Əli Kərimli İsa Qəmbərə “yox” deyib - Haçalanma

eli-kerimli-isa-qembere-yox-deyib-hacalanma
Oxunma sayı: 680


Azərbaycan öz seçki tarixində bəlkə də ilk dəfədir ki, hazırlıqlara bu qədər tez başlayıb. Artıq ölkənin ictimai-siyasi qüvvələri indidən 2013-cü il prezident seçkisinə hazırlığa start veriblər. Gələn ilin oktyabrında ölkənin birinci şəxsinin postu uğrunda baş tutacaq seçkilərlə bağlı açıqlamalar, indi yox, hələ ötən ilin sentyabrından intensivləşməyə başlayıb. Bu işdə hakim Yeni Azərbaycan Partiyasının rəhbərliyində təmsil olunanlar hamını qabaqlayaraq, birmənalı şəkildə öz namizədlərini açıqlayıblar. Onlar ölkənin ictimai-siyasi həyatında hazırkı prezident İlham Əliyevə alternativ görmədiklərini, bu səbəbdən də heç düşünmədən onun namizədliyini irəli sürəcəklərini bildiriblər. Bu açıqlama isə daha çox dövlət başçısı “Əl cəzirəyə” müsahibəsində “Mən hələ namizədliyimi irəli sürüb-sürməyəcəyimi dəqiqləşdirməmişəm” deyəndən sonra olub. Məlumdur ki, dövlət başçısının sözügedən açıqlamasından sonra cəmiyyətdə müxalifətdə olmayan bir sıra qüvvələr belə demək mümkünsə, qurdalanmağa başlamış, öz düşüncələrində alternativ namizəd axtarışına çıxmışdılar. Ola bilər prezident İlham Əliyev də bu açıqlaması ilə müəyyən mənada ətrafdakı düşüncələri öyrənmək, saf-çürük etmək niyyəti ilə taktiki gediş etmişdi. Ancaq bu məsələdə təhlillər yox, sürətlə irəliləyən zaman hər şeyi göstərəcək.

Bayaq qeyd etdiyimiz kimi cəmiyyətdə artıq prezident seçkiləri ilə bağlı erkən səfərbərlik başlayıb. Ölkənin demək olar ki, bütün siyasi qüvvələri toparlanmağa başlayıblar. Lakin biz hər seçkidən qabaq yığışıb prosesdən heç olmasa bir şey “qoparmağa” çalışan, bir toyuğun altına yığa bildiyi cücələrin də sayından az adamları olan partiyalardan deyil, real güc kimi özünü ortada görmək istəyənlərdən danışmaq istəyirik.

Məlumdur ki, hazırda ABŞ-da olan sabiq spiker Rəsul Quliyev mövqeyini indidən, hər kəsdən qabaq açıqlayıb. O, 2013-cü il seçkiləri ilə bağlı ictimai-siyasi mühitdə, hətta təbəssümlə qarşılana biləcək açıqlama da verib. Deyib ki, ölkənin növbəti prezidenti özü olacaq. Ola bilər ki, Rəsul Quliyev bu fikri ciddi şəkildə işlədib və hətta buna inanır da. Lakin bu ölkədə orta məktəb şagirdləri arasında belə sorğu keçirsək, bir şagird tapa bilmərik ki, eks-spikerin dediklərinə inansın. Elə bu səbəbdən də onun açıqlaması Azərbaycanın aparıcı siyasi şəxsləri, eyni zamanda rəsmiləri tərəfindən ciddiyə alınmayıb. Bu sözü deməyin mənəvi cəhətdən haqq edilməsini bir kənara qoyuram, Rəsul Quliyev bu sözü deyərkən düşüncəsində, yəqin hələ də 1996-cı ilin Azərbaycanı olub. Ancaq ABŞ-da belə bilirlər ki, bu, o Azərbaycan deyil, 90-cı illər bütün mənalarda əlçatmazdır. Ancaq ortada iddia var və Rəsul Quliyevin ətrafında bir təbəqə, onun müdafiəsini təşkil edəcək, təbliğatını aparacaq carçılar formalaşmaqdadır. Bu iş prosesləri izləyən şəxslərin bildiyi kimi heç də gizli aparılmır. Bir müddət Müsavatdan ayrılan Sülhəddin Əkbər, onunla bərabər bir neçə nüfuzlu siyasətçilər, bəzi QHT-lər, siyasi partiyalar Rəsul Quliyevin aktiv təbliğatı ilə məşğuldurlar. Yenə də qeyd etmək lazımdır ki, bu adamların ciddi bir nəticəyə nail olacağı ağılabatan deyil. Çünki, hər şeydən əvvəl cəmiyyətin vahid lider kimi dəstəyinə ehtiyac var. Cəmiyyət isə, qoy lap bir az da çərçivəni daraldaq, bugünkü müxalifət Rəsul Quliyevə istədiyi dəstəyi verərmi? Yəqin ki, onların bu dəstəkdən imtina etməyə əllərində kifayət qədər arqumentləri var...

O zaman 2013-cü ildə müxalifətin əsas namizədi kim olacaq? Ölkənin narazı elitası, konkret güclü bir şəxsin ətrafında birləşə biləcəkmi? Hələlik ortada olan situasiya bizə nikbin olmaq üçün əsas vermir. Məlumatlara görə, ölkənin əsas müxalif siyasi qüvvəsi hesab olunan AXCP-Müsavat partiyalarının rəhbərliyi arasında da, sözügedən konuda bir ilkin dartışma olub. Məlumatın mahiyyəti belədir ki, Müsavat başqanı İsa Qəmbərlə AXCP sədri Əli Kərimli 2013-cü il prezident seçkilərini müzakirə ediblər. İsa bəy seçkidə əsas müxalifətin, daha doğrusu İctimai Palatanın vahid namizədi olmaq istədiyini lider həmkarına eşitdirib. Müsavat başqanı bu işə partiyasının yaxın aylarda keçirilməsi nəzərdə tutulan Qurultayında da baxılacağını və onun böyük ehtimalla prezident seçkisinə qədər başqan postunda saxlanacağını diqqətə çatdırıb. Bir sözlə, İsa bəy Əli bəydən xahiş edib ki, ona bu dəfə aparıcı müxalifətin vahid namizədi olmaq üçün sonuncu şans yaradılsın.

Məlumatlara görə, Əli Kərimli İsa Qəmbərin bu təklifinə qarşı çıxıb. O, heç bir diplomatik gedişlərdən istifadə etməyərək, açıq şəkildə bildirib ki, prezident seçkisində heç kimə güzəştə getmək fikri yoxdur. Əli bəy 2003-cü ildə namizədliyini geri götürdüyünü xatırladaraq, növbəti dəfə belə bir addım atmaq niyyətində olmadığını açıq şəkildə bildirib.

Maraqlıdır ki, prezident seçkiləri ilə bağlı ölkədə qruplaşmalar, birləşmələr getdiyi bir vaxtda Azərbaycan müxalifətinin iki əsas lideri indidən parçalanmanın əsasını qoyub. Belə bir şəraitdə onların yaratdığı İctimai Palatanın fəaliyyəti də sual altına düşür. Ancaq proseslər sürətlə irəlilədiyi üçün indidən konkret fikir söyləmək mümkün deyil. Yaranacaq yeni situasiyalar, yeni yanaşmalar tələb edə bilər.

“Qafqazinfo”