“Əli Həsənovun o qədər gözəl yoldaşlığı var ki...” – Sona Vəliyeva

eli-hesenovun-o-qeder-gozel-yoldasligi-var-ki-sona-veliyeva
Oxunma sayı: 6447




“Kaspi” qəzetinin rəhbəri, şairə, ictimai xadim, Milli Teleradio Şurasının üzvü, Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun həyat yoldaşı Sona Vəliyevanın “Qafqazinfo” ya müsahibəsi


-Sizi “Kaspi” qəzetinin rəhbəri, şairə, ictimai xadim, Milli Teleradio Şurasının (MTRŞ) üzvü kimi tanıyırıq. Həmçinin bu siyahıya ana və nənə olmanızı da əlavə etsək tamamlanar. Bəs sizə bu sadaladıqlarımızdan hansı daha yaxındır?
-Düşünürəm ki, söz adamı olmaq mənə daha yaxındır. Çünki mənim poeziya yaradıcılığım, sadaladığınız keyfiyyətləri əldə etməmişdən öncə, hələ məktəbdə 4-cü, 5-ci sinifdə oxuyarkən başlayıb. Elə o vaxtdan sözlə dost olmuşam. Hesab edirəm ki, o səpki mənə daha yaxındır və ilk dəfə mətbuatda məni şeirlərim tanıdıb və onlar mənə daha çox əzizdir.

-Siz həm “Kaspi” qəzetinin rəhbəri, həm də MTRŞ-nin təmsilçisisiniz. MTRŞ-dən mətbuata baxmaq necə hisdir və ya mətbuatdan MTRŞ-ni müşahidə etmək? Çünki birində işləyirsiniz, digərində qiymələndirirsiniz.
- Çox maraqlı sualdır. Doğurdan da dediyiniz kimi birində qəzetin rəhbəri kimi, onun ideoloji xəttinə, fəaliyyətinə, səhifələrində gedən hər yazıya cavabdeh şəxs kimi mətbuat adamı olaraq nəzarət edirəm, digər tərəfdən isə teleradio şurasının üzvü kimi işim bütün respublikada fəaliyyət göstərən radio və televiziyaların fəaliyyətinə nəzarət etmək və qanunların tənzimlənməsidir. İlk baxışdan fərqli görünsə də, düşünürəm ki, bu xətlər qanun nöqteyi-nəzərində bir-birini tamamlayır. Çalışıram ki, hər ikisini nizamlayım. Çünki hər şey peşəkar hazırlıqdan və bir də cəmiyyətə dövlətin qoyduğu qanunlara riayət etmək vicdanlılığından irəli gəlir. Hesab edirəm ki, mən daim bunları tənzimləməyə çalışıram.

- Bunları tənzimləməklə yanaşı siz MTRŞ-nin nümayəndəsi kimi həm də radio və televiziyadakı iradları qəti şəkildə ictimaiyyətə bildirirsiniz. Yeri gəlmişkən mayın 1-nə çox az qalıb və əcnəbi serialların yayımına qadağa qoyulacaq. Sizcə, bu qadağaya Azərbaycan televiziyaları hazırdır? Axı audotiraya məhz o serialları izləmək üçün televiziyaya baxır. Birdən bu addım əks təsir verdi...
- Bu dövlət tərəfindən tənzimlənmiş bir addımdır. Bilirsiniz ki, MTRŞ bir neçə ay öncə də radio və televiziyalara böyük qayğı göstərərək televiziyaların fəaliyyətini səmərəli tənzimlənməsi, gələcəkdə heç bir fəsadların baş verməməsi üçün maddi vəsait ayırıb. Həmin vəsait Maliyyə Nazirliyi tərəfindən tənzimlənərək bütün TV kanalları arasında bərabər şəkildə bölünübdür. Bu Azərbaycan məkanında milli-mənəvi dəyərlərə xidmət baxımından düşünülmüş və planlaşdırılmış addımdır. Burada bizim teleseriallarımız mütləq Azərbaycan milli-mənəvi dəyərlərinin qorunmasına xidmət edəcək və hesab edirəm ki, həmin əcnəbi serialların bizim televiziyalardan çıxarılması nə boşluq, nə də ki nostalji hiss yaratmamalıdır. Bunlar olmamalıdır. Çünki bütün inkişaf etmiş ölkələrdə həmin ölkələrin milli serialları göstərilir. Bu həm istehsal baxımından televiziyalarımızı irəli aparacaq, həm kadrların üzə çıxmasına şərait yaradacaq. Digər tərəfdən isə məqsəd milli-mənəvi dəyərlərin qorunmasıdır. Hazırda MTRŞ-yə təqdim olunan filmlər arasında, xüsusilə də Xocalı soyqırımı, Qarabağ hadisələri, Azərbaycan Xanlıqları ilə bağlı seriallar da təqdim olunub. Təqdim olunan filmlərə nəzər salanda düşünmək olar ki, həm də ürəklərdə yatıb qalan tarixi mövzuların, qəhrəmanlıq mövzuların ortaya qoyulmasına potensial təkan verildi. Hesab edirəm ki, bu yerinə düşmüş qərardır və biz mayın əvvəlindən xarici serialların bizim televiziya məkanlarından çıxarıldığının şahidi olacağıq və zaman-zaman milli seriallarımız onların yerini tutacaq və sənətə, sənətkara, televiziya proqramlarına münasibətin yaxşı mənada dəyşildiyinin şahidi olacaqsınız. Bir daha qeyd edirəm ki, bu addım Azərbaycan milli-mənəvi dəyərlərinin qorunmasına böyük imkan yaradacaq.

- Bugünkü auditoriyanın artıq tarixi filmləri izləməyi və ya köhnə hadisələri görməyi sevmədiyi məlum olur. Onlar daha çox yaşam tərzlərini əks etdirən filmləri bəyənirlər. Elə türk filmlərinin Azərbaycanda sevilməsinin əsas səbəbi də budur ki, öz həyatlarını orada görürlər. Bizim efirdəki seriallarımız isə daha çox komediyaya bənzəyir, yada tragikomediya. Bu filmlərləmi davam edəcəyik, yoxsa dəyişiklik olacaq?
- Seriallar məsələsinə gəldikdə isə mövzu ələnəcək, ələnəcək və yerində ən yaxşısı qalacaq. Unutmayaq ki, serialların çox çəkilməsi bizim xeyrimizədir, bu zaman televiziya kanalının seçimləri çox olacaq, çox seçim olandan sonra, təbii ki, ən keyfiyyətlisi seçiləcək. Bu kanal rəhbərliyindən asılı olan bir şeydir. İstədiyi gündə komediya tərzdə olanı verəcək və ya ayrı gündə tarixi mövzulardan çəkilmiş serialı təqdim edəcək. Bizi düşündürən əsas məsələ istehsal məsələsidir. Buna həm dövlət dəstəyi var, həm də bizə olan müraciətlərdən aydın olur ki, tarixi faktlara, gündəlik məişət problemlərinə əks olunmuş ssenarilər artıq mövcuddur. Aydındır ki, kimi hansı məsələ narahat edirsə, o mövzuya müraciət edəcək. Hazırda əsas məsələ seriallarımızın teelviziya kanallarında yer almasıdır. Zaman-zaman isə yaxşı-pis məsələsi süzgəcdən keçiriləcək və keyfiyyətsiz filmlər öz-özünə kənarlaşacaq.

-Elə televiziyalarımızdakı problemlərdən söz düşmüşkən prezident İlham Əliyev Nazirlər Kabinetinin toplantısında bu məsələyə toxunaraq bir sıra iradları bildirmişdi. Niyəsə bizdə həmişə belədir, dövlət başçısı fikrini bildirəndən sonra, həmin səhvlər düzəldilir, ya da veriliş qadağan olunur. Bunu MTRŞ özü zamanında müdaxilə etməklə həll edə bilməz?
- Cənab prezidentin mətbəx verilişləri ilə bağlı iradı çox yerində tutulmuş bir irad idi. MTRŞ-nin kanallara irad tutmasına gəlincə isə, şuranın qanunlarında televiziya verilişlərinə müdaxilə etmək səlahiyyəti yoxdur, biz sadəcə tövsiyə verə bilərik ki, bu belə deyil. Biz müvafiq qanunlar pozulanda qanunu əsas tutaraq məsələ qaldırırıq. Konkret qanunun elə bir maddəsi yoxdur ki, orada “evlənmə proqramı və ya mətbəx verilişlərinin dayandırılması” barədə şuraya səlahiyyət verilsin. Hər kanalın rəhbəri Azərbaycan milli-mənəvi dəyərlərinin onun rəhbərlik etdiyi kanalda hansı səviyyədə qorunması və yayımlanmasına nəzarət etməlidir. Bir Azərbaycan xanımı kimi, bir jurnalist kimi və söz adamı kimi evlənmə proqramlarının əleyhinəyəm. Bəlkə də, həmin proqramlar fiziki cəhətdən qüsurlu olaraq ünsiyyətə ehtiyacı olan insanlar üçün açılsaydı, biz bunu alqışlayardıq. Bir daha deyirəm ki, mən Azərbaycan xanımı kimi 18 yaşlı qızın evlənmə proqramına çıxıb, hətta atası ilə bərabər gəlməsini bəyənmirəm. Təkcə mən deyil, təmsil etdiyim Teleradio Şurası da bu proqramları bəyənmir. Yenə qeyd edirəm ki, kanal rəhbərləri özlərinin şəxsi maraqlarından proqramların məzmununa yanaşmamalıdır.
Mətbəx proqramlarına gəldikdə isə, əgər orada nümayiş olunan yemək nüsxələri bizim sağlamlığımıza, milli mətbəxəmizin təbliğinə yol açırsa, onu bəyənəcəyik. Azərbaycan mətbəxi özü bir məktəbdir və o məktəbi mərhələlərlə keçmək, mətbəxin sirlərini dərindən öyrənmək, televiziyalardan gələcəksə, biz bunu alqışlayacağıq. Əgər istənilən mətbəx proqramından yağ-soğan iyi alacağıqsa, bəyənməyəcəyik. Bəzən kanal rəhbərləri bunu reytinqlə bağlayırlar. Mən burdan bir daha demək istəyirəm ki, bütün məsələləri reytinqlə bağlamaq olmaz, reytinqdən əlavə bir də bizim malik olduğumuz dəyərlər sistemi var. Hesab edirəm ki, bütün malik olduqlarımızın üstündə dəyərlər durmalıdır və həmin dəyərlər bizim fəaliyyətimizi, bizim həyatımızı, bizim gələcəyimizi və cəmiyyətimizin inkişafını tənzimlənməlidir. Əgər o proqramlar bunlara cavab verməyəcəksə, zaman-zaman o proqramlar tənqidə məruz qalacaq və tamaşaçı da ikrah yaradacaq. Necə ki, yaradır.

