“Bu başları xəncərlə vurmaq mümkün deyil”

bu-baslari-xencerle-vurmaq-mumkun-deyil
Oxunma sayı: 2427



Hələ uşaq ikən saysız-hesabsız nağıllara qulaq asmışdım. Bu nağıllardakı ən müxtəlif hadisələrdən sevinc və qorxu hissi keçirmişdim. Bədheybət divlərin, təpəgözlərin su üstündə məskən salmış, hər gün bir qurban tələb edən əjdahaların insanlığa qənim kəsilməsindən çox təsirlənmişdim.
Və hər dəfə də mənə elə gəlmişdi ki, bu əcaib məxluqlar yalnız insan kimi doğulmadıqlarından acığa düşmüş, öz heyf və qisaslarını bizdən yalnız buna görə çıxmaq istəmişdilər. Bütün kinim, nifrətim də nağıl qəhrəmanlarımın onları aldadıb tora saldıqları, yaxud bir qılınc zərbəsi ilə boyunlarını vurduqdan sonra bir andaca dağılmışdı. Dünyanı təmiz, təhlükəsiz, insanları və millətləri isə bir-birinə dost və qardaş sanmışdım. Çünki bizi belə tərbiyə etmişdilər, insanlığa məhəbbət ruhunda böyütmüşdülər. Ata-analarımız və ulularımız belə öyrətmişdilər bizi. “İnsan insana dost, yoldaş və qardaşdır” demişdilər. 
Biz də inanmışdıq və aldanmışdıq...

Neçənci dəfə?

Hər şey keçmişdə qaldı deyib, əjdahaya qucaq açdıq. Süfrəmizin başına keçirdik, ailələrimizə buraxdıq. Dost bilib çörəyimizi, torpağımızı bölüşdük.

Türk oğlu türkün qızıl qanı təkcə şərəfli döyüş meydanlarında deyil, həm də öz evinin içində, süfrəsinin başında, çox zaman yatağında xəyanətkar qonşuları tərəfindən töküldü.
Düşündük – keçmişdə qaldı...

Neçənci dəfə?

Yurd-yuvalarımız oda qalandı, mal-mülkümüz yağmalandı, qız-gəlinlərimiz əsir alındı, igidlərimiz xaincəsinə xəncərləndi. Özümüzə sığındıq, səsimizi çıxarmadıq, namusumuza xələl gələr deyə susduq, içimizdə çəkdik.

“Keçər dövran belə qalmaz,
Şad ol könül, nə məlulsan”
- deyib sazı köksümüzə sıxdıq. Belə yarandı xalqımızın kədər dolu türküləri, analarımızın fəryad edən laylaları, oxşamaları. Torpağımız bölündü – Arazı qınadıq, yurdumuz talandı, - dedik “yaxşı qorumadıq”. Özümüzə üsyan etdik...

Neçənci dəfə?

Özümüzü günahlandırdıq. “Biz musiqi və şeir sevənik” söylədik, itkilərimizə ağladıq. Muğamlarımızda
“Dünya cənnət olsa da 
yaddan çıxmaz Qarabağ!” 
- deyərək onu qəlbimizə, yaddaşlarımıza köçürdük. Ruhumuzu şikəstəyə köklədik...

Neçənci dəfə?

And içdik şəhidlərin ruhuna ki, daha düşmənin yağlı dilinə, timsah göz yaşlarına inanmayacağıq. “Əvvəl evin içi” deyib bir-birimizə arxa çevirməyəcəyik. Ermənilərin, tülkünün həccə getməsi sayaq “doğru yola gəlməsi” barədə yalanlarını “qozbeli qəbir düzəldər” həqiqətinə dəyişməyəcəyik.
Sizi bilmirəm, mən bu “anda” inanmaq istəyirəm. Əmin olmaq istəyirəm ki, tarixi 200 il əvvələ gedib çıxan bu qara yaranın kökünü birlikdə qazıyacağıq. Qədim türk torpaqlarında bu torpağın qanuni sahiblərinə qarşı çıxan, onların qanına susayan, imkan düşdükcə onu içməkdən doymayan, havadarlarının köməyi ilə öz tökdükləri türk qanının bahasını iddia edən, gerçək soyqırım törədərək onu başqalarının ayağına yazan, millət adına ləkə olan erməni millətçilərinin layiqli cavabını verəcəyik.
Bunu bizdən zaman tələb edir. Bunu bizdən öz canını müqəddəs savaşda vətən və torpaq naminə fəda edən igidlərimizin ruhu tələb edir. Bunu 100 il əvvəl Osmanlıda, eləcə də Azərbaycanda ermənilər tərəfindən törədilən qətliamlarda can verən həmvətənlərimizin, həmçinin ötən əsrin sonlarında Qarabağda yalnız azərbaycanlı olduqları üçün qətlə yetirilən vətən övladlarının narahat ruhları istəyir. Bunu bizdən öz doğma yurd-yuvalarından didərgin düşmüş, ermənilərdən fərqli olaraq yenə də özümüzə sığınan, qaçqın və köçkünlüyün ağrı-acısını üzərlərində daşıyan 1 milyondan artıq soydaşımız gözləyir. Bunu hər beş nəfər sakinindən biri bir gecədə qətlə yetirilmiş Xocalımız gözləyir.
O Xocalı ki, 22 ildir gözü yoldadır, 22 ildir erməni millətçilərinin çəkmələri altında inləyir, qarlı fevral gecəsində qanına qəltan edilmiş, meyitləri tanınmaz hala salınmış şəhidləri üçün göz yaşı tökür. Bu cinayətin şahidlərini, ölümün ağzından, girovluqdan və əsirlikdən qurtula bilmiş, lakin əzizlərinin və doğmalarının itkisindən, yurd həsrətindən hər gün yüz dəfə ölüb-dirilən sakinlərinin yolunu gözləyir. Qisas və intiqamının alınacağına inanır.

