Filmdə sujet xətti cəlbedicidir. Aktyor oyunları tamaşaçını daim həyacan içində saxlayır, adam özünü döyüş meydanında hiss edir. "Dolu" nun musiqisini görkəmli bəstəkar, xalq artisti Polad Bülbüloğlu yazıb. Möhtəşəm musiqidi. Film bitir, musiqi qulaqlardan uzun müddət çəkilmir.
Hələ də mətbuatda "Dolu" barəsində görkəmli sənət adamların rəylərini oxuyuruq. Əksəriyyəti bəyəndiyini deyir. Bu dəfə Milli Konservatoriyanın rektoru, xalq artisti, bəstəkar pianoçu Siyavuş Kərimi təəssüratlarını bölüşür.
"Dolu" filmini yüksək qiymətləndirən S.Kərimi bu əsərin ekranlaşdırılmasının hadisə olduğunu deyir: "Mənə bu filim olduqca böyük təsir etdi. Ssenari, rejissor işi, aktyor oyunu bir-biri ilə yüksək şəkildə vəhdət təşkil edirdi".
Bəstəkar filmin musiqisinin də möhtəşəm əsər olduğu qənaətindədir: "Polad Bülbüloğlu çox təcrübəli kino bəstəkarıdır. Onun əksər filimlərdə bəstələri var və hamısı da gözəl əsərlərdir. Polad Bülbüloğlu "Dolu" filmində əsərin mahiyyətini duayaraq, hadisələri dəqiqliklə müşayət edərək möhtəşəm musiqi yaradıb. Bu musiqi filmə xeyli dərəcədə güc verib".
S.Kərimi hesab edir ki, "Dolu" filmi bir daha sübut etdi ki, biz belə filimlər çəkib dünyaya çıxa bilərik: "Müharibə mövzusunda çəkilən "Dolu" səviyyəli filimlər Qarabağın Azərbaycanın olduğunu göstərir, düşmənin vəhşiliyini detalları ilə həm dünyaya, həm də gələcək nəsillərə çatdırır. Qarabağın geri qaytarılması üçün "Dolu" filmi tutarlı təbliğatdır. Belə filmləri festifallara göndərmək lazımdır. Sovet müharibəsindəki qəhrəmanlıqları rus kinolarında görürük, Azərbaycan əsgərinin igidliyini niyə çəkib göstərməyək?..
"Dolu" filminin heç də sovet müharibə filimlərindən geri qalmadığını deyən S.Kərimi haqqında danışdığımız filmin müasir standartlara tam cavab verdiyini düşünür: ""Dolu"nun vizual tərəfi, musiqisi, aktyorların oyunu olduqca gözəldi. Bir sözlə "Dolu" Azərbaycan kinomatoqrafiyasında çox böyük hadisədir"
Son xəbərlər
Son Xəbərlər