“Bu dələduzluqda həmin qadına polis sevgilisi kömək edib”

“Bu dələduzluqda həmin qadına polis sevgilisi kömək edib”
Oxunma sayı: 6597

Bakıda qadın özünü Mənzil İnşaatı Dövlət Agentliyinin əməkdaşı kimi təqdim edərək dələduzluq edib. Bundan şikayətçi olan vətəndaş həmin qadına polis sevgilisinin kömək etdiyini, lakin həmin şəxsin istintaqa cəlb edilmədiyini iddia edir.

Tehranə Bağırova “Qafqazinfo”ya müraciət edərək bildirib ki, 2018-ci ildə Kərimova Könül Məzahir qızı sosial evlərdən onu mənzillə təmin edəcəyini vəd edərək 60 min manatını alıb: “Pulu alıb Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə getdi. Sonradan bildim ki, başqa iki nəfəri də eyni vədlə aldadıb və onlara 27 min 500 manat borcu varmış. Məndən aldığı pulla həmin şəxslərin pulunu qaytarıb, qalan 30 min manatı da sevgilisi olan Murad Sultanova verib. 

Murad Sultanov Nizami RPİ 24-cü Polis Bölməsinin təhqiqatçısıdır. Könülə bu işlərdə Murad kömək edib. Könül Kərimova cəzaçəkmə müəssisəsindən mənə göndərdiyi məktubda da bunu təsdiqləyib və 60 min manatın 30 min manatını Murad Sultanova verdiyini bildirib. O yazıb ki, Murad istintaqda onun adının çəkilməməsi şərti ilə Könülü azadlığa buraxdırmaq üçün kömək edəcəyini deyib. Könül də buna inanaraq Muradın adını çəkməyib və nəticədə 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Könül Kərimova ərizəsində qeyd edib ki, Murad Sultanov Binəqədi rayonunda müstəntiq işləyən Əli adlı dostu ilə birgə ondan cinayət işini həll etmək üçün 1500 manat pul alıblar”. 

T.Bağırovanın müraciətinə Daxili İşlər Nazirliyinin Daxili Təhqiqat İdarəsinin rəisi Sahib Mirzəyev məktubla cavab verərək bildirib ki, 2018-ci ildə Könül Kərimovanın yanıq xəsarəti alması ilə bağlı araşdırma aparıldıqdan sonra Nizami RPİ 24-cü Polis Bölməsinin təhqiqatçısı Murad Sultanovun onunla cəmiyyətdə qəbul olunmuş ailə-məişət normalarına zidd münasibət qurduğu üçün DİN-in müvafiq əmri ilə intizam məsuliyyətinə cəlb olunub: “Nizami rayon prokurorluğunda aparılan araşdırmanın nəticəsindən asılı olaraq Murad Sultanovun daxili işlər orqanlarında xidmətdə qalıb-qalmaması məsələsinə baxılacaq”.

T.Bağırova bildirir ki, onun M.Sultanov haqda şikayəti əvvəlcə Nizami rayon prokurorluğunda, daha sonra Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılsa da, məsələyə düzgün hüquqi qiymət verilməyib və M.Sultanov cinayət məsuliyyətindən kənarda qalıb.

Murad Əhməd






Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi