Əhali yeni qatarlardan niyə narazıdır? - Açıqlama

ehali-yeni-qatarlardan-niye-narazidir
Oxunma sayı: 4893

Sentyabrın 15-dən etibarən xəttə buraxılan Bakı-Sumqayıt sürət qatarı son bir neçə həftə ərzində həm mediada, həm də sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzulardan birinə çevrilib. 

“Qafqazinfo” xəbər verir ki, istifadəyə verilməsindən hələ 1 həftə keçməsinə baxmayaraq qatarların hərəkəti ilə bağlı hər gün rəsmi və ya qeyri-rəsmi hər hansı bir xəbər yayılır. Son olaraq qatarın səhvən Siyəzənə getməsi ilə bağlı sosial şəbəkədə yayılan informasiya bir neçə gündə ən çox müzakirə olunan mövzulardan biri olub.

“Azərbaycan Dəmir Yolları” QSC bu xəbəri yalanlasa da, məsələ aktuallığını hələ də saxlaya bilib. Bununla yanaşı ötən yazıda da qeyd etdiyimiz kimi Bakı-Sumqayıt sürət qatarının sürətindən, vaxt intervalından şikayətlənən sakinlər də az deyil. Bütün bu məsələlərlə əlaqədar olaraq “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov ilə əlaqə saxladıq.

Katib açıqlamasında bildirib ki, ilk həftədə qatarların hərəkətində hər hansı xırda nöqsanlar ola bilər, amma yayılan bu informasiyaların çoxu yalan və şişirtmədir: “Qatarın mənzil başına çatmasında 10-15 dəqiqə gecikmələr qeydə alınır, ancaq bu deyildiyi kimi saat yarım, ya da 2 saat deyil. Bakı sərnişin stansiyasından çıxan qatarın neçədə çıxması, hansı sürətlə və hansı məntəqəyə getdiyi qatarın içərisində quraşdırılan monitorlarda görünür. Bunu uydurub tez getdi, tez gəldi deyə bilmərik. Müşahidə kameraları yol boyu bütün prosesləri qeydə alır.

Həmçinin sərnişinlərin təhlükəsizliyi baxımından qatarın içində də müşahidə kameraları var. Sürətlə bağlı məsələyə gəldikdə isə mənzillərdən asılı olaraq sürət dəyişir. Məsələn, qatar bir mənzildə 50 sürətlə gedir, digərində isə 60. Hər mənzilə uyğun müəyyənləşmiş sürət verilib. Qatar da o sürətlə hərəkət edir. Deyilənlər həddindən artıq şişirtmədir. Gözü götürən var, götürməyən var. Hərə bir söz deyir”.

Mətbuat katibi açıqlamasında onu da bildirib ki, əhalinin təhlükəsizliyi baxımından dəmir yolunun kənarında tikilən qanunsuz yaşayış məntəqələri ilə bağlı müraciət olunub: “Nazirlər Kabinetinin 2005-ci il 23 fevral tarixində qəbul etdiyi 33 saylı qərarına əsasən dəmir yolunun tərkib zolağına dair ölçülər müəyyənləşib. Dəmir yolunun mühafizə zolağı ən azı 20-22 m olmalıdır. Düzdür, bu sahələrə girənlər var. Bu bizim üçün böyük problemdir. Biz də əvvəl Nəqliyyat Nazirliyinə müraciət etmişdik, onlar da məsələni Nazirlər Kabinetinə göndəriblər. Ümumilikdə Respublika ərazisində 2300-dən çox qanunsuz tikili var. Bunlardan 883 tikilinin sökülməsi təxirəsalınmazdır. İndi Nazirlər Kabineti nə vaxt qərar çıxarsa, biz onu icra edəcəyik”.

Günel Hacı