“Niyə dağırdırsınız bu dövlətləri? Nə istəyirsiz onlardan? Azərbaycanın prezidentinə paxıllıq edirlər. Çünki özlərində belə ağıllı prezident yoxdur”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri vitse-spiker Ziyafət Əsgərov Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasında çıxış edərkən bildirib. Qeyd edib ki, Azərbaycanda indiyə kimi hansısa jurnalistə qarşı təzyiq olmayıb: “Mən buradan soruşuram jurnalistlərdən ki, hansınıza nəyisə yazmağa icazə verməmişik? Jurnalistlər hansı mövzuda istəyirlər, yazırlar. Bu gün Avropa dövlətlərlə müharibə edir, onları dağıdır. Bəs bilmirlər ki, sonradan müharibə olan ölkələrdən insanlar qaçacaq. Sonra isə onlara öz ölkələrində sığınacaq vermirlər. Budurmu humanistlik, insani rəftar. Onlar gəmilərlə gələn mühacirləri batırmaq istəyirlər. İndi Misirdə, Liviyada, Suriyada, Əfqanıstanda müharibələr, fəlakətlər baş verir. Bu ölkələrdə əhali qaçqın vəziyyətinə düşür. Onları qaçqın kim etdi? Əlbəttə ki, Avropa, siz etdiniz. Onların heç bir günahı yoxdur. Günahkar sizsiniz. İndi də gedib onların problemlərini necə yaratmısınızsa, elə də həll edin. Milyonlarla dollar pul qoyub Liviyanı dağıtdınız, indi Azərbaycanı dağıtmaq istəyirsiniz.
İndi də minlərlə miqrantları dənizdə batırırsınız, öldürüsünüz. Axı bu nə vəhşilikdir? Bu cür vəhşilikləri edən Avropa Azərbaycana necə demokratiyadan, insan haqqlarından danışa bilərsiniz?”.
Onun sözlərinə görə, Avropa Parlamentinin qəbul etdiyi bu qətnamə əsası olmayan kağız parçasıdır: “Qətnamədə Azərbaycanla bağlı əks olunanlar tamamilə yalan, böhtan və qərəzlidir. Avropa Parlamentində bu qətnaməyə səs verən deputatların bir çoxu heç Azərbaycanı tanımır. Bunların məqsədi Azərbaycanın beynəlxalq imicini ləkələməkdir. Avropa yalandan iddia edir ki, guya Azərbaycanda söz azadlığı, demokratiya yoxdur. Bunların özlərində olmayan məsələləri bizim adımıza yazmağa çalışırlar. Avropa Parlamenti rəhbərliyində oturan bir neçə şəxs erməni lobbisinin təsiri altına düşüb. Axı Azərbaycandan nə istəyirsiniz? Azərbaycan da sizin kimi inkişaf yolu tutub, indi buna niyə paxıllıq edirsiniz?”.
Vitse-spiker əlavə edib ki, Azərbaycanda noyabrın 1-də parlament seçkiləri keçiriləcək: “Avropa artıq bu seçkilərin nəticələri ilə bağlı hesabatları hazırlayıblar. Sual olunur, axı siz nə bilirsiniz seçkilərin nəticələri necə olacaq? Axı siz hansı haqla Azərbaycan xalqının iradəsinə müdaxilə edirsiniz? Milli satqınlar da Avropadan milyonlarla pul alıb. İndi ölkədə xaos yaratmaq istəyirlər. Ancaq bu mümkün olmur”.
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər