“Atamla qardaşımın qatillərini yüksək vəzifəlilərin qoruduğunu dedilər”

atamla-qardasimin-qatillerini-yuksek-vezifelilerin-qorudugunu-dediler
Oxunma sayı: 7910

Yardımlının Elçara kənd sakini Şəmsəddin Kərimov və oğlu Elməddin Kərimovun qətlə yetirilməsi ilə bağlı aparılan istintaqdan narazılıq yaranıb. Ötən il fevralın 27-də baş vermiş hadisəni törətməkdə Ş.Kərimovun qardaşı Nürəddin Kərimov və onun oğlu Kənan Nuroğlu təqsirləndirilir. 

Qətlə yetirilən Ş.Kərimovun oğlu Niyaməddin Kərimov isə “Qafqazinfo”ya müraciət edərək iddia edib ki, o zaman Yardımlı rayon prokuroru olan Vahid Məmmədlinin qanunsuz hərəkətləri nəticəsində qətl üçün şərait yaradılıb və daha sonra istintaq hərəkətsiz qalıb: “Hadisədən bir müddət əvvəl Kənan və qardaşı Fərhad narkotik vasitələrin daşınmasına görə tutulmuşdular. İstintaq vaxtı qardaşlar həbs edilsə də, Fərhad azadlığa buraxılıb, Kənan isə külli miqdarda narkotiklə tutulduqdan 4 gün sonra ev dustaqlığına buraxıldı. Yardımlı rayon prokuroru Vahid Məmmədli isə qərardan protest vermədi.

Polis istintaqı yekunlaşdıranda Kənan Nuroğluna Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi (mütəşəkkil dəstə tərəfindən narkotik vasitələrin satışı və külli miqdarda narkotik vasitələrin satışı) ilə ittiham verildi, lakin prokuror Vahid Məmmədli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi qərarı”nı təsdiqləməyərək geri qaytarıb və Kənan Nuroğluna CM-nin 307.1-ci (cinayət barəsində xəbər verməmə) maddəsi ilə ittiham verilməsinə göstəriş verib”.

Fotoda: Kənan Nuroğlu qətl baş verən yerdə

Niyaməddin Kərimovun sözlərinə görə, prokuror V.Məmmədlinin qərəzli və əsassız qərarı nəticəsində K. Nuroğlu azadlıqda qalıb və bir il sonra onun atası ilə qardaşını qətlə yetirib: “Qətldən sonra Kənan saxlanılıb və müayinə zamanı onda “Opioid”lərin qəbulu nəticəsində asılılıq sindromu aşkar olunub. Yəni, Kənanın narkotik vasitələrin dövriyyəsinə aidiyyəti təsbit olunub.

Prokuror Vahid Məmmədli qətl hadisəsindən sonra da bu əməllərini davam etdirib. Qətldən 3 ay keçsə də, Vahid Məmmədli Nürəddinə qarşı ittiham irəli sürülməsinə qarşı çıxıb və qətli törədən şəxs may ayına kimi azadlıqda qalıb. Bu müddət ərzində onun oğlu Kənan istintaqdan yayınıb”.

N. Kərimov deyir ki, Prezident Administrasiyasına müraciətindən sonra mayın 19-da Nürəddin Kərimova da CM-nin 307-ci maddəsi ilə ittiham verilib: “Bu dəfə də Nürəddin Kərimov qətli törətmək ittihamından yayındırıldı. Onun həbsindən 4 gün sonra oğlu Kənan təslim oldu. Həmin vaxt prokuror Vahid Məmmədlinin kabinetində bu məsələ ilə bağlı danışdıq. Prokuror Kənan və atası ilə yaxın olduğunu, onların arxasında prokurorluq sistemində olan başqa yüksək vəzifəli şəxslərin durduğunu, onları qoruduğunu dedi.

Fotoda: Prokuror Vahid Məmmədli

Mən bu söhbətin səs yazısını diskdə və yaddaş kartında Baş Prokurorluğa göndərdim. Prokurorun bu cür qanunsuzluqlar etməsi barədə Baş Prokuror Kamran Əliyevə dəfələrlə şikayət etsəm də, bizə cavab verildi ki, disk oxunmadığı üçün səsi dinləyə bilməyiblər. Daha sonra 3 ayrı yaddaş kartında səs yazısını təkrar göndərsəm də, şikayətlərimə cavab verilməyib və Vahid Məmmədli cəzalandırılmayıb, məsuliyyətə cəlb edilməyib”.

Fotoda: Nürəddin Kərimov qətl baş verən yerdə

Qeyd edək ki, sonradan istintaq gedişatında Nürəddin Kərimov da qardaşı və qardaşı oğlunu öldürməkdə ittiham edilib. Ona qarşı CM-nin 120-ci maddəsinin (qəsdən adam öldürmə) bir neçə bəndi ilə ittiham irəli sürülüb.

İddialara münasibət öyrənmək üçün Baş Prokurorluğa müraciət etdik. Qurumun Mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, qeyd edilən xüsusatlarla bağlı Vahid Məmmədli barəsində Baş Prokurorluqda xidməti araşdırma aparılıb: “Lakin göstərilənlər öz təsdiqini tapmayıb”.

Xatırladaq ki, ittihama görə, Nürəddin Kərimov və oğlu Kənan kənd ərazisindəki otlaq sahəsində çəpərləmə işləri apararkən qardaşı Şəmsəddin Kərimov və oğlu Elməddin ora gələrək etirazlarını bildirib. Yaranmış mübahisə nəticəsində Nurəddin avtomobilindən silahı çıxardıb hazır vəziyyətə gətirib, oğlu Kənan isə həmin silahdan atəş açmaqla əmisi Şəmsəddin Kərimovu və əmisi oğlu Elməddini qətlə yetirərək oradan qaçıb.

Fotoda: Qətlə yetirilən Şəmsəddin Kərimov

Murad Əhməd