“Deputat olmaq istəmirəm...”- - Günay İbrahimli

deputat-olmaq-istemirem-
Oxunma sayı: 5689


Könül: Günay, söhbətimizə hazırda çəkilişləri gedən klipdən başlayaq. 

Günay: Bu gün “Qalib ol”(bəzi yerlərdə “Günəşin himni” kimi təqdim edilir)  mahnısına klip çəkirik. Güləşə həsr olunan mahnının sözləri və musiqisi Murad Quliyevə məxsusdur.Klipin rejissoru Samirə Xasməmmədova, prodüseri isə Toma Hüseynəliyevadır.Klipdə imicimiz üzərində stilist Elnur Həsənov çalışıb.

Məlumatınız var ki, “Bakı-2015” birinci Avropa Oyunlarına sayılı günlər qalıb. Mən də həmkarım Zamiqlə sözügedən mahnıya klip çəkdiririk.Bu layihə ilə Avropa Oyunlarında idmançılarımıza dəstəyimizi göstərmək istəyirik. 

Elvin: Avropa Oyunlarını izləmək üçün bilet almısız?

Günay: Mənim üçün bilet almaq problem deyil. Sadəcə olaraq gedib-getməyəcəyim barədə dəqiq bilmirəm. Bu dəqiqə desəm, bilet məndə olar. 

Elvin: Həmişə Günayı marjinal görmüşük. Bu dəfə milli geyimdə... Mənə qəribə gəldi.

Günay: Bu paltarı heç kəs geyinməyib.  Modelyer Aygün xanım mənim üçün hazırlayıb. Özəl olaraq mənim üçün tikilib.  Aygün xanım həm Zamiq, həm də mənim üçün geyimlər hazırladı.

Elvin: Yenə gözünə linza taxmısan...

Günay: Həəə. Pisdi?(Özü sual verir, elə özü də cavab verir). Məncə, yaraşır. Hələ taxmaqdan bezməmişəm. Bezəndə çıxardacam. 

Elvin: Deyirlər, linza taxanların gözündə müəyyən problemlər yaranır. Bundan qorxmursan? 

Günay: Qorxmuram, çünki gözümdə saatlarla saxlamıram, çəkiliş bitən kimi gözümdən çıxarıram.  İnanmıram nəsə problem yarana...

Elvin: Zamiqlə necə yola gedirsən? 

Günay: Zamiq həmyerlimdir, ikimiz də Füzulidənik. İki yerli bir klipə çəkilir. Dostumuzdu, xətirini çox istəyirəm.  Çox yaxşı ifaçı və tərəfmüqabilidir.

Könül: Bu yaxınlarda “Hüzur” klipini təqdimat etdiniz.  Tamaşaçıların fikirləri necə oldu?

Günay: Klip barədə  təəssüratlarım əla oldu, tamaşaçılar da bəyəndi. Çox gözəl reaksiyalar verdi. Bir çox insanlara təsir edib. Ola bilər ki, köhnə kliplərimə bənzərliyi var. Nədənsə hər kəsdən müsbət rəylər alıram. Hələ ki, bir dəfə belə olsun mənfi rəy almamışam. Hətta bir filmə baş rola çəkilmək təklifi gəlib. İnşallah çəkiləcəm. Bədii və yerli filmdi. Dövlət tərəfindən çəkilişi reallaşacaq. Klipdə artistlik qabiliyyətimi yaxşı göstərmişəm ki, film təklifi gəlib.

Elvin: Kliplərində bir az açıq-saçıqlıq olur. Nə əcəb tənqid atəşinə tutulmursan...

Günay: Kliplərimə görə tənqid də olunuram. Tənqid olunmaq normaldır,  əsas təhqir etməsinlər.  Bir şeyin ilkini edəndə, yaxşı şey ortaya çıxaranda tənqid edilir. Lakin tənqidlə yanaşı, tərif də deyirlər. Tənqidə pis baxmıram.

Könül: “Hüzur” və “Sənə bağlanıram” kliplərinin ikisində də Günay evli kişi sevir. Sevgilinizin həyatda evli olduğunu bilsəniz, reaksiyanız necə olar?

