Doğranaraq 4 rayonda basdırıldığı deyilən şəxsin meyiti tapılmır

dogranaraq-4-rayonda-basdirildigi-deyilen-sexsin-meyiti-tapilmir
Oxunma sayı: 10270

İki il öncə öldürülərək yandırılan, daha sonra altı yerə bölünərək parçaları dörd rayonun ərazisində basdırıldığı deyilən Sahib Mahmudovun qətlində ittiham edilən şəxs qərardan narazıdır. Qətllə bağlı 19 il müddətinə azadlıqdan məhrum edilən mərhumun dostu Əli Ələkbərli hökmdən apellyasiya şikayəti verib. Hələ də meyiti və qalıqları tapılmayan S.Mahmudovun qətlində təqsirləndirilən şəxsin vəkilləri prosesdə bir neçə vəsatətlə çıxış ediblər. 

“Qafqazinfo” xəbər verir ki, ittihamın gəldiyi qənaətə görə, adıçəkilən hər iki şəxs 2018-ci il dekabrın 12-də rayon sakini Ramil Kazımovun evindən oğurluq ediblər. Bu hadisəyə görə saxlanılan Ə.Ələkbərli cinayəti Sahib Mahmudovla birgə törətdiyini etiraf edib. Bundan sonra hər ikisi cinayət məsuliyyətinə cəlb edilərək elektron qolbaq taxaraq polisin nəzarətinə verilib. S.Mahmudov polisə onun adını verən şəxsin özü və ailəsi ilə bağlı ictimai yerlərdə təhqiramiz ifadələr işlədib. Buna görə də Əli dostu Sahibi öldürmək qərarına gəlib. 2019-cu il yanvarın 25-də Sahibə zəng edərək, birlikdə “patı” çəkməyi təklif edib. Taksi sürücüsü işləyən Altay Ağamalızadənin maşını ilə Sahibi evlərindən götürərək, Masallı rayonu Qəriblər kəndində yerləşən “ADU pramida” adlı istirahət mərkəzinə aparıb. Orada 6 nömrəli kabinetdə narkotik qəbul etdikdən sonra yenidən həmin oğurluq haqda danışıblar.

Sahib bu dəfə də onu “satan” şəxsin ailə üzvlərini təhqir edib. Əli isə ona deyib ki, onları tanışları Samir Ağayev “satıb”. Sahib Samirə zəng edərək söyüb və onu görüşə çağırıb. Saat 23 radələrində onlar kabinetdən çıxarkən Əli bıçaqla Sahibin sinəsindən vurub, daha sonra ona “qorxma, səni sağaldacağam” deyərək, onu tualetə aparıb. Orada Sahibə çoxlu bıçaq xəsarəti yetirərək öldürüb. Daha sonra meyiti büküb, tualeti təmizlədikdən sonra suyu açıq qoyaraq meyiti Altayın maşınına aparıb.

Əvvəlcə Lənkəran rayonuna gəlsələr də, orada uyğun yer tapmayıb, Neftçalada yerləşən “Lapatin” adlı yerə gediblər. Orada çala qazaraq gələndə, Salyan rayonunda aldığı 10 litr benzində meyiti yandırıb. Təxminən 40 dəqiqə sonra meyitin tam yanmadığını gördükdən sonra onu söndürüb yenidən bükərək maşına qoyublar. Bu dəfə Cəlilabad rayonuna gələrək, mağazadan lazım olan avadanlıqları alaraq İmişliyə gediblər.

Orada yanmış meyiti altı yerə bölüb torbalara yığıblar. Dörd torbanı Bəhrəmtəpə yolunun kənarında ayrı-ayrı yerlərdə basdırıblar. İkisini isə Cəlilabad rayonuna gətiriblər. Əli sürücü Altaya Maşlıq kəndinə sürməyi tapşırıb, amma yolda maşın palçığa batdığı üçün tanışı Samir Ağayevi köməyə çağırıb. Onun maşını ilə meyit olan avtomobili palçıqdan çıxarıblar. Daha sonra Cəlilabadın Kazımabad kəndinə gələrək, örüş sahəsində yer qazıb meyitin qalan iki parçasını da orada basdırıblar.

Yanvarın 27-də Əli Ələkbərli Cəlilabadda basdırdığı hissələri çıxarmaq üçün Elşən Nağıyev və Elvin Şəfiyevlə birgə həmin əraziyə gedib. Bunun üçün isə yoldan sellofan, kəndir, əlcək və bel alıb. Əli meyitin hissələrini sellofana qoyanda Elşən də bunu görüb. Daha sonra həmin hissələri “ADU Piramida” istirahət mərkəzinə gətirib, orada saxlayıblar. Səhəri gün isə meyitin hissələrini aparıb, Yardımlı rayonu ərazisində dərəyə atıblar.

