Yuxarıda yazdıqlarımdan bəlli oldu ki, deyəcəklərim işsizliklə əlaqəlidir. Amma bir qədər fərqli prizmadan yanaşaraq. İcazə verin, daha aydın ifadə edim fikirlərimi. Ətrafımda işsiz dostlarım çoxdur. Özü də bunların bir çoxu ali təhsillidir. Bu, bir tərəfə, deyim ki, bu insanların heç biri bacarıqsız da deyil, hər kəsin özünə görə müəyyən bildikləri var. Xarici dil desən, bir çoxunda var. İctimai fəaliyyət desən, az-çox bu da var. Hərdən hardasa bir iş elanı görəndə, o dəqiqə kimə hansı işin münasib olduğunu hesablayıram. Bakıda yaşayasan və işsiz olasan, bunun nə demək olduğunu yaxşı bilirəm. Xüsusilə də tələbəlik illərində, tələbənin ehtiyacları çox olur. Amma, nədənsə, tələbə deyəndə, bir çoxlarının ağlına ilk gələn pul olur. Sanki, tələbə olmaq zənginlikdir. O dəqiqə satıla biləcək hər şeyin qiyməti artır. Şəxsən özüm şahidi olmuşam. Düzdür, düşüncəli insanlar da var. Amma nəysə ki, azdır. Hə, mövzudan yayınmayaq. Başqa şey demək istəyirəm. Hardasa işəgötürən görəndə və yaxud kadr axtarışına çıxan biri üçün dostlardan kimisə təklif edirəm. Amma “iş başqa, eşq başqa” deyirlər. Gərək, dost iş üçün lazım olan meyara da cavab versin, bu başqa.
Dünən rastladıqlarımı qısa olaraq nəql etmək istəyirəm. Bir nəfər yaxın insan özü üçün işçi axtarırdı. Təxmini belə söhbətimiz oldu ki, ona köməkçi lazımdır. İşə alınacaq adamın iş təcrübəsinin vacib olub-olmadığını da öyrəndim. Dedi ki, vacib deyil, yanımda yavaş-yavaş öyrənər. Dil biliyi olsa da olar, olmasa da. Vacib olan işinə məsuliyyətli yanaşması və uyumlu olmasıdır. Maaşı soruşmadım. Çünki bu insanın nə qədər alicənab olmasına bələdəm. Hər kəsin haqqını verəndir. Həm də əgər qarşındakı “təcrübənin olması və xarici dil bilgisi vacib deyil” deyirsə, bu, o deməkdir ki, maaşın çox olub-olmaması üzərində dayanmağa dəyməz. Azərbaycanda yaşayasan, normal iş təklif edib, sadaladığım kriteriləri istəməyəsən... Belə birinin əlini öpüb, başımın tacı edərəm. Ən azından, ona görə ki, işçiyə deyil, işə tələbatın çox olduğu zamanda hər ciddi iş sahibi özü üçün yüksək olmasa da, orta meyarlara sahib işçi axtarır. Sənətlə bağlı peşələri çıxmaq şərtilə, bir çox sahələrdə yaşından asılı olmayaraq, hər kəs ən azından bir xarici dilə sahib olmalıdır ki, normal iş tapsın.
İndi gələk əsas məsələyə. Dünən tanıdığım qızlardan üç-dörd nəfərə zəng elədim ki, bəs bir iş var. Kriteriləri də dedim. Qeyd edim ki, sizə haqqında bəhs etdiyim tanışlarım çox seçim şansı olmayan, iki-üç ildir iş arayan, mənə “nə iş olsa gedərəm, təki işsiz qalmayım, ehtiyacım var” deyənlərdir. Amma dünən ilk sözləri bu oldu: “Maaşı az deyil ki?” O qədər anlatdıqdan sonra soruşdular ki, “yeri haradır, uzaq deyil ki, o adam yaxşı adamdır? Anamla danışmalıyam, birdən anam razı olmaz” və s. Mən öz fikrimi bildirdim ki, yüz düşünməkdənsə, bir dəfə gedib baxmaq, danışmaq daha məqsədə uyğundur. “Mənə dedilər ki, “yox, qoy o adamla anam danışsın”. Anlamadım, necə bəyəm işə gedən adamın anası niyə danışmalıdır? Lap anası danışdı, işə gedən bu qız deyilmi? Bu nə qədər ciddidir? Deyək ki, ana narahatdır ki, işəgötürən başqa əxlaqsız təklifdə bulunacaq. Hər halda, bu qız özü danışsa, daha tez bəlli olmazmı qarşısındakının ondan nə istədiyi? Axırda bəlli oldu ki, bu insanlar, sadəcə olaraq, katibə işləməyə əxlaqsızlıq, daha dəqiq ifadə etsək, fahişəlik kimi yanaşırlar. Vallah, ilk düşündüyüm bu oldu, nə yaxşı işə götürən özümüzünküdür. Başqa millətdən olsaydı, biabır olardıq. İndi gəl izah elə ki, birincisi, bizdə qanun-qaydaya görə valideyn övladının əvəzinə hər işi görəndir. Hətta əlacı olsa, deyər ki, işə də özüm gedirəm. Abrından utanmasaydı, deyərdi, “evlən, toyunu edək, yenə özüm gedərəm”. Valideynin qızı üçün narahatlığını hardasa başa düşmək olar, amma işə qəbul edən tərəflə tanış olmadan qərar verəsən ki, “qızım o işə getməsin, mən istəmirəm kiminsə köməkçisi olsun” demək nədir anlamıram. Məni daha çox üzən bu oldu ki, köməkçi olmaq və ya katibə işləmək vəzifələri bu ölkədə ayıb sayılırmış. Yəni heç bir təcrübəsi olmayan bir insan birdən-birə yüksək maaşla menecer və yaxud da, baş menecer işləmək istəyir. Bunu yenə də əcnəbi işəgötürənə izah etmək mümkünsüzdür. Adamı qapıdan qovarlar. Xaricdə ən yaxşı universitetlərdə oxuyan tələbələr var ki, kafedə qarson işləyirlər. Və bunda heç bir ayıb yoxdur.
Buradan gəldiyim nəticə bu oldu ki, işin əxlaq tərəfini hesablamaq, əsasən, bir bəhanədir. Əsas çoxlu pul qazanmaqdır. Bizim cavan qızların və oğlanların müğənni olmaq arzusuyla alışıb yanmaqlarına səbəb də, heç bir əziyyətsiz tez varlanmaq istəkləridir. Amma bu ayrıca bir mövzunun yazısıdır.
Bu cür düşüncədən sonra, işsizlikdən dəm vurmaq ayıbdır. Amma qoy öz ayıblarına kor olmaqda davam etsinlər.