8 noyabr – Zəfər Günü münasibətilə Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon İcra Hakimiyyətinin qarşısında möhtəşəm bayram tədbiri keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, idarə və müəssisə rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirin bədii hissəsi Uverturanın səslənməsi və Zəfər ruhunu əks etdirən musiqi proqramı ilə başlanıb. Səhnəyə ilk olaraq Beynəlxalq Muğam Festivalı və Milli Muğam Müsabiqəsinin qalibi, Opera və Balet Teatrının solisti və Beyləqanlıların sevimlisi Mirəli Sarızadə çıxış edərək “Ana Yurdum” kompozisiyasını ifa edib. Ardınca Füzuli rayonundan bayram tədbirinə təşrif buyurmuş sevimli müğənni Seymur Hüseynov “Anam Azərbaycanım” mahnısı ilə səhnəni Zəfər sevincinin və Vətən sevgisinin səsi ilə doldurub. Musiqi proqramı boyu təqdim olunan hər bir ifa xalqımızın qələbə ruhunu, bu torpağa olan sevgisini və milli birliyini ifadə edib.
Beyləqan rayon Mədəniyyət Mərkəzinin solistləri və qonaq ifaçılar səhnəyə çıxaraq Vətənə, torpağa və Zəfərə həsr olunmuş kompozisiyalar səsləndiriblər. “Xudayar təsnifi”, “Heyratı” muğamı, “Qarabağ mahnısı” və digər musiqi nömrələri tədbirə xüsusi rəng qatıb. Yerli məktəblilərin təqdim etdiyi şeir kompozisiyası isə bayramın emosional və mənəvi yükünü daha da gücləndirib.
Tədbir “Qarabağ” şikəstəsi ilə yekunlaşıb. Hər bir nota, hər bir səs Vətən torpağı uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsini yad edir, xalqımızın qələbə qürurunu və əbədi azadlıq ruhunu səhnəyə daşıyırdı. Bu an bütün iştirakçılar üçün Zəfərin əzəməti, Qarabağın dönməz vətən torpağı olduğu gerçəyi ilə bir daha qəlblərdə yaşandı.













Son xəbərlər
Son Xəbərlər