tərəfdən, bəlli olduğu kimi Türkiyə ilə Ermənistan arasında rəsmi diplomatik münasibətlər mövcud deyil. Belə bir vəziyyətdə Abdulla Gülün Sarkisyanı təbrik etməsi yarınmağa uğursuz bir cəhd təsiri bağığlayır. Əgər kimlərsə belə addımların müqabilində Ermənistanın və ermənilərin qondarma soyqırımı və Türkiyəyə qarşı ərazi iddialarından əl çəkəcəklərini düşünürlərsə, yanılırlar. «Futbol diplomatiyası», Sürix protokolları, Ermənistan vətəndaşları olan qanunsuz miqrantlara Türkiyədə yaşamaq və işləmək üçün yaradılan şərait nəticə vermədiyi kimi, telefon zəngləri, təbriklər və bu kimi digər addımlar da heç bir nəticə verməyəcək. Çünki qondarma soyqırım iddiaları ermənilərin, erməni diasporunun mövcudluğunu, Ermənistanın daxili və xarici siyasətinin təməl sütunlarını təşkil edir”.
BAXCP sədri qardaş Türkiyənin rəsmiləri tərəfindən sərgilənən bu davranışların Azərbaycanda ürək ağrısı ilə qarşılandığını, insanların hisslərinə toxunduğunu vurğulayıb: “Bu qəbildən olan addımlar iki qardaş dövlət arasında olan münasibətlərin səmimiliyini şübhə altına alır, Azərbaycan-Türkiyə münasibətlərinin daha da inkişaf etməsini arzulayan insanların mövqelərinə və ictimai rəyə olduqca ciddi və neqativ təsir göstərir. Xüsusilə də Xocalı soyqırımının 21-ci ildönümü ərəfəsində bu soyqırım aktının əsas ideoloqlarından və təşkilatçılarından biri olan Sarkisyanın təbrik edilməsi heç bir şəkildə anlaşıla və qəbul edilə bilməz”.
Məsələ ilə bağlı Türkiyənin Azərbaycandakı səfirliyindən münasibət öyrənmək mümkün olmayıb.
Gülnar