Xocalı haray çəkir...

Dünyanı, beynəlxalq təşkilatları, bəşəriyyəti səsləyir. “İnsanlıq əleyhinə cinayətə laqeyd qalma!”, “Təcavüzə son qoy!”, «Günahkarları cəzalandır!” deyir.

“1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri və 366-cı alayın Azərbaycanın Qarabağ bölgəsində yerləşən Xocalı şəhərinə hücumuna, dinc insanlara qarşı həyata keçirdiyi vəhşiliyə, vandalizmə, azərbaycanlıların soyqırımı aktına qiymət ver. Bəşəriyyət əleyhinə yönəlmiş erməni cinayətini tanı!”, “Xocalıya ədalət”ə çağır!

“Beynəlxalq hüququn prinsiplərini, Helsinki yekun aktının müddəalarını, BMT-nin AŞ-ın, ATƏT-in, İƏT-in qəbul etdiyi sənədlərin və qətnamələrin yerinə yetirilməsini təmin et, haqqın, ədalətin bərpa olunmasına töhfə ver!” – deyə car çəkir. 

Bu harayın eşidilməsi üçün Türkiyə və Azərbaycan daha artıq bir olmalı, ümumi hədəflərə doğru birgə irəliləməlidir. İqtisadi və hərbi gücümüz bu vəzifəni yerinə yetirməyə qadir hala gətirilməlidir. Diplomatiyamız müasir standartlara cavab verməli, təmkinli və müdrik olmalıdır. 

Daha doğrusu, ölkə prezidenti cənab İlham Əliyevin söylədiyi kimi, hücum taktikasına üstünlük verilməli, ruhlarımız ancaq cəngiyə və heyratıya köklənməlidir!

Çünki təpəgözlər və əjdahalar cildlərini çoxdan dəyişib, iblisə və buqələmuna çevriliblər.
İndi bu başları xəncərlə vurmaq mümkün deyil. Onlar artıq təkcə suyun deyil, həm də neft yataqlarının üstünü kəsdiriblər. Bunun üçün də erməniyə nəinki “bacı” deməyə, həm də yüngül həyat tərzi keçirməyə alışqan bir “bacı”nın əxlaqsızlığına göz yummağa da qadirdirlər. Təki onların işinə yarasın. Afrikanın şimalında olduğu kimi türk dünyası və Qafqazda da öz maraqlarını reallaşdıra bilsinlər. Özləri həm tarixi, həm də bu günlərimizdə soyqırım törədicisi olduqlarından ermənilərin haray-həşirlərinə səs verməklə tarix qarşısında günahların birgə ört-basdır etmək məqsədini güdürlər.

Bununla da regional proseslərdə əsas oyunçu olmaq üçün mənəvi haqlarını itiriblər.
Odur ki, biz yalnız gerçək siyasi, iqtisadi-mənəvi və hərbi sahədə birliyimiz sayəsində belə hallara qarşı dayana və düşmənlərimizə qalib gələ bilərik.

Yalnız bu halda mənim dünyaya göz açdığım Füzuli də daxil olmaqla işğal altında olan Qarabağımızı azad edə, Xocalının harayına çata bilərik.

P.S. Bu gün mənim doğma yurdum kimi, nağıl dünyam da tar-mar olub. Balaca qızım Nigara, yatmaq üçün olsa belə, nağıl danışmaq istəmirəm. Həm də artıq o zəmanə uşağıdır, nağıldan çox gerçək həyatdan öyrənir. Qoy gözüaçıq böyüsün. Dost və düşmənlərimizi daha yaxşı tanısın. İndi bizim belə bir gənc nəslə çox ehtiyacımız var.
Tanrı yollarını açıq eləsin.