Broker şirkətlərin qapısı bağlanıb... - Reportaj

broker-sirketlerin-qapisi-baglanib-
Oxunma sayı: 7078

Bir neçə gündür gömrükdə sahibkarlar üçün maneə yaradan “Transbroker” MMC-nin bağlanması barədə məlumatlar yayılırdı. 

“Qafqazinfo”nun əməkdaşları bu gün “Transbroker” MMC-nin yerləşdiyi ofisə baş çəkib. Şirkət rəsmisi olan Kamran adlı əməkdaş bildirib ki, onlar hələ rəsmən bağlanmasalar da, faktiki olaraq fəaliyyətsizdirlər: “Bir həftədən çoxdur heç bir sahibkar bizə müraciət etmir. Gömrüyün özündə də işlər dayanıb. Orada deyəsən, sistem yenilənməsi gedir. Bizim şirkətin də bağlanacağı barədə söhbətlər var. Amma dəqiq məsələ gələn həftə bilinəcək. Demək olar ki, heç bir iş görmürük, oturub gözləyirik”.

Şirkət əməkdaşı qeyd edib ki, hazırda rəhbərlik iclasdadır və gələcək taleləri müzakirə olunur: “Bizim şirkət o qədər də böyük deyil. Bizdə heç 150 işçi yoxdu. Amma məlumat yayılıb ki, 150 nəfər çıxarılıb. Bizi digər şirkətlə səhv salıblar. “Transbroker” MMC monopolist deyil, rəhbəri də Əbülfəz Məlikov deyil. Onun rəhbəri olduğu şirkət “Transervis” MMC-dir”.

Bu məlumatdan sonra “Transservis” MMC-nin axtarışına başladıq. Bu şirkətin iki ünvanı haqda məlumat əldə edə bildik. Mərkəzi Univermağın yaxınlığında yerləşən ofisləri artıq çoxdan boşaldılıb və orada heç kim yox idi.

İkinci bir ünvan isə Nəsimi rayonunda Dəmir Yol vağzalı ətrafında idi. Bu şirkəti həmin ünvanda axtara-axtara getdik və bizə Gömrük Komitəsinin Poçt Göndərişlərinə Nəzarət Şöbəsi məlumat verə biləcək mənbə kimi göstərildi. Orada “Əbülfəz müəllimgilin yeri” kimi təqdim etdikləri ofisin keçmiş çay zavodunun yaxınlığında olduğu deyildi. Biz də həmin ünvana üz tutduq.

Ətrafda olan polis əməkdaşından və sakinlərdən öyrəndik ki, dörd divarı kamera ilə təchiz edilən bir mərtəbəli obyekt Əbülfəz Məlikovun əsas ofisidir. Onların bazası isə ofisin arxasında yerləşən qarajdadır. Giriş qapısı da domofon kamera ilə təchiz edilən qapının zəngini basdığımızda əynində pijama və tərliklə qarşımıza çıxan hündürboylu adam sərt şəkildə bizi bura kimin göndərdiyini soruşdu. Sonra isə buranın “Transservis” olmadığını deyib qapını örtdü.

Qapını təkrar döydükdən sonra isə həmin şəxs rəsmi geyimdə qarşımıza çıxdı və “Transervis”in artıq burada olmadığını deyib, təkrar kənardan müəmmalı görünən “daxma”ya qayıtdı. Ərazidə olan polis əməkdaşı isə artıq “Transervis”in bağlandığını və bir neçə gün öncə buradna köçdüyünü bildirdi. İçəridə qalan adam isə onların mühafizəçisi kimi tanınır və bütün günü ofisin içində gözləyir.

Əbülfəz Məlikov isə bazada qalan mallarını “Meyvəli”dəki anbarına köçürüb.

Araşdırma zamanı bəlli oldu ki, “Transservis” MMC artıq bağlanıb və digər broker şirkətləri isə faktiki fəaliyyətsiz durumdadırlar.

Dövlət Gömrük Komitəsi isə sözügedən broker şirkətlərinin ləğvi haqda açıqlama verməyib, bu MMC-lərin müstəqil fəaliyyət göstərdiyini bildiriblər.

Murad Əhməd