ABŞ-ın sanksiya tətbiq etdiyi yeni Prezident kimdir?

ABŞ-ın sanksiya tətbiq etdiyi yeni Prezident kimdir?
Oxunma sayı: 7839

Xəbər verdiyimiz kimi, məhkəmə hakimiyyətinin rəhbəri İbrahim Rəisi İranda keçirilən 13-cü prezident seçkilərində ümumi səslərin 50%-dən çoxunu toplayaraq qalib gəlib. İlkin nəticələrə əsasən, Rəisi 28.6 milyon seçicidən 17.6 milyonun səsini alıb.

“Qafqazinfo” bu məqamda dünyanın marağında olan yeni Prezidentlə bağlı bəzi məqamları təqdim edir:

İbrahim Rəisi 1960-cı ilin dekabarın 14-də İranın Məşhəd şəhərində dünyaya gəlib. 1980-ci ildə dini təhsilini alan İbrahim Rəisi öz karyerasını İslam inqilabından sonra yaranmış yeni hüquq sistemində qurmağa başlayıb. 

1985-ci ildə yaşamaq üçün Tehrana köçüb və burada şəhər prokurorunun müavini vəzifəsinə təyin olunub. 1989-cu ildən 1994-cü ilə qədər Tehran şəhərinin prokuroru vəzifəsində çalışıb. 1994-cü ildə İranın Baş İnspeksiya təşkilatının rəhbəri vəzifəsinə qədər yüksəlib.

İbrahim Rəisi 2004-cü ildə İran prokurorunun müavini təyin edilib. 2005-ci ildə İranın o dövrdəki Prezidenti Mahmud Əhmədinecat Rəisiyə ölkənin təhlükəsizlik naziri vəzifəsini təklif etsə də, o, bu vəzifədən imtina edib. O, karyerasında yüksəlməyə davam edib və 2014-cü ildə İranın Baş prokuroru vəzifəsinə təyin edilib.

İ. Rəisi 2016-cı ilin martında istefaya gedib və İslam dünyasının ən varlı fondlarından biri olan “Astan-e Quds Razavi”nin sədri olub.

İndiki seçkilər onun ilk təcrübəsi deyil. Belə ki, İbrahim Rəisi 2017-ci ilin mayında İran prezidentliyinə namizədliyini irəli sürsə də, hazrkı Prezident Həsən Ruhaniyə məğlub olub. Rəisi bu seçkilərdə 38%, Ruhani isə 57% səs toplamışdı.

O, 2019-cu ildə İran ədliyyəsinin rəhbəri vəzifəsinə seçilib. Bunun ardınca, 2019-cu ilin noyabrında ABŞ İbrahim Rəisiyə qarşı sanksiya tətbiq edib. O, 1988-ci ildə İslam rejimi əleyhinə qarşı gələnlərə qarşı ölüm cəzası tətbiq edən komissiyanın tərkibində olduğuna görə bu sanksiyalarla üzləşib. Bundan əlavə, Avropa İttifaqı da Rəisiyə qarşı sanksiyalara baş vurub.

Ekspertlərin fikrincə, 1981-1989-cu illərdə prezident olmuş ali lider Xameneyi Rəisinin timsalında ən yüksək vəzifədə özü üçün xələf hazırlayır.

İbrahim Rəisi İslam şəriətini dövlətin və hakimiyyətin əsası hesab edir. İranın Qərblə və ABŞ-la yaxınlaşmasına qarşı bir mövqeyə sahibdir.

İ. Rəisi Jamileh Alamolhoda ilə evlidir, iki qızı var.