Bir neçə gündən sonra Azərbaycanın internet məkanında “APA TV” fəaliyyətə başlayacaq. Əslində bir aydan çoxdur ki, davam edən hazırlıq da məhz həmin gün üçündür. Ancaq bir məsələ var ki, “APA Holdinq” ailəsinin ən kiçik üzvü olan “APA TV” özünü sonbeşik kimi hiss etmir...
Biz də ailənin böyük qardaşı ilə yaxından tanış olmağa çalışdıq. Dəhlizdə sanki insan tıxacı vardı. Biri gəlir, biri gedir... APA TV-nin yeni siması və gənc dostumuz Jalə Məmmədli bizi xəbər otağı ilə tanış edir.
“Bilsəydim televiziya yaratmaq bu qədər çətin işdir...”
Nəhayət, APA Holdinqin prezidenti Vüsalə Mahirqızı ilə görüşürük. İki gündür APA TV-nin sınaq çəkilişlərini saatlarla izləyən rəhbərin üz-gözündə kosmetika əvəzinə yorğunluq daha çox diqqəti çəkir. Elə özü də televiziya işinin saytla müqayisədə çox çətin olduğunu deyir: “Televiziya yaratmaq çətin prosesdir. Təbii ki, söhbət professional televiziyadan gedir. Arada uşaqlara zarafatla deyirəm ki, bilsəydim bu qədər çətin işdir, girişməzdim. Hesab edirəm ki, böyük bir mərhələni geridə qoyduq. APA TV-nin heyəti ötən ilin dekabrından çalışır. Gələn həftə isə yayımda olmağı planlaşdırırıq”.
“Qısqanclıq və məhdudiyyət ola bilməz”
Bu gün izləyicilərin internetə axışdığını nəzərə alıb Vüsalə Mahirqızıdan televiziyaların saytlara uduzduğu bir məqamda APA TV-ni yaratma səbəbini soruşuruq. O isə vizuallığın çox önəmli olduğunu, hətta görüntü ilə yayılan xəbərlərin daha çox oxunduğunu və inanılmaz dərəcədə öndə olduğunu diqqətimizə çatdırır: “Oxucu həm də baxmaq istəyir. Biz xəbər televiziyası qurmaq istəyirik. Bilirik ki, internetdə ənənəvi televiziya qursaq, uğur qazana bilmərik. Biz hər saatda xəbərlər vermək və bacardıqca daha çox siyasi, ictimai, sosial müzakirələr aparmağı planlaşdırırq. Adamlarla açıq debatlar təşkil edəcəyik. Əlbəttə, bizim də əyləncəli verilişlərimiz olacaq, amma onların sayı çox azdır. Biz çalışmışıq ki, verilişlərimizin həcmi çox uzun olmasın. Kiçik 5 dəqiqəlik süjetlərimiz, reportajlarımız olacaq. O proqramlar ki, insanlar onları izləyəndə yorulmurlar. Çalışacağıq ki, APA TV-nin goruntüləri mobil telefonlarda və planşetlərdə izlənilsin. Ən əsası APA-nın resurslarından istifadə edəcəyik. APA Azərbaycanda ən çox bölgə və dünyada müxbir postları olan media qurumudur. Və təbii ki, biz o resursları cəlb edəcəyik. Ümid edirəm ki, yaxşı bir şeyə nail olacağıq”.
Elə APA-dan söz düşmüşkən, APA TV-yə tutulan iradlardan biri də məhz agentliyin xəbərlərinə üstünlük verməsidir, sanki APA TV APA-nın vizual formasıdır. Vüsalə Mahirqızı isə bu iradı müəyyən qədər qəbul etdiyini deyir: “Çünki APA TV yeni yaranıb və bu indiki halda belədir. Bu gün Azərbaycan televiziyalarını monitorinq eləsək elə böyük faizinin APA-nın xəbərlərindən istifadə etdiyini görərik. Başqaları verirsə, özümüz verəndə nə olurki? Biz APA-nı yaxşı mənada unudaraq fəaliyyətimizi davam edəcəyik. Gələcəkdə isə televiziyada təkcə APA-dan deyil, bütün informasiya vasitələrindən istinadla istifadə ediləcək. Mən xüsusi təlimat vermişəm ki, bu məqamda qısqanclıq və məhdudiyyət ola bilməz. Əlbəttə, daha çox çalışacağıq ki, APA TV-nin orijinal xəbərləri olsun”.
“APA TV-də maaş necə olacaq?”
APA TV-də çalışan bir çox məşhur imza və simalar hamımıza tanışdır. Bu məşhurları teleməkandan internet mediayaya gətirmək o qədər də asan deyil və gəlirik əsas məsələyə, əməkdaşların maaşına. Bu gün media sahəsində çalışanlar bilir ki, televiziyada əmək haqları çox aşağıdır. Vüsalə Mahirqızıdan APA TV-də əmək haqqlarının necə olacağını soruşuruq?
