Ermənistan tikinti materialları adı altında Qarabağa əsgər daşıyırmış... - Video

ermenistan-tikinti-materiallari-adi-altinda-qarabaga-esger-dasiyirmis
Oxunma sayı: 12045

Ermənistan tikinti materialları adı altında Qarabağa, hazırda Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasına daxil olan Azərbaycan ərazilərinə əsgər daşıyırmış.

“Qafqazinfo” Virtualaz.org-a istinadən xəbər verir ki, bu fakt amerikalı jurnalist-könüllü Patrik Lankasterin Yerevandan, Ermənistan Müdafiə Nazirliyinin qarşısından hazırladığı reportajdan üzə çıxıb.

Valideynlər övladlarının tikinti materialları daşıyan maşınlarda, gizli şəkildə Qarabağa gətiriləcəyindən xəbər tutaraq, nazirliyin qarşısına toplaşıblar və etiraz edirlər.

Tələb edirlər ki, onların övladları Qarabağa aparılmasın və ancaq Ermənistan ərazisində xidmətini davam etdirsin. Çünki Qarabağ Azərbaycanın ərazisidir və Prezident İlham Əliyev Ermənistan əsgərinin Qarabağdan çıxarılmalı olduğunu bildirib.

Patrik Lankaster

Patrik Lankasterin videoreportajı Ermənistan hakimiyyətinin ənənəvi olaraq yalan danışdığını və 10 noyabr üçtərəfli razılaşmasının şərtlərini pozduğunu sübut edir.

“Biz istəmirik ki, uşaqlarımızı tikinti materialları kimi Qarabağa aparsınlar. Əvvəl bizə demişdilər ki, onlar daha Qarabağa qayıtmayacaqlar, xidməti Ermənistanda davam etdirəcəklər.

İndi isə onları xəlvəti Qarabağa aparmaq istəyirlər. Bizim uşaqlar tikinti materialı deyil. Orada onları ya əsir götürəcəklər, ya öldürəcəklər. Əliyev deyib ki, Qarabağda Ermənistan əsgəri olmamalıdır, vəssalam”, - əsgərlərdən birinin yaxını deyib.

Toplaşanlardan digər isə deyir ki, üçtərəfli razılaşmaya əsasən Ermənistan hərbçiləri Qarabağda xidmət etməli deyil, çünki ora Azərbaycan ərazisidir və Ermənistan Müdafiə Nazirliyinin belə hüququ yoxdur.

“Biz istəmirik ki, uşaqlarımızı Qarabağa göndərsinlər. Onlar orada olmalı deyillər, çünki bu haqda Ermənistan, Rusiya və Azərbaycan rəhbərlərinin imzaladığı bəyanatda göstərilib. Bizim erməni komandanlığı isə zorakılığa can atır”, - o deyir.

Başqa bir yaşlı erməni isə deyir ki, onun nəvəsi il yarımdır hərbi xidmətdədir, müharibədə iştirak edib. Cəbrayılda, ön xətdə olub.

“Müharibə qurtarıb, o qəlpə yarası alıb və depressiyadadır. Qayıdıb evə. Lakin nazirlikdən adamlar gəlib dedilər ki, nəyə görə o evdədir, hərbi hissəyə qayıtmalıdır.

Dedilər, aparıb müalicə edəcəklər. İndi isə yenidən Qarabağa qaytarmaq istəyirlər. Lakin o bir daha Qarabağda xidmət etməyəcək! Ermənistan ərazisində xidmət etməlidir”, - amerikalı jurnalistə danışan yaşlı erməni bildirib.

Toplaşanlar deyiblər ki, onların övladları gecə saat 3 radələrində evə zəng vurublar, “bizi mülki paltarda Qarabağa aparmaq istəyirlər” deyiblər.

Valideyinlərdən birinin dediyinə görə, əsgərləri şüşələri qara plyonkalı maşınlarda aparmaq istəyiblər, lakin onların etirazından sonra əsgərlərin Qarabağa aparılması dayandırılıb.

Belə görünür ki, Ermənistan tərəfi əsgərləri mülki paltarda, inşaat materiallarının altında gizlədərək, Qarabağa daşımaqla həm də Rusiya sülhməramlılarını aldadır. Bu reportaj bir daha təsdiq edir ki, Azərbaycan Laçın dəhlizi üzərində gediş-gəlişə daha ciddi nəzarət edilməsi barədə Rusiya tərəfinin qarşısında məsələ qaldırmalıdır.

Qeyd edək ki, artıq Azərbaycan XİN Ermənistana hərbçilərini Qarabağda yerləşdirməsi ilə bağlı xəbərdarlıq edib