“Biz sevgimizi sosial mediada yaşamırıq” - Müsahibə

biz-sevgimizi-sosial-mediada-yasamiriq
Oxunma sayı: 1459

Gənc şair Qismətin həyat yoldaşı İlahə Əkbərin “Qafqazinfo”ya müsahibəsi: 

-    Qismətlə tanışlığınızın tarixçəsini bilmək istərdim. Geniş və təfsilatıyla...

–    Qismətlə 2010-cu ilin lap əvvəlində tanış olmuşuq. Onda mən hələ də jurnalist olmağa cəhd edirdim. Arabir yazılarım çıxırdı, bloq aparırdım. Beləcə, qiyabi tanış idik. Qismət Bakı haqqında bir yazımı bəyəndiyini demişdi. O vaxtlar onun “Bakı haqqında elegiya” şeiri məşhur idi deyə, bu mövzu onun “monopoliyasındaydı”. Sonra elə gətirdi ki, ortaq dostlarımız Jalə və Sevda İsmayılın açdığı “Etüd” art-kafesində qarşılaşmağa başladıq. İndi o kafenin yerləşdiyi binanı söküb yerinə qış parkı tikiblər. Mən arabir noutbukumu da götürüb işdən-gücdən, hər şeydən qaçır, ora sığınırdım. Qismət də Səlim Babullaoğlu, Zərdüşt, Elvin Bakiroğlu və başqa dostları, həmkarları ilə tez-tez ora gəlirdi. Ortaq mühit, ortaq dostlar. Beləcə, münasibətimiz başladı. Heyf Jalə ilə Sevdanın kafesi bağlandı, amma yəqin bizim tanış olmağımıza vasitəçi olduqları üçün təəssüflənmirlər.

–    Qızınız Dəfnədən əvvəlki və sonrakı Qismət arasında hansı fərqlər var?

–    Ümumiyyətlə, Qismət çox dəyişkən adam deyil. Məsələn, evliliyimizdən əvvəl necəydisə, sonra da elə qaldı. Yəni mən heç vaxt əvvəllər beləydin, indi başqa cürsən deyib şikayətlənməmişəm. Hətta bəzi cəhətlərini dəyişdirməyə də çalışmışam, ancaq alınmayıb. Elə bilirdim, Dəfnədən sonra da çox fərq görməyəcəm. Amma indi Qismətin nə qədər həssas, səksəkəli, narahat ola biləcəyini görürəm. Mənim ötəri yanaşdığım məsələlərə, Qismət daha ehtiyatlı yanaşır. İlk vaxtlar ümumiyyətlə yaxşı yata bilmirdi, az qalırdı gecələr səhərə qədər Dəfnəyə keşik çəksin. İkimiz də valideyn olmağa öyrəşirik, həm də Dəfnə atasına çox oxşayır, təsəvvür edirəm, adam hər dəfə özünün balaca versiyasına baxanda nələr hiss edir. 

–    Kənardan Qismət elə təsir bağışlayır ki, sanki heç bir iş görmür, sadəcə oturub kitab oxuyur. Bəs əslində, necədir?

–    Əlbəttə, əsas işi yazmaq, oxumaq, tərcümə etməkdir, amma başqa qayğıları da olur, fondun, saytın işləri, cürbəcür xahişlər edən qohumlar və s. İlk gündən çalışmışam ki, Qismətin ancaq öz işi ilə məşğul olmağı üçün şərait yaradım, məişət işlərinə qarışmasın. Bir növ Qisməti ərköyün öyrətmişəm deyə bilərəm. Yəqin feministlər bu davranışımı heç xoşlamazlar. Adətən, bizim evdə çox səs-küy eşitməzsiniz. Hərə sakitcə bir küncdə öz işini görür. Təbii ki, Dəfnə doğulandan bəzi şeylər dəyişdi, Qismət də istər-istəməz mənə kömək etməli olur. Amma Qismət yaxşı bazarlıq eləməyi sevir. O qədər sevir ki, onu bazarlığa tək qoymaq olmaz. Qənaət işlərinə mən nəzarət etməli oluram.

