Direktorla şagirdin qeyri-rəsmi münasibəti xəbərinə reaksiya

direktorla-sagirdin-qeyri-resmi-munasibeti-xeberine-reaksiya
Oxunma sayı: 4021


İsmayıllı rayon icra hakimiyyəti  Kürtmaşı kəndində məktəb direktorunun azyaşlı qıza təcavüz etməsi barədə mətbuatda yazılmış xəbərlərlə bağlı açıqlama verib.

“Qafqazinfo” xəbər verir ki, Bizimyol.info saytının məlumatına görə, icra hakimiyyəti belə bir hadisənin olmadığını açıqlayıb. "17 iyul 2014-cü il tarixdə bəzi elektron xəbər portallarında İsmayıllı rayonu ilə bağlı “Direktorun şagirdinə təcavüzü: əhali ayağa qalxdı–Şok” və s. başlıqlarla gedən yazılarla əlaqədar olaraq bildiririk ki, İsmayıllı rayonunda 30 saylı məktəb yoxdur və həmin məktəb Ağdam rayon Təhsil şöbəsinə aiddir. Xəbərdə qeyd olunan qız isə məktəbli deyil, 1995-ci il təvəllüdlüdür və məktəbi 2013-cü ildə bitirmişdir. Məsələ ilə bağlı Kürdmaşı kənd İƏD üzrə nümayəndəliyinə müraciət edilmiş və hadisənin doğruluğu öz əksini tapmamışdır.

Həmçinin 16 iyul 2014-cü il tarixində 200 nəfərə yaxın kənd sakininin Rayon İcra Hakimiyyətinə müraciət etməsi fikri də həqiqətə uyğun deyildir" - deyə icra hakimiyyətinin açıqlamasında vurğulanır. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə də bildirib ki, Bir məktəb direktorunun, bir ziyalının bu cür yoxlanılmamış, qeyri-səhih xəbərə əsasən ağır cinayətdə suçlanması, bir azərbaycanlı xanımın xalqımız üçün həddən artıq həssas məsələdə ləyaqətinə toxunulacaq səviyyədə alçaldılması yolverilməzdir.

“Mən rəsmi olaraq deyirəm ki, iyulun 12-də Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə A. ad-soyadlı xanımın itkin düşməsi ilə bağlı müraciət edilib, daha sonra isə A.-nın anası polis şöbəsinə gələrək, ərizə təqdim edib. Qızın anasının müraciəti əsasında itkin düşmə faktı ilə bağlı araşdırmalara başlanılıb. 

 Dörd gün sonra xanım evinə qayıdıb və polisə də izahat verib. A.-nın polisə verdiyi izahatda göstərilir ki, onu Göyçay rayon Qarayazı kəndindən olan bir oğlana ərə vermək istəyiblər, qız bu izdivaca etiraz etdiyi üçün evdən gedib. Məzunu olduğu məktəbin direktoru Zahid Namazov isə onu evdən qaçmaq fikrindən daşındırmağa çalışsa da, A.-nın inadkarlığı və fikrindən dönməməsindən sonra ona yardım etmək qərarına gəlib və qızı qohumlarından birinin evinə yerləşdirib. Qızın istəyi qəbul olunduqdan, yəni toy razılaşması pozulduqdan sonra A. evlərinə qayıdıb. Z.Namazov bu işdə A.-ya bir müəllimi və ziyalı kimi qayğı göstərib. Görünür, insanların saf niyyətinin və qayğının çirkin şəkildə təqdim edilməsində maraqlı olan şəxslər var. Onlar məsələnin əxlaqdan və etikadan kənar təqdimatında maraqlı olublar. Əslində, ictimaiyyət bu cür şəxslərə qarşı öz qınağını ortaya qoymalıdır”.