DTX Müdafiə Nazirliyində əməliyyat keçirdi - Yenilənib

dtx-mudafie-nazirliyinde-emeliyyat-kecirdi
Oxunma sayı: 29337

Dövlət Təhlükəsizliyi Xidməti Müdafiə Nazirliyində əməliyyat keçirib. 

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, nazirliyin Maliyyə İdarəsinin şöbə rəisi, polkovnik Xələfov saxlanılıb. 

Dünən Səbail rayon Məhkəməsində onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. 

Polkovnik Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə təqsirləndirilir. 

O, yarım milyon manatdan çox dövlət vəsaitini mənimsəməkdə şübhəli bilinir. 

Murad Əhməd

***

Virtualaz.org-un məlumatına görə, Azərbaycanın hüquq-mühafizə orqanları Müdafiə Nazirliyində iri maliyyə dələduzluğun üstünü açıb.

Bununla bağlı Silahlı Qüvvələrin yüksək rütbəli zabitləri tutulub. Bakı Hərbi Məhkəməsinin qərarı ilə Azərbaycan Müdafiə Nazirliyinin Quru Qoşunlarının maliyyə şöbəsinin rəisi Bayramov Bayram Xəlil oğlu həbs edilib. Bakı Hərbi Məhkəməsi bildirir ki, zabit 2 milyon 635 min manat pul mənimsəməkdə ittiham olunur.

Keçirilən əməliyyat tədbirləri nəticəsində hərbi hissənin maliyyə şöbəsinin rəisi Sərkərov Fərahim Fazil oğlu da həbs edilib. Zabit 450 min manatı mənimsəməkdə ittiham olunur. Bundan başqa, Əlizadə Vüsal Ədalət oğlu məhkəmənin qərarı ilə həbs edilib. Zabit 1 milyon 800 min manat mənimsəməkdə ittiham olunur.

Bundan əvvəl Müdafiə Nazirliyinin maliyyə idarəsinin rəisi Rafael Xəlilovun həbsi ilə bağlı xəbər yayılmışdı. Zabit 10 milyon manatı mənimsəməkdə ittiham olunur.

***

Trend-in məlumatına görə, saxlanılan Quru Qoşunlarının maliyyə şöbəsinin rəisi Bayram Bayramov, "N" saylı hərbi hissənin maliyyə şöbəsinin rəisi Fərahim Sərkərov və nazirliyin zabiti Vüsal Əlizadə barədə məhkəmə qərar verib.

Hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə onlar barəsində istintaq orqanının təqdimatına baxılıb və Bakı Hərbi Məhkəməsində təqdimat təmin edilib. 

Təqsirləndirilən şəxslərin hər biri barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.