Burada homoseksualların öz rayonu var - Reportaj

burada-homoseksuallarin-oz-rayonu-var-
Oxunma sayı: 8191

II hissə

Birinci hissənin linki: http://www.qafqazinfo.az/medeniyyet-10/ilk-defe-parisde-fransa-gorunduyu-kimi-deyilmis-122556

“Sex shop” mağazalarından tutmuş...

Reportajımın birinci hissəsində qeyd etdiyim kimi Fransız ənənəsinə sadiq qalıb, icarəyə götürdüyümüz velosipedlərlə LGBT insanlarının yaşadığı Le Marais rayonuna yollandıq.

Elə rayonun girəcəyində də şoka düşdüm. İki oğlanın sevgisinə çox normal baxsam da küçənin girişində gördüyüm hadisə məni şoka saldı. Beləliklə iki gənc oğlan elə rayonun girəcəyində dodaq-dodağa öpüşürdü. Biri digərini ətrafdakı maşına söykəyib öpürdü. Ona görə şokda idim ki, bu hadisə küçənin ortasında baş verirdi. Lakin buna baxmayaraq nə onları daşlayan vardı, nə də ki, söyən...

Fransızlar donub qaldığımı görəndə qolumdan dartıb apardılar. Dedilər ki, öpüşən iki adama belə marıtlayıb uzun-uzadı baxmaq ayıbdır. Başımı yolun digər tərəfinə çevirmişdim ki, qarşıdakı qızın LGBT rəngli zontiki diqqətimi çəkdi. Bir neçə addım qabaqda isə “sex shop” mağazaları sıraya düzülmüşdü. Ardınca isə LGBT insanlarının şirniyyat mağazası vardı. Maraqlısı o idi ki, şirniyyat mağazasında satılan çörək və bir çox şirniyyatların əksəriyyəti penis formasında hazırlanmışdı. Homoseksualların əksəriyyəti də bu fiqurda hazırlanmış çörəkdən çəkinmədən alıb yeyirdilər. Bir sözlə küçə boyu uzanan barların önündə öpüşən iki qızı, başqa barın qarşısında qucaqlaşan iki oğlanı görəndə və bu hadisələr beləcə təkrarlananda, insanların da buna çox normal yanaşdığının gözlərimlə şahidi olanda şoka düşməyə bilmirdim. Özlüyümdə “İlahi bunlar nə qədər inkişaf edib”, “bu qədərimi də olar?” deyə-deyə rayonu tərk etdim. Çox qala bilməzdim, ölkəmdə belə bir mühitin olmadığı üçün heyfislənirdim.

Fransada 24 saat işləyən market yoxdur

Hava qaralmışdı. Artıq marketlərin çoxu bağlanmışdı. Fransızlar deyirdi ki, burada 24 saat işləyən market tapmaq olmaz. Nəinki marketlər, eləcə də kafelər, restoranlar, barlar da 24 saat işləmirdi. Onlar ən uzağı gecə saat 4-ə kimi işləyirdi. Belə uzun saat işləyənlərin də sayı azlıq təşkil edirdi. Çünki çox saat işləyən obyektlər dövlətə çox vergi ödəməli olurlar. Bu baxımdan da obyektlər iş saatını həddən artıq az edirlər.
Elə bu baxımdan Parisin gecə həyatı bir o qədər də maraqlı olmur. Barların gecə saatlarda çox işləmədiyini nəzərə alan gənclər küçələrdə, çay kənarında pikniklər edirlər. Aldıqları içkiləri çayın kənarına qoyub, oynayır, deyir, gülür, şənlənir, qucaqlaşır, öpüşürlər.

Marixuananı kafedə də çəkirlər

Burada gənclər arasında marixuana həddən artıq yayılıb. Elə çay kənarında piknik edənlərin də əksəıriyyəti marixuana çəkirdi. Marixuananı isə daha çox qaradərililər satır. İnsanlar kafelərdə belə marixuana çəkməkdən çəkinmirlər. Demək olar ki, hər 50 metrdən bir marixuana çəkənə rast gəlmək olur. Fransızlar deyir ki, buna görə polis insanları həbs etmir. Polis üzərində marixuana aşkarladığı adamı ya cərimə edir, ya da marixuanasını alıb danlayır, sonra da buraxır. Yalnız yüksək dozada narkotik satanlar haqda ciddi ölçü götürülür.

Teatrda canlı seks...

Fransada ən böyük teatr festivalları “Avinyon” və “Oriak”dır. Bu festivallar dünyada məşhurdur. Hər il bu festivallara dünyanın bir çox ölkələrindən insanlar qatılır. Eyni zamanda başqa ölkələrin teatrları da bu festivala qatılır. Parisdə isə teatr həddən artıq inkişaf edib. Həm Paris teatrlarında həm də adını çəkdiyim iki festivalda çox fərqli tamaşalar nümayiş olunur. Fransızlar deyir ki, belə festivallarda ən çox yer verilən tamaşalar daha çox 18+ olur. Hələ festivallardan kənar olaraq Parisin gecə teatrları var ki, orada səhnədə canlı seks nümayiş olunur. Belə tamaşaların biletləri digərlərinə nisbətdə baha olur. Misal üçün canlı seks nümayiş olunan tamaşada arxa sıralardakı yerlərə olan biletlərin qiyməti 50 eurodan, qabaq sıralardakı yerlərin biletlərinin qiyməti 100 eurodan baha olur. Fransada belə mövzular normal qarşılansa da bu tip tamaşalara insanlar tərəfindən tələbat çoxdur. Fransızlar belə tamaşalara yüksək mədəniyyət nümunəsi kimi baxırlar. Hətta “Oriak” küçə teatrı festivalında baxdığım bir tamaşa da məni şoka salmışdı. Həmin tamaşanı Alman teatrı nümayiş etdirirdi. Oriak şəhərinin meriyası bu teatrı festivala dəvət etmişdi. Tamaşada böyük bir dayaq var və varlı şəxslər həmin dayağın üzərində dayanır. Əvvəlcə onlar çox normal olurlar. Daha sonra varlandıqca çoxlu yeyir, içir və həddən artıq böyüyürlər. Sonra xaos yaratmağa başlayır, sekslə məşğul olurlar. Və nəticədə üzərində durduqları dayaq çökür. Bu tamaşaya 500-dən çox insan baxmağa gəlmişdi və hər kəs aktyorları alqışlarla yola saldılar.

Bitməyən Paris təəssüratları...

Bir sözlə Fransa təəssüratlarımı nə qədər yazsam da iki hissəli reportaja sığdıra bilmirəm. Ancaq əsas məsələ ondadır ki, 20 gün qaldığım bir ölkənin gördüyüm yaxşı və pis tərəflərini sizlərə çatdırmaq istədim. Avropa sürətlə inkişaf etsə də, buranın çöx gözəl mədəniyyəti, saysız-hesabsız teatrları olsa da bəzi problemləri də var. Yəni filmlərdən baxdığımız, qəzetlərdən oxuduğumuz kimi deyil. Ən əsası düşündüyümüz kimi də deyil. Danışmağa, yazmağa nə var ki. Özünüz görün avropanı, nəyin yaxşı, nəyin pis olduğunu özünüz qərar verin. Biz göstərməyə çalışdıq...

Elmin Bədəlov
Fotolar müəllifindir