“Biz ümumiyyətlə media holdinq olaraq çalışırıq ki, əməkdaşlarımıza standartların üstündə maaş verək. Adamların maaşını açıqlamaq etik olmaz. Hesab edirəm ki, əgər başqa TV-lərin əməkdaşları bizimlədirlərsə, deməli, biz onları iqtisadi cəhətdən maraqlandırmışıq ki, gəliblər”.
ANS məktəbinin rəqibi APA TV
Vüsalə xanım APA TV-də təkcə tanınmış ulduzların deyil, eləcə də yeni simaların olacağını vurğulayır: “Media qurumunun işi hazır ulduzlardan istifadə etmək deyil, həm də ulduz yaratmaqdır. Elə əməkdaşlarımız var ki, ümumiyyətlə ilk dəfə burda efirə çıxacaqlar. Bir müddət sonra bizim fikrimiz var ki, laboratoriya yaradaq və APA TV-də olan ulduz jurnalistlər gənclərə dərs desinlər. Daha sonra isə həmin gənclərdən istifadə edəcəyik” .
“Oxucu sədaqətlidir, o vaxta kimi ki, sən onu yanıltmayasan”
Vüsalə xanımla daha sonra auditoriya barəsində danışırıq, yeni TV-nin izləyicilərinin onları qane etməsi ilə maraqlanırıq. O isə auditoriya qazanmağın ən yaxşı yolunun baş verən situasiyada daha yaxşı işləmək olduğunu deyir: “Bu zaman tamaşaçı özü sənə doğru gəlir. Sən tamaşaçını individual inandırmısansa, heç bir rəqibin səndən onu döndərə bilməz. Əgər o, istədiyi zamanda ehtiyacı olduğu informasiyanı səndə tapırsa, onun görmək istədiyini görürsə, artıq əleyhinizə olan heç bir rəqabət, PR onu səndən döndərə bilməz. Oxucu çox sədaqətlidir, o vaxta kimi ki sən onu yanıltmayasan”.
Eldəniz Vəliyev balansı qoruyacaqlarını deyir
Prezidentdən sonra təbii ki, gözümüz APA TV-nin baş direktoru Eldəniz Vəliyevi axtarır. ANS-dən bizə tanış olan teleaparıcı ilə söhbətə elə keçmiş iş yerindən başlayırıq. ANS-də gördüyü işlərdən məmnun olduğunu deyən Eldəniz Vəliyev üzərinə düşən missiyanın müəyyən hissəsini yerinə yetirdiyini bildirir: “Amma APA TV-də fərqli mühit, geniş şərait və daha çox sərbəstlik var. Burda həm də deyə biləcəyimiz sözün məsuliyyətini həm yaş baxımından, həm də dəyişmiş dəyərlər baxımından daha yaxşı anlayıram. Bir az yaşın da təsiri var. İndi jurnalistikaya daha başqa formada başlamaq istəyirəm”.
Bu zaman Eldəniz Vəliyevə deyirəm ki, elə APA TV-də başqa formada, rəhbər kimi başlamısız da... O isə deyir ki, əsas üstünlüyü rəhbər yox, jurnalist olmasıdır: “Mənim də verilişlərim olacaq. Administrativ işlərdən heç xoşum gəlməyib, çünki yaradıcılıq işlərinə kölgə salır. Əgər bu gün bu məsuliyəti üzərimə qoyublarsa, etimad göstəriblərsə, bu missiyanı da yerinə yetirəcəyəm. Çalışacam ki, jurnalist kimi fəaliyyətimdən kənarda qalmayım, mənə verilmiş bu fürsəti, azadlığı, normal şəraiti lazımınca dəyərləndirim.
“Real” Madridlə APA-nı birləşdirən ulduzlar
Baş direktordan APA TV-nin hansı cəhətdən rəqiblərini üstələyəcəyi ilə maraqlanırıq. O, çox yaxşı proyektlərinin olduqlarını diqqətimizə çatdırır: “Məqsədimiz nəyi, necə verməkdir.Yanaşmamızda fərqlər var, proyektlərimiz digər televiziyalardakına bənzəsə də, yanaşma formatımız açıq-aşkar başqa cür olacaq. İstər xəbər olsun, istər layihələrdə balansı qoruyacağıq. İctimai maraq kəsb edən istənilən mövzuya prioritet xəbər kimi baxacağıq. Hansısa şəxsin maraqlarına yox, məhz tamaşaçı maraqlarına xidmət edəcəyik və peşəkar jurnalistikanın qaydaları əsasında işləyəcəyik”.