- Sizin də qeyd etdiyiniz kimi kanal rəhbəri reytinqlə özünə haqq qazandırır. Müəyyən mənada haqlıdır. O, bundan pul qazanır. İndi necə olacaq, o pul qazanıram deyə həmin proqramların yayımını davam etdirəcək, MTRŞ-də səlahiyyəti yoxdur deyə heç nə etməyəcək. Deməli, hər şey beləcə davam edəcək?
- Yox, bu belə asan məsələ deyil. Teleradio şurası hər həftə bütün kanallar üzrə monitorinq aparır. Bizdə bütün verilişlər yazılır və istənilən verilişə istədiyimiz zaman təkrar baxıb nöqsanı araşdıra bilərik. Həftəlik iclasda isə biz radio və televiziyaların mənfi və müsbət cəhətlərini bildiririk. Biz həmin iclaslarda onlara iradlarımızı bildirərək tövsiyələr veririk. Həmin televiziyanın nümayəndələri nə qədər özlərini müdafiə etməyə çalışsalar da, şura da qanunları əsas tutaraq onların üzərinə gedir və onlardan nəyisə tələb etməyə tam ixtiyarı var. Hətta proqramda aparıcıların işlətdiyi sözün təhlili belə gedir. Mən istəyirəm ki, hər bir kanalın rəhbəri şuranın qanunlardan çıxış edərək onun üzərinə gəlməyini gözləmədən, cəmiyyətinə, millətinə xalqına bağlılıq keyfiyyətini ortaya qoyaraq verilişlər hazırlamasına üstünlük versin. Hər bir şey rəhbərin keyfiyyətindən asılıdır. Bizim şurada bir devizimiz var: “Ailənə, övladına,özünə rəva bilmədiyin məzmunlu verilişləri, proqramı kanala gətirməyəcəksən”. O proqramları özüvə rəva biləndən sonra kanala gətirməlisən.


- Maraqlı devizdir. Bu devizə münasibətləri necədir?

- Əlbəttə, özlərinə haqq qazandırmağa çalışırlar. Hesab edirəm ki, Azərbaycan milli-mənəvi xüsusiyyətini özündə daşıyan kanal rəhbəri buna yol verməməyə çalışır. Verənlər isə özlərinə bəraət də qazandırmağa çalışırlar. Azərbaycan televiziyalarını təmsil edən qurum kimi bizim onlardan tələb etməyə vəzifə səlahiyyətimiz və haqqımız var. Çünki televiziya bir dəyər aşılayan ideoloji mahiyyətə malikdir. Televiziya güclü təsirə malikdir. Bu gün gənclər televiziyadakılara bənzəməyə çalışırlar. Bu çox kiçik detal kimi görünə bilər. Əslində mahiyyət etibarı ilə bu böyük hadisədir. Gənclərin milli-mənəvi ruhda tərbiyə olunmasında televiziyaların rolu şərhsiz olaraq böyükdür və televiziyaların rəhbəri düşünməlidirlər ki, aşıladıqları tərbiyə biləvasitə öz övladlarına yönəlir.


- Elə dil məsələsinə toxunaq. Bu gün teleaparıcıların yetərincə nitqlərində qüsurlar var və Azərbaycan dilindən istədikləri kimi istifadə edirlər. Qısa olaraq bilmək istəyirəm ki, MTRŞ tövsiyə deyil, konkret filan qüsuru nümunə gətirərək hansısa kanalı cərimələyib?

- Təbii ki, bunu mərhələlərlə edirik. Şifahi xəbərdarlıq, yazılı xəbərdarlıq. Biz telekanalları cərimələyəndə, bunu onların öz dili ilə də təqdim edirik. Onlar xəbərlərdən öncə hər şeyi açıq-aydın oxuyurlar. Bu çox vacib bir şeydir. Yəni öz cəzalarını elə öz dillərində cəmiyyətə çatdırırlar.

Dil məsələsi isə birbaşa kanalın rəhbərliyindən asılıdır. İnanın həmin televiziya rəhbərləri zaman-zaman özünün nitqi qüsurlu, amma ədabaz aparıcısını efirə çıxardacaqsa, bir müddətdən sonra öz reytinqlərini itirəcəklər. Bu səbəbdən kanallar nitqi gözəl olan, nitq mədəniyyətinə sahib olan aparıcıları ekrana gətirməlidir. İndi də müğənnilər aparıcılıq edir və biz şura olaraq bunu bəyənmirik. Çünki onlar özlərinin şəxsi keyfiyyətlərini ortaya qoyaraq proqrama reytinq qazandırırlar. Bu proqramlar da bəzən ədabazlıqdan başqa bir şey deyil. Mən indi ad çəkmək istəmirəm, amma hazırda bir çox müğənnilər veriliş aparır və yalnız bəzilərini sevilə-sevilə izlənilir. Ola bilər ki, həmin müğənni öz sənətində birincidir və böyük uğur qazanıb. Bu o demək deyil ki, o gözəl aparıcı ola bilər. Çünki aparıcılıq özü bir mərhələli məktəbdir. Bu səbəbdən kanal rəhbərləri bunun üzərində çox dayanmalı və düşünməlidirlər. Mən bir daha dönə-dönə qeyd edirəm ki, bütün məsələləri reytinqlə bağlamaq olmaz, bütün məsələlər reytinqlə bağlayanda müəyyən zamandan sonra həmin kanal çox uduzacaq.

