18 min ton ağırlığı olan Füzuli, 39 ünvanındakı tarixi binada sürüşdürülmə prosesi artıq başa çatıb. Sakinlərinsə yaxın günlərdə mənzillərinə köçəcəyi bildirilir.
Bu ayın 23-dən başlanan sürüşdürmə prosesini mütəmadi şəkildə izləyən bina sakinləri bu gün də adıçəkilən ünvanda idilər. Hələlik kənardan binaya baxış keçirən sakinlər mənzillərinə yığışmağı səbirsizliklə gözləyirlər. 10,5 metr geri sürüşdürülən, çox sayda çatları olan qəzalı binada yaşamaqsa onları qətiyyən narahat etmir.
4 gün ərzində 10,5 metr geri çəkilən binadakı işlərə Hollandiya mütəxəsisrləriylə yanaşı yerli mütəxəssislər cəlb olunub. İşlərin demək olar ki, böyük bir qismini həyata keçirən yerli iş icraçıları binadakı qurğuların sökülməsi işlərinə başlayıblar.
Xatırladaq ki, sürüşdürülmə prosesi binanın alt hissəsinə yerləşdirilən 210 ədəd hidravlik qurğunun köməyi ilə həyata keçirilib. Bina saatda 8 sm sürüşdürülüb.
Qeyd edək ki, adıçəkilən bina hələ 1908-ci ildə neft maqnatları İsa və Kazım bəy Hacınski qardaşları tərəfindən inşa olunub. Onun sürüşdürülməsində məqsəd tarixi memarlıq nümunəsi kimi qorunması və Füzuli küçəsinin genişləndirilməsidir.
Son xəbərlər
Son Xəbərlər