–    Birgə ədəbi işləriniz olur – deyək ki, siz tərcümə edirsiniz, o redaktə edir, yaxud birgə nələrisə çapa hazırlayırsız və s. Bu yaradıcı münasibətlərdə necə anlaşırsınız və ya bu proses necə baş verir?

–    Biz bir-birimizin yaxşı bildiyi sahələri nəzərə alırıq. Qismət hər şeydən məlumatlıdır, mən onun intellektual bazasına qeyd-şərtsiz etibar edirəm. Mən isə həm də əsas işimlə bağlı yazının səliqə-səhmanına qarşı həssasam, daim lüğətlərlə işləməli oluram. Reklam mətnlərinin yazarıyam və gördüyüm iş üzdə olduğu üçün səhvlər dərhal nəzərə çarpır. Odur ki, bu məsələdə hətta bir qədər paranoya yaranıb. Arada Qismətin yazılarına göz gəzdirib cəld gözümə dəyən səhvləri deyirəm, bir cümlənin, sözün tərcüməsində kömək edirəm, internetdə axtarış işləri də mənlikdir. O isə tərcümə etmək üçün əsərlər məsləhət görür, tərcümələrimdəki naqolay cümlələri düzəldir. Yəni məsləhətləşməkdən çəkinmirik. Amma təbii ki, bunu müdaxilə etmək və ağıl vermək səviyyəsində etmirik. 

–    Bu gün ədəbi mühitdə Qismətin məlum obrazı var. Siz onu hansı pillələrdə və mövqedə, ümumiyyətlə necə görmək istəyirsiniz?

–    Həmişə Qismətə deyirəm ki, hələ səni yetərincə dəyərləndirmirlər. Bəzən onu tanımayan, bir yazının üstündə necə işlədiyini, nə qədər oxuduğunu, hava işıqlaşana qədər araşdırdığını, ona nələrin əzab verdiyini bilməyən adamların onun haqqında  yazdıqlarını görürəm, təəccüblənirəm. Qismət heç vaxt rütbə arzusunda olmayıb. Onun üçün xoşbəxtlik sakitcə ən sevdiyi işlə, kitablarla məşğul olmaqdır. Məsələn, butik bir mətbəə açmağı arzulayır. Ən çox bunu reallaşdırmağını istərdim.

–    Sizə yazdığı şeirlər haqqında fikirlərinizi bilmək istərdim?

–    Arada Qismətə zarafatla deyirəm ki, hələ mənim üçün ən yaxşı şeirini yazmamısan. Ciddi olsaq, məncə, elə hər şey qədərində yaxşıdır. Bütün günü məni vəsf eləməyini gözləmirəm. Biz sevgimizi sosial mediada, hamının gözü önündə yaşayanlardan da deyilik ki, Qismət müntəzəm olaraq mənə şeirlər həsr edib paylaşsın. Amma yazdıqlarının hamısı dəyərlidir, məni təsvir eləyəndə nələri müşahidə elədiyini görə bilirəm. Məsələn, “Axtarış” şeirindəki bu misralarda özümü elə yaxşı tanıyıram ki: 

“Hərdən qalib olursan,
Söz güləşdirməyin yunan-roma növündə.
Qoç bürcünü yamsılayır baxışların...”

–    Qismətin ədəbi zövqü rəngarəngdir, siz bəs kimləri oxuyursunuz və Qismətin zövqü sizin ədəbi zövqünüzün formalaşmasında nə dərəcədə önəmlidir?

–    Qismət evdə elə kitabxana yaradıb ki, gözüyumulu əlimi atıb kitab oxumaq istəsəm, keyfiyyətsiz bir şey götürməyəcəyimdən əminəm. Mən belletristikanı, motivasiya ədəbiyyatını, ucuz detektivləri sevmirəm. Deyəsən, Qismət sayəsində son vaxtlar daha çox müasir dünya ədəbiyyatına, modernistlərə, postmodernistlərə yönəlmişəm. Tərcümə üçün axtarışda olanda qısa hekayələr oxuyuram. Təbii ki, Qismət qədər oxumuram. Amma arxayınam ki, bir gün qəfil onun qədər mütaliəli olmaq istəsəm, kitabxanam hazırdır. 

