“Evimizə daşlar tökülüb, qalmağa yerimiz yoxdur” - Açıqlama

evimize-daslar-tokulub-qalmaga-yerimiz-yoxdur
Oxunma sayı: 1018

“Yağışdan sonra daşlar evimizə tökülüb, qalmağa yerimiz yoxdur”.

Bu şikayətlə “Qafqazinfo”ya Səbail rayonu Bayıl qəsəbəsi Dağlıq küçəsində yaşayan Ulduz Abbasov müraciət edib. 

Vətəndaş bildirib ki, yağışdan sonra dağlıq ərazidəki daşlar evinin içərisinə düşüb: “Hazırda təhlükədəyik. Burada 7 ev var, hər an daşlar evi bütovlükdə uçura bilər. Evin divarı demək olar ki, aşıb, digər hissələrdə isə çatlar əmələ gəlib. Bu cür yaşamaq mümkün deyil. 

U.Abbasovun sözlərinə görə, iki il öncə də eyni hadisə baş verib: “Onda da kömək edən olmadı, indi isə vəziyyət bu yerdədir. Harada qalacağımızı bilmirik, heç kəs gəlib bizi evdən çıxartmır”.

Xəbəri rus dilində oxuyun: “Нам негде жить”: крик о помощи жителя Баила - ФОТО/ВИДЕО

Məsələ ilə bağlı Səbail Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan verilən cavab isə belə oldu: “Yağan intensiv yağışlar nəticəsində Səbail rayonu, 20-ci sahə yaşayış massivi, Dağlıq küçəsi 2 ünvanında daş parçasının düşməsi ilə əlaqədar fərdi yaşayış evinə ziyan dəyməsi barədə məlumat daxil olan kimi Səbail Rayon İcra Hakimiyyətinin və aidiyyəti dövlət qurumlarının məsul əməkdaşları tərəfindən sözügedən ünvana yerində baxış keçirilib və müvafiq tədbirlərin görülməsi məqsədilə rəsmi müraciətlər hazırlanıb”.

Fidan Etibar