Xəbər verdiyimiz kikboksinq üzrə milli yığma komandamız 17-26 noyabr tarixlərində, Portuqaliyanın Albufeira şəhərində keçirilən dünya çempionatını rekord nəticə ilə tamamlayıb. “Qafqazinfo” xəbər verir ki, çempionatda 70 ölkədən 1700-dən çox idmançı öz güclərini sınayıblar.
Azərbaycan təmsilçiləri Sübhan Məmmədov, Elvin Məmmədov, Amin Quliyev, Surət Qarayev qızıl, Orxan Məlikov gümüş, Elcan Alkişiyev, Rauf Gərayzadə, Fərid Ağamoğlanov, Allahverdi Dəmirov, Ramiz Məmmədov, Qəşəm Məmmədov bürünc medallarla, veteranların yaş kateqoriyasında iştirak edən Eduard Məmmədov işə yarışı 2 fərqli versiyada, 2 qızılla başa vurub.
Federasiyanın I vitse- prezidenti Ramal Aslanovun başçılıq etdiyi komandamız dünya çempionatında 6 qızıl, 1 gümüş, 6 bürünc medalla çempionatda iştirakına yekunlaşdırıb.
Yarışla bağlı fikirlərini bölüşən federasiya prezidenti Orxan Əliyev idmançılarımızın uğurlu nəticələr əldə etməsinin dövlətimizin idmana qayğısı ilə əlaqələndirib:
“Bu gün bilirsiniz ki, ölkədə idmana dövlət səviyyəsində böyük diqqət var. Prezident İlham Əliyevin idmana olan qayğısı və diqqətini hər zaman hiss edirik. Qazanılan bütün uğurlara görə federasiyanın fəxri prezidenti, Milli Məclisin sədr müavini Adil Əliyev başda olmaqla, bütün kikboksinq ailəsini təbrik edirəm. Adil müəllimin Azərbaycan Kikboksinq Federasiyasının inkişafında böyük xidməti var. Onun təşkilatçılığı ilə federasiya böyük uğurlara imza atıb. Bu gün onun qoyduğu missiya davam etdirilir”.
Orxan Əliyev 17-26 noyabr tarixlərində, Portuqaliyanın Albufeira şəhərində keçirilən WAKO-nun dünya çempionatı kikboksinq federasiyasının tarixində xüsusi qızıl hərflərlə yadda qalacağını bildirib:
“Çempionata böyük diqqət var idi. 1700-dən çox kikboksçu öz gücünü sınadı. Mən deyərdim ki, kikboksçularımız böyük əzmlə, iradə ilə döyüşdülər. Bayrağımızı qürurla zirvələrə daşıdılar. Himnizimin səsləndirilməsi insanda bir başqa qürur hissi yaşadırdı. Minlərlə insan himnizimi musiqisini eşidirdi. Mən deyərdim ki, Azərbaycan kikboksçuları tarix yazdılar”.