- Sona xanım, bu gün Azərbaycanda qadın jurnalisti olmaq nə deməkdir? Sizcə, Azərbaycan qadının jurnalist işləməsi üçün yaxşı məkandır?
- Azərbaycan mediasının 20 il əvvəlinə baxanda bu fəaliyyət məkanın o qədər demokratikləşdiyinin şahidi olursan ki, burada qadın və ya kişi jurnalisti anlayışı fərqlənmir. Nə yaxşı ki, Azərbaycanda qadın jurnalistidir deyib buna müsahibə verməyim və ya məhdudiyyət qoyum kimi seçimlər yoxdur. Bir qəzetin rəhbəri olaraq da mən bunun heç şahidi olmuram və heç vaxt da belə bir tendensiyasının olmasına yol vermərəm. Hətta gənc qadın jurnalistlərimizə daha çox yol vermişik ki, onlar inkişaf etsin. İndi Azərbaycan mediası o qədər demokratikləşib ki, çox hallarda dövləti və dövlət qurumlarını tənqid edən qəzetlərə belə KİVDF-ə Dəstək Fondundan maliyyə dəstəyi alır. Bu da dövlətin Azərbaycan mediasına demokratik, düzgün münasibətindən irəli gəlir, əlbəttə, düzgün münasibət olan yerdə tənqidlər də olacaq. Həmin tənqid də dövlətin, cəmiyyətin inkişafına təkan verəcək. Bütün bunları nəzərə alaraq Azərbaycan dövləti medianın inkişafına o qədər qayğı göstərir ki, hətta jurnalistlərə dövlət ev tikmək üçün yüksək vəsait də ayırıb. Jurnalistikada qadın kişi fərqliliyini qəbul etmirəm. Yaxşı jurnalist, cəsarətli jurnalist termini var. Əgər jurnalist siyasiləşmiyəcəksə, fikri ilə dünya görüşü ilə milli mənəvi dəyərlərinə, Azərbaycan cəmiyyətinin inkişafına xidmət edəcək yazılar ortaya qoyacaqsa, o jurnalist qadın və kişi olmasından asılı olmayaraq oxunacaq, fərqlənəcək. Əgər bunların əksinə gedib siyasiləşəcəksə, bir qrup adamın istəyinə xidmət edib və bir qrup istəkləri aşılayan siyasi partiyaların mənafeyini güdəcəksə, həmin jurnalist qısa bir zamanda mediada özünə qara məkan yaradacq və əlbəttə, bu onun xeyrinə olmayacaq.


- Amma jurnalist qadınlar evlənəndən sonra kişi həmkarlarından fərqli olaraq, həm də evin məsuliyyətini daşıyır. Çünki qadın, həm də anadır.

- Doğurdan da, qadının çiynindəki ağırlıqlar məişət yüküdür. Mən həmişə demişəm ki, jurnalistika digər peşələrdən fərqli olaraq elə bir fəaliyyətdir ki, bu sahənin romantikası ilə yaşamasan, orada yaratmaq mümkün deyil. Bu “qonarar məvacibi” ilə məişət problemlərini, özünün problemlərini həll edən şəxs mütləq bu sahənin romantikası ilə yaşamalıdır. Mən elə ilk gənclik çağlarımdan bütün redaksiyalara məbəd kimi baxmışam. Yaşlı adamların dili ilə “Qəzet yazır” ifadəsini gətirsək, qəzet mütləq doğru, düzgün, qərəzsiz yazmalıdır, şəxsi ambisiyalardan çıxış etməyərək doğru olanı çatdırmalıdır prinsipi ilə yanaşanda, doğurdan da redaksiya məbəddir, düzgünlüyü, doğruluğu hər şeyin ən düzünü yazan yer timsalındadır. Mənim üçün də çətinliklər olub, amma jurnalist romantikasını həmişə içimdə yaşatmışam və ömrümün son gününə qədər onu yaşatmağa çalışacağam. Bu çox vacib keyfiyyətdir, onda məişətin də problemlərinə qalib gəlirsən.


- Siz “qəzet yazırsa”, “doğru olmalıdır” ifadəsini işlətdiniz. Amma etiraf edək ki, bu gün qəzetə inam azalıb. Sizcə, səbəb nədir?