Bura qədər qeyd edilənlər istintaqın, müstəntiqlərin gəldiyi qənaətdir. Amma istintaq zamanı aylarla axtarış və qazıntı işləri aparılsa da, meyitə aid heç bir hissə tapılmayıb. Sadəcə, Neftçalada “Lapatin” adlı yerdən insana aid qan hissəsi tapılıb və onun da neçənci qrup olması, tərkibi haqda rəy vermək mümkün olmayıb. Həmçinin, həmin çaladan tapıldığı bildirilən paltar hissəsinin Sahib Mahmudova aid olduğunu ekspertiza təyin edə bilməyib. Mərhum Sahibin atası Sahibəli və anası Zülfiyyə həmin hissənin övladlarına aid köynəyin manjetinə oxşadığını bildiriblər.

Əli Ələkbərli isə məhkəmədə ifadəsində Sahib Mahmudovun itkin düşməsi və ya ölümü, öldürülməsi barədə heç bir informasiyaya malik olmadığını, bu barədə heç nə bilmədiyini deyib:

“Guya Sahibi öldürərək, cəsədini parçalayıb müxtəlif ərazilərdə basdırmağım barədə etirafedici ifadələrimi ibtidai istintaqda polis əməkdaşlarının işgəncələri, fiziki və psixi təzyiqləri altında vermişəm. Törətdiyim yeganə əməl oğurluq cinayətidir. Narkotikin mənə heç bir aidiyyəti yoxdur. Məni Cəlilabad polisinə dəvət etdilər və getdim. Mən polis şöbəsinə gedərkən narkotiki niyə ayaqqabımda gizlədim ki?”

Taksi sürücüsü Altay Ağamalızadə də Sahib Mahmudovun itkin düşməsi haqda heç bir məlumatı olmadığını deyib və təcridxanada olarkən qətli etiraf etməsini polislərin fiziki təzyiqi və şirnikləndirici vədlərinə aldanaraq etdiyini iddia edib.

Təqsirləndirilən Əli Ələkbərlinin vəkili Faiq Nağıyev apellyasiya şikayətində qeyd edib ki, istintaq kobud pozuntular və fərziyyə əsasında həyata keçirilib, məhkəmə də heç bir araşdırma aparmadan ittiham aktına hökmə köçürərək “kserohökm” çıxarıb.

Apellyasiya şikayətində bildirilir ki, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq edilməlidir. Lakin bu işdə hakim məhkəmə istintaqında toplanmış sübutlara qiymət verilməsinə cəhd belə göstərməyib.

Mərhum Sahib Mahmudovun anası Təbrizə Mahmudova ifaədsində bildirib ki, oğlunun polis əməkdaşı Əvəz Məhərrəmovla münasibətləri çox pis olub:

“Əvəz Məhərrəmov oğlum Sahibi “səni yox edərəm” deyə dəfələrlə hədələmişdi, bununla bağlı o 102 xidmətinə də şikayət etmişdi”.

S.Mahmudovun atası Sahibəli Mahmudov bildirib ki, qohumu Nadir Məmmədov da 2019-cu ilin mart ayından itkin düşüb və hələ də ondan bir xəbər yoxdur. Nadir Məmmədov Sahibin itkin düşməsi ilə bağlı telekanalların birində gedən verilişə qonaq olub, orada arvadının başqa kişi ilə qaçması müzakirə olunandan bir müddət sonra itkin düşüb.

Ortada meyit olmasa da, ehtimal edilən qətlin üstü narkotik aludəçisi Nazənim Piriyevanın polisə məlumatı və ifadəsi əsasında açılıb. N.Piriyeva deyib ki, Əli Ələkbərli ilə birgə narkotik qəbul etdikdən sonra Əli adam öldürdüyünü deyib, amma ətraflı məlumat verməyib.

Vəkil vəsatətdə qeyd edir ki, bu məlumatdan sonra əməliyyatçılar N.Piriyevanı təlimatlandıraraq, bir neçə dəfə Əli ilə görüşə göndəriblər:

“Əlinin Sahibin ölümü ilə hər hansı bir əlaqəsi var idisə, görüş zamanı niyə danışıq qeydə alınmayıb, video çəkiliş aparılmayıb? Axı şahid Nazənim Piriyeva deyir ki, Əli narkotik qəbulundan sonra çox pis vəziyyətdə olurdu. Bu vəziyyətdə isə Əli Ələkbərlini danışdırmaq və ondan hansısa etmiş olduğu cinayət barədə söz almaq çox asan idi. Lakin bunun baş vermədiyini görürük.

Səbəb isə ondan ibarətdir ki, Əli Ələkbərlinin bu hadisə ilə heç bir əlaqəsi olmayıb. Sadəcə polis əməliyyatçıları narkotik aludəçisi olan Nazənim Piriyevadan istifadə etməklə guya Əlinin Sahibi öldürməsinə dair ifadə alıb, “qətlin” Əli Ələkbərli tərəfindən törədilməsi görüntüsü yaradıblar. Halbuki məhkəmədə prosesdə Əli Ələkbərli Nazənim Piriyevanı tanımadığını, onunla heç zaman görüşmədiyini deyib”.

