“Brilliant bacısının evlilik proqramına çıxdığından xəbərsizdir”

brilliant-bacisinin-evlilik-proqramina-cixdigindan-xebersizdir
Oxunma sayı: 6909

Xalq artisti Brilliant Dadaşovanın köməkçisi Seymur Zəkərəyev aktyor Rafael Dadaşovun sənətçinin ünvanına səsləndirdiyi ittihamlara cabab verib.

“Qafqazinfo”nun məlumatına görə, Seymur Zəkərəyev aznews.az-a açıqlamasında bildirib ki, B.Dadaşova bacısı Sədaqət Dadaşovanın “Zuhal Topalla İzdivac” verilişinə çıxmasından xəbərsizdir:

“Rafael müəllim ola bilsin ki, məlumatsızdır. Sədaqət xanım həmin verilişə özü gedib. Efirdə görüb, maraqlanıb və gedib. Burada qəbahət heç nə yoxdur. O da qadındır, orada həyatını qurmağa gedib”.

S.Zəkərəyev vurğulayıb ki, Sədaqət Dadaşovanın həmin verilişdə iştirakı yaradıcılıq baxımından müsbət qiymətləndirilməlidir:

“Sədaqət xanım karyerasına müğənni kimi başlayıb, uzun müddət Vaqif Mustafazadənin caz qrupunun üzvü olub, filmlərə çəkilib və “Yaşıl eynəkli adam”, “Səni axtarıram” tamaşasına çəkilib. Onun indi Türkiyəyə gedib həmin şouda iştirak etməsi yaradıcılıqq və ailə baxımından yeni bir həyata başlamasından xəbər verir. Ola bilsin ki, sənət, səhnə, film sahəsində uğur əldə etsin”.

Qeyd edək ki, Brilliant Dadaşovanın bacısı Sədaqət Dadaşova Türkiyənin “Fox” telekanalında yayımlanan “Zuhal Topalla İzdivac” proqramına qatılıb. Aktyor R.Dadaşov keçmiş həyat yoldaşı S.Dadaşovanın proqrama qatılmasında B.Dadaşovanı ittiham edib. O bildirib ki, S.Dadaşovanı Türkiyəyə bacısı B.Dadaşova göndərib.