Günay:  “Sənə bağlanıram” klipində  kişinin evli olduğunu bilib onunla münasibət qururam. “Hüzur”da isə sevgilim məni aldadır. Adi həyatda belə hadisələr çox olduğu üçün kliplərimdə də bu cür qadınları canlandırmaq istədim. Evli kişi ilə münasibət  qurub-qurmamağa gəldikdə isə bu haqda heç nə deyə bilmərəm. Gərək həmin hadisəni yaşayım. 

Elvin: Həyatdı da... Bəlkə, qabağına çıxdı?

Günay: Heç vaxt  heç vaxt deyə bilmərəm. Həyatda kimi sevəcəyin bəlli olmaz. Heç kəs heç nədən  sığortalanmayıb. İstəmərəm ki, evli kişi ilə münasibətim olsun, ya da sevgilimin evli olduğunu öyrənim. Bəzən sevgi insanın gözünü kor edir.

Elvin: Günay sevir? Havada aşk var? (Gülür)

Günay: Yox, havada aşk filan yoxdur. Həyatımda heç kim yoxdur. İşimə çox yüklənmişəm, konsertə hazırlaşıram. Sevgiyə vaxtım yoxdur. Sevdiyim şəxs olub, hazırda  həyatımda boşluqdur. 

Elvin: Sevmədən o mahnıları ürəkdən necə oxuyursan? 

Günay: Mən içimdə sevirəm.  Belə real sevgilim yoxdu.

Elvin: Konsert nə vaxta planlaşdırılır. Yenə geyimlərin partlayacaq?

Günay: Bax niyə geyimi deyirsən?( Gülür) Tək geyim yox, işıqlar, dekorasiya fərqli olacaq.  Komanda olaraq maraqlı və keyfiyyətli iş üçün çalışırıq.

Elvin: Bax konsert sənin nəyinə lazım? Gəlir filanda olmur...

Günay: Belə çıxır camaat mənim konsertimə bilet alıb gəlməyəcək?

Elvin: Yox...

Günay: Gəlməyəcəklər? 

Könül: Müğənnilər biletlərini pulsuz paylayırlar.

Günay: Mən “Yaşıl Teatr”da konsert verdim, oranın rəhbəri belə bilir ki, 1400 bilet satılmışdı. Yerlə boş qalanda isə imkanı olmayan, ancaq izləmək istəyən üçün şans yaradılır. Bunda pis bir şey yoxdu. 1400 bilet satılıbsa, deməli Heydər Əliyev sarayındakı konsertimə də gələnlər olacaq. Mənim əgər heç kəsə borcum yoxdursa, bankrot olmamışamsa,  üzü ağ çıxmışamsa, bir dəfə də riskə getməyə dəyər.

Könül: Deyirlər Günay ulduz xəstəliyinə tutulub, özündənrazı olub.

Günay: Elə deyirlər? Sizcə necədir? (Günay yenə də özü sual verir, özü də cavab verməyə çalışır) Mən onu deyə bilmərəm. Ulduz xəstəliyinə tutulmaq başqa şeydir. Bu xəstəliyə tutulanlar işləmirlər, gedirlər xaricdə istirahət edirlər, öz həyatlarını yaşayırlar. Deyirlər ki, mənə bu məşhurluq bəsdir, iki il işləmirəm. Əgər mən 3 saatdan artıq yatmıramsa, hər an üzərimdə çalışıramsa, necə ulduz xəstəliyinə tutula bilərəm? Bu ulduz xəstəliyidirsə, onlara sözüm yoxdur.

Elvin: İnsan normal halda 8 saat yatmalıdır. Səhhətində problem yaranmır?

Günay: Bir az əsəbi olmuşam. Ancaq öyrəşməyə başlayıram. Evdə oturanda psixopat kimi oluram, depressiyaya düşürəm. İstirahət etmək lazımdı. Hazırda iş rejimim ağırdı.

Könül:  Yay ayları gəlir. Yerli məşhurlar adətən xaricə üz tutur.

Günay: Mən də ailəmlə istirahətə gedəcəm. Amma hələ ki, məkan seçməmişəm. Azərbaycanda da, xarici ölkələrin birində də dincələ bilərəm. 