“ADU Piramida” istirahət mərkəzinin icarədarı Elşən Nağıyev məhkəmədə deyib ki, Əlinin qətllə bağlı ona danışması haqda ifadəyə polislərin ona günlərlə verdiyi işgəncə və narkotiklə həbs edəcəkləri barədə hədə-qorxularından sonra qol çəkib.

Polis əməkdaşları olan Sənan Məmmədovla Əvəz Məhərrəmov ifadələrində bildiriblər ki, Əli Ələkbərli polis şöbəsində olan zaman narkotik qəbulundan çox pis vəziyyətdə olub. 

Vəkil Faiq Nağıyev vəsatətdə bildirib ki, narkotik istifadəçisinin iradəsinin möhkəmliyi şübhəli olmaqla gülüncdür və növbəti doza zamanı gələndə ağrılarının kəsilməsi üçün ağrıkəsici almaq müqabilində belə şəxslər istər-istəməz etmiş olduqları hər şeyi ən xırda təfsilatı ilə etiraf etmək məcburiyyətində qalırlar:

“Bu, reallıq olmaqla əməliyyat-axtarış fəaliyyətində çoxdan məlum olan bir praktikadır. Yəni Əli Ələkbərli doğrudan da Sahib Mahmudovu öldürüb meyitini bir neçə yerə bölməklə müxtəlif ərazilərdə gizlətmişdisə, elə saxlandığı gün maksimum bir neçə saat ərzində həmin yerlərdən ən azı bir neçəsini göstərməli idi və o bunu qeyri-ixtiyari edəcəkdi”.

Bundan başqa, taksi sürücüsü Altay Ağamalızadə digər bir hadisə ilə bağlı cinayət məsuliyyətinə cəlb edildiyi üçün 2018-ci il dekabrından 2019-cu il mart ayınadək elektron qolbaq taxmalı olub. Sahib Mahmudovun iddia edilən qətli də həmin müddət ərzində, 2019-cu ilin yanvarın 25-də baş verdiyi bildirilir.

İttihama görə, meyiti Lənkəran, Neftçala, Cəlilabada aparan da Altay Ağamalızadə olub. Ədliyyə Nazirliyi 2020-ci il sentyabrın 3-də məhkəməyə məktub göndərərək qeyd edib ki, elektron qolbaq taxan şəxsin izləmə məlumatları, hərəkət trayektoriyası arxivləşdirilir və altı ay bazada saxlanıldıqdan sonra ləğv edilir.

Vəkil F.Nağıyev vəsatətdə qeyd edib ki, bu məlumat A.Ağamalızadənin hansı tarixdə harada olmasına yetərli aydınlıq gətirəcəkdi:

“Sadəcə, istintaq özünə əziyyət verməyərək, bu mühüm sübutu görməzdən gəlib, bu barədə heç bir sorğu verməyib. Çünki həmin sübut əldə ediləcəyi təqdirdə istintaqın nağılı bitmiş olacaqdı”.

Vəsatətdə növbəti arqument Əli Ələkbərlinin ittiham olunduğu Cinayət Məcəlləsinin 120.2.4-cü, xüsusi amansızlıqla adam öldürmə maddəsinin düzgün tövsif edilməməsi ilə bağlıdır.

Vəkil F.Nağıyev bildirib ki, xəsarətin dərəcəsini və xarakterini, xüsusi amansızlıqla törədilib-törədilməməsini müəyyən etmək məhkəmə tibb ekspertinin rəyi əsasında məlum olur. Lakin ortada meyit olmadığı üçün hər hansı ekspert rəyi də yoxdur:

“Ən azından ortada meyitin və onun üzərindəki xəsarətlərin sayı, yetirilmə dərəcəsi, xarakterini özündə ehtiva edən ekspert rəyinin olması zəruri deyildimi? Görəsən, məhkəmə bu xüsusi amansızlığı hansı rəy, şahid ifadəsi və maddi sübutlarla müəyyən etdi?”

Vəsatətdə yekun olaraq Əli Ələkbərli ilə bağlı hökmün ləğv edilməsi, ona adam öldürmə və narkotik daşıma maddələri üzrə bəraət verilməsi, yalnız oğurluğa görə azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsi istənilib.

İşə Şirvan Apellyasiya Məhkəməsində baxılacaq. 

Həbsdə olan Əli Ələkbərlinin anası da işin ədalətli araşdırılması üçün ölkə rəhbərliyinə, aidiyyəti qurumlara müraciətlər ünvanlayıb. Ə.Ələkbərlinin anasının sözlərinə görə, oğlu günahsız yerə həbs edilməsinə etiraz olaraq həbsxanada özünə xəsarətlər yetirib, intihara cəhd edib.

Murad Əhməd