“Bəziləri sanki ölkənin balaca Səhiyyə naziri olublar”

bezileri-sanki-olkenin-balaca-sehiyye-naziri-olublar
Oxunma sayı: 5024

“Bəzi özəl televiziyalarda şou proqramlara yenidən baxılmalıdır. Çünki bəzi aparıcılar sanki ölkənin balaca Səhiyyə naziri olublar”.

“Qafqazinfo” xəbər verir ki, bunu Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentdə komitə iclasında deyib.

O bildirib ki, aparıcılar həmin həkimi reklam edərək onun bir nömrəli həkim olduğunu vurğulayırlar: “Guya bu həkimdən yoxdur. Yanına getsəniz, sizi sağaldacaq. Hesab edirəm ki, bu məsələ qanunla tənzimlənməlidir. Bunun üçün “Reklam haqqında” qanuna baxılmalıdır. Yaxşı həkimin reklama ehtiyacı yoxdur. Bunu edənə tənqidi baxmaq lazımdır”.

Deputat Arzu Nağıyev də həkimlərlə bağlı məsələyə toxunub. O bildirib ki, televiziya və saytlarda özünü reklam edən həkimlər var: “Onlar hər əməliyyata qiymət qoyurlar. Lakin sonradan aydın olur ki, həmin əməliyyatı digər həkimlər daha ucuz qiymətə həyata keçirirlər. Hesab edirəm ki, bu məsələyə də aydınlıq gətirilməlidir”.

A. Nağıyev həmçinin çıxışında həm Tovuzda, həm də Gədəbəydə Ermənistan Silahlı Qüvvələri tərəfindən atəş altında saxlanılan torpaq sahələri  ilə bağlı problemə də toxunub: “ Bu baxımdan da insanlar orada kənd təsərrüfatı fəaliyyəti ilə məşğul ola bilmirlər. Bu da həmin əhali üçün böyük problemə çevrilir. Bununla bağlı ATƏT-in Minsk qrupuna müraciət etmək lazımdır ki, atəşkəs rejiminə əməl edilsin. Həmçinin təklif edərdim ki, Ermənistanla həmsərhəd olan həmin ərazilərdə iqtisadi zonaların yaradılması məsələsinə də baxılsın”.

Günel Türksoy