- Bu informasiya bolluğunun olmasından irəli gəlir. Azərbaycanda minlərlə qəzet çıxır. Nə qədər sayt və jurnallar var. İnformasiya bolluğu məkanında eyni informasiyanı bir qəzetdən bu cür, digərindən isə başqa cür oxuyanda, fərqli mövqelərdən yanaşanda insanlar bəzən çaşbaş qalır. Bu mənada mən Azərbaycan mediasını doğru olanı yazmağa, siyasiləşməməyə, Azərbaycan cəmiyyətinə ən real, ən düzgün materialı çatdırmağa çağırıram. Çünki bu vacib keyfiyyətdir. Çünki cəmiyyətdə hamı müəyyən siyasi partiyaların üzvü deyil, onların bəziləri bitərəf, siyasətdən kənar insanlardır. Onlar siyasiləşməmiş doğru olan məlumatı almaq istəyirlər. Biz doğru olanı yazmalıyıq və onlar da doğrunu öyrənməlidirlər.

-Bir az da ədəbiyyatdan danışaq. Ümumiyyətlə kitablarınızın maraqlı adları var. “Mənim çəhrayı dünyam” və son kitabınız “Arazbarı”. Niyə məhz Arazbarı?
- Arazbarı həm yer, həm də simfonik musiqimizin adıdır. Məşhur bayatı da deyildiyi kimi
Arazbarı tərlanıyam
Sonalar təklədənəm.
Bayatıda da, hətta o yerin adı çəkilir. Arazbarı Cəbrayıl rayonundakı bir yerin adıdır. Arazbarı cənubi Azərbaycanı, ümumiyyətlə şimali Azərbaycanı özündə əks etdirən termindir. Araz Azərbaycanı ikiyə bölən “tarixi günahı” olan çaydır. “Arazbarı”nın içində ikiyə bölünmüş Azərbaycanın bütün dərdləri özünü tapıb və mənim bütöv Azərbaycan ideyam çatdırılır. Mən yazmışam, amma necə yazdığımı oxucular deyə bilər. Kitabın adına gəlincə isə, şeirin ifadələri kimi, kitabın adı da belə desək ilahidən bir vəh kimi gəlir. Konkret “Arazbarı” olsun deyə düşünməmişdim, istər-istəməz ruhundan bir hiss gəlir ki, ad məhz “Arazbarı” olsun.

- Doğrudurmu, “Arazbarı” kitabının İrandan Naxçıvana keçirilməsinə qadağa qoyulub?
- Doğrudur, belə bir şey olub. İran onsuzda öz-özündən həmişə xoflanır. Amma bu məsələ də xoflanmağa haqqı var. Çünki Araz sözünü eşidən kimi bilir ki, ikiyə bölünən Azərbaycanın tarixi bir çayıdır və bunun içində nəsə ola bilər. Hətta İranda kitabları yoxlayan Gömrük işçisi kitabın içindəki ön sözün Sabir Rüstəmxanlıya aid olduğunu görüncə, deyib ki, ön sözü yazan bu adam olunca, heç olmaz. Yəni Azərbaycan yazarının orada bir xofu var. Onlar qorxublar ki, bu kitab Təbrizdə paylanıla bilər. Bildiyimiz kimi, Təbriz Azərbaycanın ürəyidir və inqilab beşiyi hesab olunur. Kitabın ora çatacağından ehtiyat ediblər və düşünüblər ki, Təbrizdə “Arazbarı”nı oxusalar, böyük səs küyə səbəb olacaq. Kiminsə ürəyində bütöv Azərbaycanın ideyasına xidmət edə bilər. Əslində o kitabın içində vətənpərvərlik şeirləri və mənim şəxsi vətən, insanlar haqqında duyğularım yer alıb.

- İlişib qalmışam tut budağında,
gözüm bulaq kimi dolub..
...Ata yurdum.
Doyunca qalacağam deyə,
gəlirəm, qala bilmirəm.
Səsləyir arxadan öz evim, ocağım.
Bu misralar sizin “Ata evi”şeirindəndir? Niyə qızlar ailə qurandan sonra bir gözləri həmişə ata evində olur?

- İnsanın ömrünü hər ana bölsən. Ata evi o anın içində işıqlı bir xətdir. Ətraf aləmə, insanlara münasibətimizdən tutmuş, elmə, kitaba münasibətimiz və həyatın bütün amillərinə bağlılğımızın ilkin rüşeymləri o məkandan formalaşıb. Bu mənada həyatımızda Ata evi o qədər böyük rol oynayır ki, hər anımız da belə, o yerin bizə verdiyi keyfiyyətdən bəhrələnmək istəyirik. Mən evimizə -ata evimə gedəndə ordan böyük bir enerji alıram. İnanın ki, iş potensialım, yazı potensialım tükənəndə evimizi ürəyim istəyir. Fikir versəniz görərsiniz ki, mən ata evi demirəm, evimizi deyirəm. Ora getməklə, tükənmiş enerjimi ocağımdan bəhrələnərək qaytarıram. Dəfələrlə görmüşəm ki, evimizdən qayıdanda yüksək enerji ilə qayıdıb işə başlayıram Bu ata evidir, onsuz heç nəyimiz mövcud deyil.

- Bəs övladlarınız necə sizin kimi ata evinə bağlıdırlarmı? Qızınız bildiyimiz kimi ailəlidir? Eyni münasibəti ondan da görürsünüz?
- Mənim qızım ailə qurub, hazırda tələbədir və həftədə bir dəfə də olsa, gəlir, görüşürük.

- Ata evini xatırlamaq təkcə ziyarətləmi kifayətlənir?