–    İstərdim ki, Qismətin bir şeirini şərh edəsiniz. Yəni hansısa bir şeiri hansı məziyyətinə görə sizcə uğurludur?

–    Məktəb illərindən bəri əsər şərh etməklə aram elə də yaxşı olmayıb. Bəlkə kimsə Qismətin yoldaşının da mütləq bu işdə pərgar olmalı olduğunu düşünə bilər. Ancaq özümü bacarmadığım işin bilicisi kimi göstərməyəcəm. Sizə sadəcə Qismətin ən sevdiyim şeirlərindən birinin adını çəkə bilərəm. “İyirmi üç” şeiri yazılanda mən də o yaşda idim. Qismət bu şeiri mənim yaşıma müraciətlə yazıb, çox xoşuma gələn tapıntıdır. Sonradan Qismət dedi ki, o vaxtlar şeirdə xitab formaları haqqında düşünürmüş, bu da həmin dövrün məhsuludur.

–    Qismətdən sonra dünya görüşünüzdə nələr dəyişib?

–    Bu sualı gözləyirdim. Yəqin bu münasibətdə dəyişən daha çox mən olmuşam. Və düzü, bu dəyişikliklərdən xoşum gəlir. Bəlkə klişe olacaq, ancaq Qismətlə tanış olanda yaşına görə o qədər yetkin rəftar edirdi ki, istər-istəməz özümü onun yanında böyük kimi aparmağa başladım. Ümumiyyətlə formalaşıb, özümü tapdığım dövr də Qismətin yanında keçib. Onunla tanışlığımızdan, bəri tərzim, davranışım, fikirlərim oturuşub. Bəzi xasiyyətlərim möhkəmlənib, bəzilərini süzgəcdən keçirmişəm. 

–    Şairlə bağlı maraqlı və yaddaqalan (gülməli) hansı xatirənizi bölüşmək istərdiniz?

–    Bir xatirə var, onu arabir yadıma salıb gülürəm. “Etüd” kafesinin işləyən vaxtları idi, bir-birimizi təzə tanımağa başlamışdıq. Sevda İsmayıl və başqa dostlarla bir masada oturmuşduq, Qismət isə səhv etmirəmsə, Səlim Babullaoğlu ilə yan masada. Qismətlə uzaqdan da olsa, salamlaşmadıq. Mən də düşündüm ki, görəsən niyə salam vermir. Eləmədim tənbəllik, söhbətimizin ortasına qəfil qalxdım ayağa, yaxınlaşdım və əlimi uzadıb “Salam!” dedim. O da elə çaşmışdı ki, heç yerindən qalxmadan salamlaşdı. Sonra qayıtdım yerimə. Hələ də niyə belə etdiyimi bilmirəm. Amma indi xatırlayıb gülürük.

–    Müşahidənizə görə Qisməti nə xoşbəxt edir?

–    Yaxşı bir kitabı almaq, yaxşı bir əsəri oxumaq, yaxşı bir filmə baxmaq. Ona görə arada mən də istədiyi kitabları gözaltılayıb müxtəlif bəhanələrlə hədiyyə edirəm. Bir də Qismət yaxşı yeməkdən zövq alır, əsl qurmandır. Xarici ölkələrdə və ya elə Bakıda əla yeməklər, içki təklif edən restoran kəşf edəndə sevinir. Adi vaxtlarda da onu dadlı yeməkdən məhrum etməməyə çalışıram. Dediyinə görə pis alınmır. 

–    Şair xanımı olmaq nə dərəcədə çətindir və əks mövqedən yanaşsaq üstün tərəfləri nədədir?

