“Azərbaycanla ciddi danışıqların getdiyi vaxtda tarix yenidən təkrarlanır”

azerbaycanla-ciddi-danisiqlarin-getdiyi-vaxtda-tarix-yeniden-tekrarlanir
Oxunma sayı: 9158

Məlum olduğu kimi, dünən terrorçu, qaniçən Robert Koçaryanın sağ əli sayılan Samvel Karapetyan Xankəndinin mərkəzində 4 gəncə odlu silahdan atəş açıb. Bu gün yayılan məlumata görə, məlum olayla bağlı cinayət işi başlanılıb.

Xatırlatmaq yerinə düşər ki, Samvel Karapetyan erməni cəmiyyətində cani və Robertin cəlladlarından biri kimi tanınır. Məşhur 2008-ci il mart hadisələri zamanı Karapetyan özünün birbaşa rəhbərliyi ilə 20 nəfərlik qrupu həmin vaxt Prezident iqamətgahının zirzəmisində gizlətmiş, 1 mart mitinqləri zamanı məhz həmin dəstənin üzvləri müxalifətin, o cümlədən Ter-Petrosyan və Paşinyanın tərəfdarlarına atəş açmışdır.

Görünən odur ki, atəş açmaqda və terrorda xüsusi təcrübələri olan Robert Koçaryan, Samvel Karapetyan, Serj Sarkisyan bəzi xarici dairələrdən uzun müddətdən sonra aldıqları xeyir- dua ilə Nikol Paşinyana qarşı genişmiqyaslı təzyiqə start veriblər. Belə çıxır ki, İrəvanda, Gümrüdə, Üçkilsədə və s. regionlarda davam etməkdə olan aksiyalar Xankəndiyə də təsirsiz ötüşməyəcək.

Bu kontekstdə, yaxın vaxtlarda revanşist qüvvələrin məqsədlərinə çatmayacaqları təqdirdə, Qarabağdakı ermənilər arasında da bölgü aparacaqları istisna deyil. Bəzi iddialara görə, Robert yaxın ətrafı vasitəsilə Arutunyandan mövqe nümayiş etdirməyi tələb edib. Dünən Samvel Karapetyan tərəfindən açılan atəş də separatçılar arasında da vəziyyətin yaxşı olmadığının, Ermənistandakı siyasi mübarizənin yaxın vaxtlarda Xankəndidə daha ciddi şəkildə hiss ediləcəyindən xəbər verir.

Bu xüsusda, istisna etmirəm, hətta əminəm ki, son günlərdə Kəlbəcər istiqamətində Azərbaycan ordusuna qarşı törədilən təxribatın arxasında mart ayında Fərruxlu kəndindəki təxribatda olduğu kimi məhz Koçaryan dayanır. Bununla da, Koçaryan və onun komandası “sərhəddəki mümkün uğursuzluq” fonunda Paşinyanın ictimaiyyət qarşısındakı reytinqini çalxalamaq istəyir. Bu təcrübə yeni deyil, bundan əvvəl sülhməramlıların müvəqqəti yerləşdikləri ərazidəki təxribat nəticəsində Paşinyana ciddi şəkildə təzyiqlər edilmişdir. Hətta Paşinyan sülhməramlıları günahlandıran bəyanatlar da vermişdir.

Hazırda müəyyən dövlətlər və müxalifət Paşinyanı devdirmək üçün “uyğun” vaxt seçiblər. 1998-ci ildə olduğu kimi, bu dəfə də Azərbaycan və Ermənistan arasında ciddi danışıqların getdiyi bir vaxtda Robert Koçaryan keçmiş təcrübəsini ikinci dəfə reallaşdırmaq və legitim hakimiyyəti kürsüdən qovmaq iddiasına düşüb. Tarix yenidən təkrarlanır. Sadəcə indi Ter-Petrosyanın yerinə Paşinyandır. Radikal müxalifətin arxasında isə, elə həmin xarici dairələr və daxildəki qaniçən sosial bazadır.

Etiraf etməliyik ki, Ermənistandakı hadisələr sülh prosesinə ziyan vura bilər. Ermənilər əmin olmalıdırlar ki, Paşinyanın mövcud vəziyyət fonunda üzərinə götürdüyü öhdəliklərə əməl etməməsi və ya yeni gələcək hakimiyyətin “öhdəlikləri biz götürməmişik, xain Paşinyan götürüb” kimi mümkün iddiaları - yeni müharibəni labüd edəcək.

Ermənistan və Rusiya dövlətləri Üçtəfəfli Bəyanatın tərəfləri kimi üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirmədikləri təqdirdə Azərbaycan xarici siyasət istiqamətləri ilə bağlı ciddi qərarlar qəbul edəcək.

Zaur Məmmədov-Bakı Politoloqlar Klubunun rəhbəri