- Təbii ki, ən əsası fikirdə ziyarət etməkdir. Mən dəfələrlə ata ocağıma bir gündə xəyalən 10 dəfə qayıdıram. Eləcə də mənim övladım. Gün ərzində məni 1 neçə dəfə axtarırsa, elə gəlmiş kimi var. Mənim üçün anam-atam o ocaqda ən dəyərli varlıqdırsa, hesab edirəm ki, mən və atası da övladlarımız üçün ata ocağında ən dəyərli varlıqlarıq. Mən qızımla ədəbiyyat, söz, şeir haqqında çox gözəl söhbət edirəm. Əgər o hansısa saytda gözəl şeir görübsə, mütləq mənə göstərir. Bu mənada özümə bəraət qazandırıram ki, mən övladımda sözə, ədəbiyyata münasibəti formalaşdıra bilmişəm. Qızımın iki yaşında ilk öyrəndiyi şeir Hüseyn Cavidin “Qız məktəbində” şeiri olub. Halbuki onun yaşıdları o vaxt “kuklam”, “Dovşan”, “Keçi” şeirlərini öyrənirdi. O, isə birbaşa bu şeiri öyrənmişdi. Övladlarımın hər ikisi də məktəbə gedəndə Məmməd Arazın və Rüstəm Behrudinin şeirlərini deyiblər. Düşünürəm ki, bu nüanslar mənim övladlarıma canımdan, qanımdan ötürə bildiyim yaxşı keyfiyyətlərdir.

- Bu gün azyaşlıların ölkəmizdə intiharının bir səbəbi də valideynləri ilə münasibətlərinin doğru olmamasıdır. Keçmişdə olduğu kimi valideynlər övladları ilə münasibətlərində məsafə qoymağa çalışırlar, amma bugünkü gənclik bunu bəyənmir. Bəs siz necə anasınız? Onlarla həmsöhbət olanda öz yaşınızdan çıxış edirsiniz, yoxsa onların yaşına enib anlamağa çalışırsınız?
- Söhbət milli-mənəvi dəyərlərin başında duran ailə dəyərlərindən gedirsə, burada bir az fərqli oluram. Mənim üçün ailə qorunulası vacib olan məkandır ki, 4 divar arasında baş verən kənara çıxmamalıdır. Ailə “Böyük dayaq” filmində patriarxal Azərbaycan kişisinin dediyi kimi yumruq tək möhkəm olmalıdır, ailə başçısı o qədər yüksək keyfiyyətə malik olmalıdır ki, övladlar da, xanım da ona həmişə təzim etsin. Bu təzim şaha baş əymək kimi deyil, bir ailəni qoruyan, ailənin başında duran yüksək xarakterli bir insana böyük hörmət kimi başa düşülməlidir. Bu mütləq olmalıdır. İnanın ki, əgər mənim ailəmdə belə bir insan rəhbər olmasaydı, şəxsi keyfiyyətləri ilə ideal insan olmasaydı, mən o ailədə 1 gün də qalmazdım. Mən bunu heç vaxt deməmişəm, ilk dəfədir deyirəm. Mənim ailəmdə kişi şəxsi keyfiyyətləri ilə mütləq hamımızdan yuxarıda durmalıdır. Allaha min şükür ki, bu belədir. Mənim ailəmin başçısı bu keyfiyyətləri özündə cəmləşdirən adamdır. Mənim həyat yoldaşım da övladları ilə dostdur, mən də onlarla dostam. Konservativlik ailədə başqa şeydir və bu vacibdir. Digər tərəfdən isə sən övladınla dost olmalısan, olmadınsa, demək onu itirdin. Mənim qızım, hətta ona münasibəti olan insanları belə mənimlə müzakirə edib. Hələ məktəb vaxtından o, mənimlə hər şeyi bölüşməyə çalışırdı. Eləcə də yeniyetməlik çağında təhsili, geyimi ilə bağlı problemləri, ona deyiləcək sözləri və onun, hətta başqasına verə biləcəyi hədiyyəni də mənimlə müzakirə dib. Bu çox vacib keyfiyyətdir, çünki onun həyat təcrübəsi yoxdur və bir dostunun ona verə biləcəyi məsləhət (o dost onun həmyaşıdıdırsa) yanlış ola bilər. Təbii ki, bəzən doğru da ola bilər. Amma ən yaxşı məsləhəti valideyn verə bilər. Valideyn də o vaxt yaxşı məsləhət verə bilər ki, övladı ilə dost olsun. Onun içindəkilərini bilə bilsin. Etiraf edim ki, bəzən onların yaşına düşməyə də bilirəm, amma çalışıram ki, düşüm. Belə məqamda xatırlayıram ki, mən bu yaşda nə edirdim, valideynim mənə bunu deyəndə necə reaksiya verirdim. Bir insanın yaşının yerinə özümüzü qoya biliriksə, deməli, biz qalibik. Təcrübədə göstərir ki, nə zaman dost ola bilirəmsə, bərabər onlarla əl-lə verib çətinliyi dəf edirik, yox əgər bunu bacarmırıqsa, hansımızsa ağrıyırıq. Əlbəttə, ya övladın, ya da ananın ağrımasının yükü eyni dərəcədədir.