–    Bəlkə də xanımların gözləri qorxub. Düzdür, çətinliklər var, amma faciəyə çevirəcək bir şey də yoxdur. Sadəcə Qismətə istədiyi şəraiti yaratmaq, oxuyub-yazmaq vaxtına müdaxilə etməmək kifayət edir. Bircə arada Qismətin ard-arda tədbirləri olur. Həmin periodlara hələ də tam alışa bilməmişəm. Amma aramızda uzunmüddətli, çözülməyəcək problemlər yaşanmayıb. 

–    Qisməti tanıyana qədər beyninizdəki şair obrazı ilə Qismətin obrazı nə dərəcədə fərqli və oxşardır?

–    Düzünü desəm, Qisməti tanıyanadək beynimdə heç şair obrazı canlandırmamışdım. Axı mənim kimi praqmatik adamın yolunun bir şairlə kəsişəcəyini təsəvvür edə bilməzdi. Ona görə mənim üçün hər şey yeni və fərqlidir. 

–    Şairin xanımı şairin fanatı olmalıdırmı?

–    Fanat deyəndə ağlıma yeniyetmə qızlar gəlir. Şairlik Qismətin işi, fanatlıq isə işinin gətirdiyi şərtlərdən biri ola bilər. Bizim münasibətlərimiz heç başlanğıcdan belə olmayıb. Qismət şeir yazmasaydı da, onu sevərdim, ona indi duyduğum kimi heyranlıq duyardım. 

–    Bir az fanatlardan danışdıq, amma üstüörtülü... İcazə verirsinizsə dərinə gedək: şairi qısqandığınız, şeir bəhanəsi ilə canadaraşan, baxışlarına Yusif Səmədoğlu demiş “gəl məni apar”  yazılmış xanımlardan nə dərəcədə hifz edə bilirsiniz? 

–    Düzünü desəm, belə xanımlar çox gözümə dəymir. Uzaqbaşı sosial mediada rəyləri görürəm. Gözümə nəsə dəyənləri də Qismətin özünə göstərib zarafatla bir şərh verirəm. Vəssalam. Kiməsə şəxsən yazmaq, yazdığı şərhi layk edib göz dağı vermək, buna statuslar həsr etmək və s. müdafiə tədbirləri mənim üslubum deyil. 

–    Bayaq Qismətin bəs qədər qiymətləndirilməməyindən danışdınız. Arzulamırsınız ki, kaş gedə başqa ölkələrə, orda yaşaya, özünü lazımınca ifadə edə bilə?

–    Belə arzular hamıda olur. Ancaq məncə xarici ölkədə yaşamaq xatirinə kor-koranə bu yola çıxmaq düzgün deyil. Dil öyrənmək, orda öz işinlə məşğul ola biləcəyin şəraitin olacağından əmin olmaq lazımdır.  Bu cür hazırlıqlı gedərsə, Qismətin uğur qazanmaq potensialının varlığına inanıram.

–     Fərz edən Qismətin 50, ya 70 yaşı var. Və siz onun yaradıcılığına aid nə edərdiniz? Deyək ki, hansısa kitab, sənədli film, çarx və s. Və görəcəyiniz işinizdə onun hansı cəhətlərini və yaradıcı xüsusiyyətlərini qabartmaq yerinə düşərdi?

–    Əslində, hələ ki, belə şeyləri xoşlamıram. Mənə bir az pafoslu gəlir və həmişə bir qədər kinayə ilə baxıram.  20-30 il sonra fikrimin dəyişib-dəyişməyəcəyini isə bilmirəm.

–    Bayaq dediniz ki, praqmatik insanam. Qismətin bu qədər dünyanı görməsi, oxumasından sonra butik bir nəşriyyat açması fikri sizə qəribə, xırda bir arzu kimi görünmür ki?

–    Praqmatik olan mənəm, burda isə söhbət Qismətin özünü necə rahat hiss etməsindən gedir. Qoy hər şey onun arzuladığı kimi olsun.

–    İstəyərsizmi ki, qızınız Dəfnə də şair olsun, görünüşündə olduğu kimi sənətində də atasına oxşasın?