“Biz buranın həm fəhləsi, həm müdiri, həm də əməkdaşıyıq”
Bir az da APA TV-də olan ulduzlardan danışırıq. Eldəniz bəyə Ulduz yığıncağının həmişə müsbət nəticə vermədiyini deyirik, o isə çox maraqlı müqayisə aparır: “Mən həmişə “Real” Madrid hansısa kluba uduzanda fikirləşirdim ki, ən böyük səhv, bəlkə də, orda daha çox ulduzun olmasındadır. Çox güman ki, ona görə hamı özündən daha çox razıdır, hamı özünün qol vurmaq potensialını daha çox qiymətləndirir və başqasını görə bilmir. Sizi inandırım ki, burda tamam başqa situasiyadır. Biz birinci ulduzlara irad tuturuq ki, gənclər bunu görsünlər. Ulduz hesab etdiyiniz adamlar buranın həm fəhləsi, həm müdiri, həm də əməkdaşlarıdır. Buranı bir nəfər idarə etmir”.
Eldəniz Vəliyev APA TV-də xəbərlərin “Euronews” stilində olacağını da deyir: “Bizim üstünlüyümüz odur ki, ana xəbər proqramında aparıcımız oxumayacaq, danışacaq. İkinci aydır ki, Nəsimi Nəbizadə bunun üzərində işləyir və o, yorum verəcək”.
Ürək adamı Nəsimi Nəbizadə
Elə bu məqamda APA TV-nin ana xəbər buraxılışının spikeri, bizim isə AzTV-dən diktor kimi tanıdığımız Nəsimi Nəbizadəni görürük. Elə ilk sualımız da diktorloqdan yeni xəbər aparıcısına keçidlə bağlı olur:
“Azərbaycanda xəbər təqdimatları standartlaşıb, biz isə fərqli təqdimatda tamamilə başqa bir şey edəcəyik. Tamaşaçılar isə uzun illərdir gördükləri Nəsimi Nəbizadəni deyil, başqa Nəsimini görəcəklər. Sevinirəm ki, potensialımı xərcləməmişəm, saxlamışam. Tərzimi dəyişməyimə gəlincə isə mənim üçün çətin deyil. Hər bir insan üçün özü olmaq daha asandır, nəinki başqa bir süni tərzdə çıxış eləmək”.
Nəsimi Nəbizadə əvvəlllər televiziyaya qaytmaq fikrinin olmadığını, lakin APA TV-dən gələn təklifin səmimi olduğuna inanıb geri döndüyünü qeyd edir: “APA TV-dən çox səmimi dəvət gəldi, mən də ürək adamıyam. Səmimi insanların arasında özümü çox yaxşı hiss edirəm. Təzə qurulan bir yerdir, qəlibləşmiş bir yerə uyğunlaşmaqdansa, sıfırdan başlamaq daha yaxşıdır”.
Yaradıcılıq Şurasının sədri İlqar Əlfi isə APA TV-nin xalqa bir addım yaxın olacağını söyləyir: “Bizim balaca APA TV-də mənəm-mənəm deyən bütün kanalların həsəd aparacağı yaradıcı kollektiv var. Burda çalışan insnaların hər biri böyük televiziya şirkətinin bəzəyi olan insanlardır.Bizim verilişlərin 70 faizi canlı olacaq”.
“Azərbaycanda baş prodüserlik çərçivədədir”
Neçə ildir APA-da çalışan, “Eurovision” müsabiqəsində ən azı təmsilçilərimiz qədər tanınan APA TV-nin baş prodüseri Ülkər Qasımova isə APA-nın 2004-cü ildə yanadığı vaxtadan indiyə kimi hər zaman seçildiyini deyir: “Əminəm ki, bu layihə də APA-nın digər layihələri kimi seçiləcək. Əslində Vüsalə xanım baş prodüserlik təklifini irəli sürəndə səlahiyyətlərimdən xəbərsiz idim, amma APA-da istənilən vəzifədə çalışa bilərəm, çünki bura mənə çox əzizdir. Hələ ki, səlahiyyətlərimi bilsəm də, daha da yaxşı öyrənməyə çalışıram. Azərbaycanda baş prodüserlik çərçivədədir, mən isə o çərçivədən kənara çıxmaq üçün digər ölkələrdə bu vəzifənin necə idarə olunması barəsində maraqlanıram. Sözsüz ki, yeni yaranan televiziyada bu vəzifəsini icra etmək məsuliyyətdir”.
İndi isə APA TV-nin ən gənc müxbirindən sizə danışmaq istəyirəm, orada olduğumuz bir saat müddətində Jalə Məmmədlinin ancaq qaçdığını gördüm, gah xəbər otağı, gah da montaj otağına gedirdi. O isə APA TV-yə gəlişini belə danışır: “Televiziya bizim gözümüzün qarşısında yaradılır. Bunun necə çətin iş olduğunu görürəm, çox məsuliyyətlidir. Rəhbərliyin bizdən gözləntiləri çox olduğu üçün daha da əzmlə çalışırıq. Təbii ki, APA TV-nin ilk müxbirləri kimi çox şanslıyıq. Hələ öyrənirəm və hər şeyin yaxşı olması üçün əlimdən gələni edirəm”.
Bu yeni APA-çılara uğurlar arzulayıb ayrılıram. Və ürəkdən arzu edirəm ki, tezliklə televizorumun pultunu əlimə götürüb kanalı APA TV-yə çevirə bilim...
Günel Əbilova