“Layihənin müvafiq komitənin iclasında müzakirəsindən sonra bəzi informasiya resurslarında əsassız və qərəzli şərhlər, ictimai rəyin çaşdırılmasına xidmət edən manipulyativ yanaşmalar yer alıb”.
“Qafqazinfo” xəbər verir ki, bunu millət vəkili Elçin Mirzəbəyli Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində keçirilən bugünki iclasında “Psixiatriya yardımı haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Deputat qeyd edib ki, layihədə heç bir halda prokurora vətəndaşı psixiatriya xəstəxanasına yatırmaq səlahiyyəti verilmir: “Söhbət yalnız barəsində inzibati xəta işi aparılan və aqressiv davranışı ilə təhlükə yaradan şəxsin ilkin psixiatriya müayinəsindən keçirilməsi barədə qərardan gedir. Prokurorun və ya digər səlahiyyətli vəzifəli şəxsin müraciəti yalnız həkim-psixiatrın rəyi əsasında reallaşa bilər. Tibbi diaqnozu hüquq-mühafizə orqanları deyil, müstəqil tibbi heyət və həkim komissiyası müəyyən edir. Tibbi zərurət olmadığı halda isə proses dərhal dayandırılır.
Qanunun qüvvədə olan və dəyişdirilməyən imperativ normasına əsasən, qeyri-könüllü müayinənin aparılması barədə ərizə və ya qərar, habelə aidiyyəti materiallar müəssisə rəhbərliyi tərəfindən məhkəməyə təqdim olunur və bütün hallarda yekun qərarı məhkəmə verir. Bu baxımdan layihəni “təzyiq aləti” kimi təqdim etmək qərəzli yanaşmadan qaynaqlanır. Layihədə psixi pozuntusu olan şəxslərin məlumatlarının, eləcə də müalicədən imtina hallarının vahid elektron sağlamlıq kartı sistemində saxlanılması təklif olunur. Bununla yanaşı, mühüm prosessual yenilik kimi, xəstə barədə məlumatların onun qanuni nümayəndəsinə yazılı müraciətdən sonra iki iş günü ərzində təqdim olunması öhdəliyi müəyyən edilir.
Bu norma Konstitusiyanın 32-ci maddəsində təsbit olunmuş şəxsi toxunulmazlıq və məlumat azadlığı hüququnun təminatlarını gücləndirməklə yanaşı, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın şəxsi həyatın toxunulmazlığına dair 8-ci maddəsinin tələblərinə də tam uyğundur.
Avropa İnsan Hüquqları Məhkəməsinin president hüquqlu “L.M. Latviyaya qarşı” işində vurğulanır ki, dövlətlər pasiyentin tibbi iradəsinin şəffaf və sonradan dəyişdirilməsi mümkün olmayan təhlükəsiz sistemlərdə saxlanılmasını təmin etməlidirlər. Elektron sistem məlumatlarda tarixin dəyişdirilməsi riskini də aradan qaldırır. Layihədə nəzərdə tutulan iki iş günü müddəti isə bürokratik gecikmələrin qarşısını almaqla pasiyentin yaxınlarının məlumat əldə etmək hüququnun operativ və effektiv şəkildə həyata keçirilməsinə xidmət edir”.
Millət vəkili əlavə edib ki, pasiyentin məlumat əldə etmək hüququnun yalnız onun özünün və ya digər şəxslərin təhlükəsizliyi naminə məhdudlaşdırılması isə İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 8-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulan legitim məhdudiyyət meyarlarına tam cavab verir: “Yeni əlavəyə əsasən, barəsində inzibati xəta işi aparılan və gecikdirilməsi təhlükə yarada biləcək şəxslər prokurorun və ya səlahiyyətli orqanın qərarı ilə razılığı olmadan psixiatriya müayinəsinə cəlb edilə bilərlər. Bu norma Konstitusiyanın insan ləyaqətinin qorunması və hüquqların məhdudlaşdırılmasının qanuni əsasları ilə bağlı müddəalarına söykənir və dövlətin vətəndaşların həyatını və sağlamlığını qorumaq öhdəliyindən irəli gəlir.
Avropa İnsan Hüquqları Məhkəməsinin beynəlxalq hüquqda baza standartlarından biri hesab olunan “Winterwerp Niderlanda qarşı” qərarında qeyri-könüllü tibbi müdaxilə üçün konkret meyarlar müəyyən edilib. Həmin qərara görə, şəxsin psixi vəziyyəti obyektiv tibbi ekspertiza ilə təsdiqlənməli və bu vəziyyət ətrafdakılar üçün real təhlükə yaratması əsas götürülməlidir. Təklif olunan 19.2-1-ci maddə də məhz “özünün və ya başqalarının həyat və sağlamlığına təhlükə yaratması” şərtini imperativ norma kimi müəyyən etməklə istinad etdiyim beynəlxalq standartı tam şəkildə əks etdirir.
Layihədə məcburi stasionar müalicəyə cəlb edilmiş şəxslərin digər adi pasiyentlərdən təcrid olunmaqla müalicəsinin və müvafiq rejim qaydalarının təmin edilməsi də nəzərdə tutulur. Konstitusiyanın 28-ci maddəsi azadlıq hüququnu təmin etsə də, qanunla müəyyən edilmiş hallarda onun məhdudlaşdırılmasına yol verir. Burada söhbət cəzalandırmadan deyil, digər pasiyentlərin Konstitusiyanın 27-ci maddəsində təsbit olunmuş yaşamaq hüququnun və 41-ci maddəsində nəzərdə tutulan sağlamlığın qorunması hüququnun müdafiəsindən gedir.
İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsi formalaşdırdığı hüquqi mövqe tələb edir ki, psixiatriya müəssisələrində saxlanma şəraiti terapevtik məqsədlərə xidmət etsin. Cinayət törətmiş və ya yüksək aqressiv davranış nümayiş etdirən şəxslərin adi pasiyentlərlə birlikdə saxlanılması digər vətəndaşların təhlükəsizliyi üçün risk yarada bilər”.
Nuranə Daxilqızı