Eldar Mansurov 70 yaşını necə qeyd edir?

eldar-mansurov-70-yasini-nece-qeyd-edir
Oxunma sayı: 2785

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bu gün 70 yaşı tamam olan Xalq artisti, bəstəkar Eldar Mansurovu “Şöhrət” ordeni ilə təltif edib.

“Qafqazinfo” yubileyini qeyd edən sənətkarla söhbətləşib. Bəstəkar ad gününü necə qeyd edəcəyindən danışıb: “Tək 70 yaş deyil, 70 yaşadək də bütün yaşlarımı ailəmlə birlikdə keçirirəm. O biri günlərdə isə dostlar, yaxınlarla görüşürəm”.

Mansurov yazdığı bütün mahnıların onun üçün əziz olduğunu qeyd edib: “Onları bölmürəm. Kimin hansı mahnı xoşuna gəlir, qulaq assın, öz fikrini desin. Mən belə düşünürəm. Mənim üçün fərqi yoxdur. Tanınmış, ya az tanınmış mahnı olsun. Hamısına eyni cür yanaşmışam. Mahnılar da insanlar kimidir. Bəxti gətirən və bəxti gətirməyən olur. Doğrudan da elə mahnılar var ki, o saat populyarlaşır, dillər əzbəri olur. Mən onları bəxti gətirən mahnı hesab edirəm. Digərlərini isə əksinə.

Çox sevincli haldır ki, məhz belə bir gündə gözəl hədiyyə aldım. Mən bunu hədiyyə kimi qəbul edirəm. Çox sağ olsun cənab Prezident. Bu, mənim yaradıcılığıma verilən qiymətdir. Həm Prezident İlham Əliyevə, həm də Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürümü bildirirəm. Ümumiyyətlə, bütün Azərbaycan xalqına minnətdarlığımı bildirirəm ki, mənim yaradıcılığımı belə yüksək tutur və qiymətləndirirlər”.

Qeyd edək ki, E. Mansurov 1952-ci il fevralın 28-də Bakıda İçərişəhərdə musiqiçi ailəsində anadan olub. “Yeddi gözəl” rok-operası, “Kleopatra” və “Olimp” rok-baletləri, 5 simfoniya, “Mahur-hindi” simfonik muğamı, skripka və simfonik orkestr üçün konsert, bir çox simfonik, kamera və xor əsərlərinin müəllifidir. Bir sıra filmlərə və tamaşalara musiqilər bəstələyib, 3000-dən artıq mahnı və instrumental musiqinin müəllifidir. 

1981-ci ildən SSRİ, sonralar isə Azərbaycan Bəstəkarlar İttifaqının, 1999-cu ildən Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvüdür. 2007-2012-ci illərdə Azərbaycan Bəstəkarlar İttifaqının katibi vəzifəsində işləyib.

Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə 2005-ci ildə “Əməkdar incəsənət xadimi”, 2012-ci ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb.

2012-ci il fevral ayının 21-dən Azərbaycan Prezidentinin fərdi təqaüdçüsüdür. 

Onun ən məşhur “Bayatılar” mahnısını ilk dəfə 1989-cu ildə о vaxt Brilliant Dadaşova ifa edib. “Bayatılar” dərhal populyarlıq qazanıb və artıq 1990-cı ildə “Melodiya” şirkəti tərəfindən val şəklində böyük tirajla çap olunaraq keçmiş sovet məkanında geniş yayılıb. Şair Vahid Əzizin sözlərinə yazılmış “Bayatılar” bu günə kimi ən sevimli mahnılar sırasındadır. O vaxtdan indiyədək bu uzunömürlü mahnı dünyanı gəzir, müxtəlif ifaçılar tərəfindən istifadə edilib.

E. Mansurov ailəlidir, 2 oğlu var.

Hüseyn Məmmədsalahov