Dost xəyanəti...

dost-xeyaneti
Oxunma sayı: 2902


Biz həyat adlı kitabın qəhrəmanlarıyıq. Hər bir obrazın öz taleyi, müqəddəratı var. Kimlərsə göz önündə olar-əsas qəhrəman kimi; kimlərsə epizodik obraz kimi qalar o kitabın yaddaşında...

Kitablardakı, filmlərdəki epizodik obrazlar bəzən baş rol ifaçılarından daha çox qalar hafizəmizdə...

Bahalı avtomobilin sükanı arxasında əyləşən xoşbəxt bir adam və ona əl açan dilənçi... Dilənçinin həyatı daha ibrətamiz, acınacaqlı, məşəqqətlidir-bu cür həyata kitabda və ya ekranda rast gəlsək uzun müddət xatırlayarıq. O zəngini isə bəlkə də xatırlamarıq. Pul insanları çox vaxt eyni cür yaşamağa məcbur edir.

Yoxsul, bədbəxt insanların taleyi ilə maraqlanmaq, onların əzabları ilə tanış olmaq cild-cild kitab oxumağa bərabərdi. Zatən yazıçılar həyatdan bəhrələnir. Məsələn, Ə. Haqverdiyevin “Ata və oğul” hekayəsi ilə həyatda rastlaşdım. Bu hekayəni bir də həyatdan oxudum. Fərq zamanda və müəyyən mənada məkanda idi. O hekayədə Haqverdiyevin dövrü təsəvvür edilirdisə, şahidi olduğum hekayədə hadisələr internet əsrində baş verirdi.

Zəhmətkeş Xəlilin yığdığı var-dövləti oğlu Əkbər tar-mar edir. Dostu bivec Rüstəmin sözünə inanıb üz tutur xarici ölkələrə. Gəzir, dolanır, atasının zəhmətlə yığdığı pulları xərcləyir kef-damağa. Anası bunlara dözməyib dünyadan köçür. Sonra Əkbər, parisli madam San fuanın toruna düşüb onunla evlənir. Bir də görür ki, parisli xanım Rüstəmlə birlikdədir. Əkbər buna dözmür, dostu ilə sevgilisini öldürür və gedir hara getməliydisə ora...

Fəndgir adamı dost bilib onun fitnəsinə uyan, atanın zülmlə yığdıqlarını əyləncələrə, qadınlara xərcləyən, sonda dostun və sevgilinin xəyanəti ilə üzləşib həbsxanaya düşən-indi öz qınına çəkilib dünyadan küsən bir insan var bu şəhərdə. O, pulları elmə, kitaba xərcləsəydi indi həyatın baş rol qəhrəmanlarından idi. Başqalarını demirəm, elə Haqverdiyevin həmin hekayəsini oxumuş olsaydı öz sonunu əvvəlcədən görə bilərdi.

Otürdüyü günlərin ardınca baxıb köks ötürür indi.

Həyat isə öz axarı ilə davam edir. Kimi balası üçün qəpik-qəpik pul yığır, kimi başdan çıxarıb badalaq vurmağa “dost” axtarır, kimi atasının pulunu eyş-işrətə xərcləyir, kimi də dost xəyanətinin əzabını yaşayır...

Və bu dərdlərə dözməyib hardasa bir ananın ürəyi dayanır...