- Qızınız evli olsa da, oğlunuz hələ subaydır. Bəs evlilik seçimlərini necə edib və edəcəklər? Onlara bu seçimdə müstəqillik vermisiniz, yoxsa sizin məsləhətlərinizlə bu baş tutur?
- Qızımın ailə qurduğu şəxs dost ailənin övladıdır. Mən bu gün düşünürəm ki, yəqin, Allahın sevimli bəndəsiyəm ki, qızım tanıdığım ailə ilə bizi qohum edib. Bu çox vacib keyfiyyətdir. Bəzən tanımadığımız, bilmədiyimiz ailə ilə qohumluq böyük xoşbəxtlik də gətirə bilər, əksinə böyük yanlışlığa da səbəb ola bilər. Bir ailəni tanıyanda bu valideyn üçün böyük rahatlıq olur. Hər halda onun valideynlərinin şəxsi keyfiyyətlərini bilirsən. Bilirsən ki, onlar bu səviyyədədir, ailəyə münasibəti budur və onun övladı da onun tərbiyəsini alıb. Yəni ailəmizdə uşaqların evliliyində yönəltmələr olmayıb. Qızıma gəlincə isə, onun qismətidir və ailə qurduğu şəxs də bizim tanıdığımız ailədən oldu. Bu seçim bizə çox böyük arxayınçılıq gətirdi və bu arxayınçılıq hələ də davam edir və sona qədər davam edəcəyini də inanıram.

- Bizim Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri kimi tanıdığımız Əli Həsənov barəsində həyat yoldaşı kimi çox gözəl sözlər söylədiniz. Hər kişi haqqında da xanımı eyni sözləri söyləmir. Bəs bir vətəndaş kimi onun fəaliyyətini necə qiymətləndirirsiniz?
- Əli müəllim o qədər gözəl keyfiyyətləri özündə əks etdirir . İnanın ki, mən ondan o qədər şey öyrənmişəm... Az öncə də qeyd etdim ki, mənim sevdiyim adam mülkəmməl olmasaydı, mən o ailədən üz döndərib gedərdim, heç nəyə baxmayaraq. Allaha şükür ki, mənim ailə qurduğum adam o qədər mükəmməl insandır ki... İnsanlarda axtardığım ən böyük keyfiyyət ədalətli olmaqdır. Əli müəllim o qədər ədalətli, evindəkindən, cibindəkindən artıq səxavətli, hətta onu tanıyanlar da bilir ki, özünü bir başqasının yerində qoymağı bacaran , dövlətə, dövlətçiliyə bağlı olan insandır. Bunu ailədə hər zaman övladlarına da aşılayıb. Millətinə, xalqına, vurğun, sözə poeziyaya qiymət verən, musiqini sevən adamdır. İnanın ki, onun yanında nə isə səhv eliyərək cılız görünmək insanın özünə bir ikrah hissi gətirə bilər. Əli müəllim bütün insanlara, ailəsinə, dostlarına, yaxınlarına böyük qayğı və hörmət göstərən insandır. Hələ Əli müəllimlə yol yoldaşı olmaq o qədər gözəldir ki... İnsana yol yoldaşı olmaq keyfi gətirir ki... Evdə tamam başqa cürdür, səfərə çıxanda isə yoldaş kimi başqa xarakterləri ortaya çıxır. Bəlkə də oxucular elə biləcək ki, mən həyat yoldaşımdır deyə çox tərifləyirəm, amma inanın bu belədir. O, özündə mükəmməl xarakterləri ehtiva edən bir insandır ki, həmişə mən ondan nə isə öyrənmişəm. Allah ona uzun ömür versin ki, yenə də ondan öyrənim.

Əli müəllim ailənin son beşiyidir. Bu gün onun qardaşına, bacısına, anasına, ailəyə, insanlara münasibəti bir məktəbdir. Tanıdığım ilk gündən onu mənə sevdirən xarakterlərindən biri yaşına xas olmayan müdrüklüyüdür. Bəzən insan 100 yaşında müdrük ola bilmir. Mənim qaynanam da həmişə deyir ki, O, körpə yaşlarından, yeniyetmə vaxtlarından bu evin ağsaqqlı idi. Bu insandan ömrüm böyu öyrənəcək çox şeyim var.

- Neçə ildir evlisiniz?
- 24 ildir.

- Heç olubmu nəyisə-hər hansı siyasi və ya ədəbi hadisəni müzakirə edəndə fərqli mövqelər gəstərmisiniz və olubsa, nəticə necə olub?
- Əlbəttə, olub. Amma bu mövzular daha çox ədəbiyyata aid olub. Çünki mən siyasət adamı olmadığım üçün çalışıram mümkün qədər siyasətə qarışmayım. Heç qarışmıram da, siyasət mənlik deyil. Mən söz adamı olduğum üçün emosionalam və fikirlərim düz olmaya bilər. Ədəbiyyat haqqında bizim fikirlərimiz ola bilər. Poeziyada kim necə yazır, hansı yazarlar bu kimi mövzulardan danışırıq. Düzü, onun o qədər də vaxtı olmur bunları izləməyə. Mən tövsiyə edirəm ki, filan yazarın bu ifadəsi var, o da mütləq onu oxuyur və biz bunu bir yerdə müzakirə edirik. Mübahisələrimiz isə heç vaxt dərin xarakter almır, ola bilsin ki, o bizim məişətdə qurduğumuz qanunlardan və bir-birimizə olan hörmətdən irəli gəlir. O mənim həyatda atam qədər hörmət etdiyim bir insandır, atam qədər ehtiramını saxladığım bir insandır.