–    Şairliyi deyə bilmərəm, məncə, peşəsinə özü qərar verməlidir. Ancaq atası kimi çox oxumağını, kitabları sevməyini istəyərəm. 

–    Yazarların xanımları “özlərindən xəbərsiz” şeirlərə “hopurlar”, ədəbiyyat tarixinə düşürlər, xatırlanırlar. Heç bu səadət barədə düşünürsünüzmü, yoxsa belə şeylər sizin ağlınıza da gəlmir? 

–    Səadət çox pafoslu olmadı ki? (gülür) Məncə, tarixə düşməyim barədə danışmaq hələ tezdir, bunu heç düşünməmişəm. 

–    Azərbaycanın yeni dövr ədəbiyyatını izləyirsinizmi? Əgər izləyirsinizsə nələr və kimlər hansı cəhətlərinə görə sizə maraqlıdır?

–    Yalan deməyəcəm. Yeni dövr ədəbiyyatından nümunələrə nadir hallarda baxıram. Bütün gün işdə oluram, bir yandan da tərcümələr, ev qayğıları və s. Odur ki, vaxtım olanda bunu dünya ədəbiyyatından yana istifadə edirəm. 

–    Birgə xarici səfərlərinizdən danışaq... Siz neynirsiniz, o neynir?

–    Xaricə səfərlərimiz çox maraqlı keçir. Əvvəla həmişə yollarda oluruq, otel hovuzunun kənarından tərpənməyən cütlüklərdən deyilik. Hətta “istirahətdən” qayıdandan sonra o qədər yorğun oluruq ki, iki gün də əlavə istirahətə ehtiyacımız olur. Birlikdə çox əylənirik, tarixi yerləri, gözəl məkanları, restoranları kəşf etməyi xoşlayırıq. Alış-veriş də öz yerində. Mütləq getdiyimiz yerin məşhur alış-veriş məkanlarından birinə baş çəkirik. İstanbulda olanda isə Qismət gündə azı 2-3 saatını kitab dükanlarında keçirir. 

–    Qismətin danışıqsız qəbul olunan yaradıcı və insani keyfiyyətləri var və zaman-zaman o məqamlar xatırlanır, müsahibə ərzində siz də onlardan danışdınız. Oxucularda Qismət idealı formalaşmaması üçün şairin hansı kəm-kəsirindən danışmaq olar? (gülüş)

–    Qismət heç məişət adamı deyil. Beyni bir yandan Yaradıcılıq Fondunun işləri, bir yandan yaradıcılıq məsələləri ilə məşğul olduğu üçün digər xırdalıqlara yer qalmır. Məsələn, bir şey almaq lazımdırsa, onu gün ərzində mütləq yada salmalıyam. Yaxud bir iş indi həll oluna bilərsə, mən onu sonraya saxlamağı xoşlamıram, dərhal həll olunmağını istəyirəm. Qismət isə tələsmir. O, mənim tələskənliyimi, mən də onun rahatlığını pis xasiyyət hesab edirəm.

–    Yuxarıdakı cavablarınızın birindən belə başa düşdüm ki, imkan daxilində mütaliəyə vaxt ayırırsınız, müəyyən ədəbi zövq sahibisiniz. Məlumdur ki, Qismət nəsr əsərləri də yazır, hekayələr, roman və s. Qisməti nasir kimi təsəvvür edirsinizmi və düşünmürsünüz ki, Qismət nə yazır yazsın əzazil şairlik şöhrəti təzəcə doğulan nəsr əsərlərini elə beşiyindəcə boğub öldürəcək?

–    Düzü, mənə görə Qismət hələ də daha çox şairdir. Onu nasir kimi görməyim üçün bəlkə də şeirləri qədər uğurlu bir roman yazmalıdır. Amma bu məsələyə o qədər ciddi yanaşır ki, istədiyi romanı yazmaqdan ötrü çox vaxt tələb oluna bilər. Hamı kimi mən də gözləyirəm. 

Fərid Hüseyn