Elvin: Günayın düşmənləri çoxdur?

Günay: Hə, Günayın düşmənləri çoxdur. İrəli gedən insana hər kəs badalaq vurmaq istəyir. Sadəcə olaraq fikir verməyib işə davam etmək lazımdı. 

Elvin: Sənə söz atanlara da fikir vermirsən?

Günay: Mənə söz atmırlar. Altdan-altdan iş görürlər. Lazım olanda cavablarını verirəm. Bunun şahidi olmusunuz. Yumşaq insan olsam da, bir o qədər sərt sifətim var. Elə zəmanədə yaşayırıq ki, səsini çıxarmasan, başını tapdalayıb keçərlər. 

Elvin: Tərs üzünü kimlər görüb?

Günay: Mənə elə davrananlar. O tərs üzüm çox gec-gec canlanır. İnsanda necə deyərlər...

(Könül müdaxilə edir)

Könül: Səbir kasası...

Günay: Bəli, insanda səbir kasası var. O zaman həmin insanları elə silirəm ki, barışmağa yer qalmır. 

Könül: Şou aləmində dostların var?

Günay: Açığını deyim, dostlarım yoxdur. Bircə prodüser və stilist Elnur Həsənov var. Hər şeyimi onunla bölüşürəm. Onla danışmasam belə bilirəm ki, Elnurdan pislik gəlməz. Elə dostlar var ki, küsəndə arxasıyla nələr danışır. Çalışır ki, yollarını bağlasın, hər yerdən vursun. Rastlaşmışamda...

Elvin: Təranə Səmədova dostunuzdur?

Günay: Yox, birlikdə işbirliyimiz olub. Bu qədər...

Könül: Sizi nədənsə Aygün və Röya ilə müqayisə edirlər.

Günay: Mənim üçün deyirlər ki, filan müğənninin yerinə gəlmisən. Məni jurnalistlərdən tutmuş, adi vətəndaşlara qədər onlarla müqayisə edirlər. Hər aşiqin öz dövranı var. Hər kəs əziyyət çəkir, sənətdə öz yeri var. Mən heç nə demirəm. Aygün Kazımovanın, Röyanın öz yeri var. 

Könül: Bürclərə , fala inanırsız?

Günay: Bürclərə inanıram. Ümumi bürclərə inanıram, günlüklərə yox. Bürcümün xüsusiyyətlərini daşıyıram.

Könül: Xüsusiyyətlərlə bağlı heç yoxlamısız?

Günay: Kimisə tanımaq istəyəndə sualım olur ki, hansı bürcdənsiz? Oğlan bürcləri ilə qız bürclərinin arasında fərq var.

Elvin: Qoç bürcü barəsində nə deyə bilərsən? Arxamda duran oğlan soruşdu...

Günay: (Gülür). Qoç bürcündə olan tanışlarım yoxdu.  Əkizlər bürcü barədə daha çox məlumatım var, onlarla daha yaxşı yola gedirəm.

Elvin: Oğlanlar, yoxsa qızlar sənə daha yaxşı dostdur?

Günay: Ətrafımda yaxşı insanlar var. Oğlanlarla daha yaxşı dost oluram. Bayaq Elnuru dedim. Baxın bu Kamrandı. ( menecerini göstərir). O da oğlandı.

( Elvin müdaxilə edir) Oğlan olduğunu görürük (Gülür).

Günay: (Gülür). Dostluqdansa əlavə ətrafına yaxşı insanları yığmalısan. Yaxşı insanlarla uğurun da çox olur.

Könül: Ölkə gündəmini izləyirsiz?

Günay: Saytları izləyirəm, hətta siyasi xəbərlərlə maraqlanıram. Vaxt olmayanda xəbər portallarına baxa bilmirəm. 

Könül: Siyasi xəbərləri oxuduğunu dediniz. Siyasətə qatılmaq fikriniz yoxdur?

Günay: Siyasətə qatılmaq istəmirəm. Belə bir planım yoxdur. O sənəti oxumamışam, uğur qazana bilmərəm. Mənim sənətim oxumaqdır. Çox yaxşı siyasətçilərimiz var, özümü deputat olaraq görmürəm.