-Belə sevgidən sonra inanmıram ki, ona şeir həsr etməmisiniz?
- Mənim Əli müəllimə həsr etdiyim çox şeir var. Adamın bir enerji mənbəyi olur, ələnib-dolanıb yenə qayıdırsan ora. O mənada Əli müəllim mənim enerji mənbəyimdir.

“İlləri əl-ələ verib gəlmişik” şeirini də ona həsr etmişəm.

Durmusan əllinin astanasında
Hələ qarşımızda bir ömür durur.
İlləri əl-ələ verib gəlmişik,
Əlini əlimdən çəkmə noolur.


Beş dənə onluğun sadə misalın
Əzaba, zəhmətə bölünməyi var.
Vətəndaş ömründən alim ömrünə
Hesaba gəlməyən qayğılar durar.


Bir ailə ömrünün ötən anları,
Yarı kitabxana, yarı yollarda.
Dünyanın çalışqan tələbəsi sən,
Nigaran qadını mən idim onda.


Soyuğu, istisi uzaq ellərin
Əlimə, üzümə gəlib çatardı.
Bir evin, ocağın əziz tikəsi,
Sən gələn zamana, vaxta qalardı.

Biz varlı deyildik, qibtə yeriydik,
Dövlətli qonşuya, pullu dostlara.
Bu evdə heç nəyin olmayan vaxtı,
Sevgi bəxş edərdik pay umanlara.

Nə deyim, hərdən də küsdüm, incidim,
Üzünə gəlmədim, qəlbə yük olar.
Bəzən qayğılara bələnən ömrün
İtmiş ayı, günü bizi haraylar.

Bəzən də içimdən asılan giley
Ünvana yetişməz havada qalar.
Birtəhər yaşadım indiyə qədər,
Sənə bundan sonra ehtiyacım var.

Sən bildin, mən bildim,
bir də dörd divar,
Olub-olmayanı kimsə bilmədi.
Yarıya böldüyün popirosların
Kül yeri, köz yeri ürəyimdədi.

Neyniyim izahı yoxdur bu sirrin,
Haqq yazan, bəxt yazan sevgi payımsan.
Bəzən uşaqların ən ərköyünü,
Ən əziz, ən sözə baxmayanısan.

Durmusan əllinin astanasında
Hələ qarşımızda bir ömür durur.
İlləri əl-ələ verib gəlmişik,
Əlini əlimdən çəkmə, noolur.

- Son zamanlar ədəbiyyatda yaşlı və gənc nəsil arasında baş verən söz “duel”ini yəqin yaxından izləyirsiniz. Anarın gənclərə yazdığı həcv və onların cavabı. Sizcə, ədəbiyyatda belə mübahisələr lazımdır?
- Nəsillərin mübarizəsi həmişə olub. İstər 60-cı, 70-ci, 80-ci, istərsə də bu gün. Nəsillərin mübarizəsi həmişə davam edəcək. Bunsuz ədəbiyyatın inkişafı mümkünsüzdür. Amma bu təhqirlə olmamalıdır. Gənc yazarlar yaşlı nəsli tənqid edəndə bir az ehtiramla yanaşmalıdır və sözlərini ölçüb-biçib danışmalıdırlar. Eləcə də yaşlı nəsil qayğı ilə gənc nəslə davranmalıdır. Onun yaradıcılığına təkan verən bir tənqidi ehtiramla ifadə etməlidir. Hesab edirəm ki, yaşlı nəsil də öz yerini, yurdunu ədəbiyyatda düzgün müəyyənləşdirməlidir. Tutaq ki, mən orta nəsil hesab olunuram. Əgər qarşımda yaxşı bir gənc yazarın şeiri varsa, niyə də tərifləməməliyəm?

Təbii ki, bunun bir səddi var, gənclər mütləq milli-mənəvi dəyərlərə riayət etməli, böyük-kiçik yeri müəyyənləşdirməli və həmin sərhədi cızmalıdırlar. Bu vacib şərtlərdir. Tənqidlər mütləq təkamülə xidmət etməlidirlər. Yeni ədəbiyyat ələnəcək, yaşlılar isə yerini gənclərə verəcək. Mən həmişə belə məqamlarda Ağamalı Sadiqin bir şeirini xatırlayıram, öz şeirlərimi yadımda saxlaya bilməsəm də bu şeiri heç unuda bilmirəm.

Bura arx qırağı su gözü deyil,
Bir az ümid verək, bitsin bu çinar.
Əyməyin pöhrədir, budaq da sınar
Arzu da ümiddir, tez sına bilər
Biraz ümid verək, bitsin bu çinar.

Hər bir yazar, gənc müəllif bir çinar pöhrəsidir, biz ona təkan verməliyik ki, bitsin. Amma onu tərbiyə eləmək, onun ədəbiyyatda mövqeyini düzgün müəyyənləşdirməsi bir az zamana bağlıdır

Günel Əbilova