“Bunu sübuta yetirən video lentlər var”

bunu-subuta-yetiren-video-lentler-var
Oxunma sayı: 716

Lalə Əfəndiyevaya belə bir ittihamın elan edilməsinə 2012-ci il noyabrın 20-dən Azərbaycan Kinematoqrafçılar İttifaqında aparılan yoxlama səbəb olub. Yoxlama 2009-cu il iyunun 1-dən 2012-ci il yanvarın 1-dək olan dövrü əhatə edir. Nazirliyin 2013-cü il yanvarın 16-da yaydığı rəsmi məlumatda deyilir ki, yoxlama nəticəsində vergi orqanına bəyannamə təqdim olunmamaqla xeyli miqdarda – 12373,56 manat məbləğində vergilərin dövlət büdcəsinə ödənilmədiyi aşkarlanıb.

Fakt üzrə 2012-ci il dekabrın 27-də Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə cinayət işi başlanıb. Cinayət Məcəlləsinin bu maddəsi xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma haqqındadır. Bu maddə 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 1000 manatdan 2000 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur.

Vergilər Nazirliyinin 2013-cü il yanvarın 16-da yaydığı məlumatda bildirilir: “İbtidai istintaq zamanı departamentin İstintaq İdarəsində toplanmış materiallara əsasən müəyyən edilib ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı tərəfindən 2009-cu ildə XI “Şərq-Qərb” Bakı beynəlxalq kinofestivalının keçirilməsi üçün Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ayrılmış 330000,00 manat pul vəsaitindən 267130,00 manatı nağd qaydada kinofestivalın xərclərinin ödənilməsi məqsədilə təhtəlhesab şəxslərə verilib. İstintaqın gedişində ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsi araşdırılarkən müəyyən olunub ki, nəqliyyat vasitələrinin ittifaqa icarəyə verilməsi barədə sənədlər tərtib olunmaqla 22000,00 manat məbləğində pul vəsaiti talanıb. Toplanmış materiallarla fakt təsdiq edildiyindən Kinematoqrafçılar İttifaqının rəhbərliyi tərəfindən festivalın keçirilməsi üzrə ictimai əsaslarla səlahiyyətli nümayəndə təyin olunmuş Əfəndiyevaya Lalə Kamil qızına Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə ittiham elan olunub. Hazırda cinayət işi üzrə araşdırma davam etdirilir”.

Yanvarın 22-də “Media forum” saytına açıqlamasında Lalə Əfəndiyeva deyib ki, cinayət işi ilə bağlı bir dəfə istintaqa ifadə verib: “Vergi nümayəndələri iddia edirlər ki, 2009-cu ildə keçirilən “Şərq-Qərb” kino festivalı zamanı Azərbaycana gəlmiş 125 nəfər qonaq ölkədə piyada gəzib. Bu, tamamilə əsassız iddiadır. Çünki qonaqları gəzdirmək üçün firma ilə müqavilə bağlanıb, ödənişlər edilib, qəbzlər alınıb. Bunu sübuta yetirən bütün sənədlər, video lentlər var, hətta avtomobillərin nömrələri də foto və video kadrlara düşüb. İndi bizə deyirlər ki, həmin avtomobilləri, onların sürücülərini də tapın. Biz də avtomobillərin bir neçəsini tapmışıq. Bu istiqamətdə araşdırmalarımız davam edir”.

Lalə Əfəndiyeva vurğulayıb ki, ittiham əsassızdır və o özünü günahkar saymır. O, istintaqın onun ölkədən çıxmasına qadağa qoyduğunu da bildirib.

Cinayət işinə başlanmasının ittifaqın sədri Rüstəm İbrahimbəyovun hakimiyyət əleyhinə çıxışları ilə bağlı olub-olmadığına gəlincə, Lalə Əfəndiyeva bu barədə fikir bildirməyib: “Bunu deyə bilmərəm. Hazırda iş gedir, görək nəticəsi necə olacaq”.

Lalə Əfəndiyeva qeyd edib ki, Kinematoqrafçılar İttifaqının üzvü kimi qalır: “İttifaqın işlərində fəal iştirak edirəm. Bir yana getmək niyyətim yoxdur”.

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov da Vergilər Nazirliyinin irəli sürdüyü ittihamları əsassız sayır. O, yanvarın 16-da “Media forum” saytına müsahibəsində deyib ki, hakimiyyət belə təzyiqlər vasitəsilə onu susdurmaq istəyir: “Vergi nümayəndələri ittifaqı iki dəfə yoxlayıblar və hər hansı qanun pozuntusu, cinayət əməli olmadığına dair akt tərtib ediblər. İndi isə əsassız cinayət işi qaldırıblar. Məqsəd məni susdurmaqdır. Amma mən susmayacam”.