“Fikirləşirdim ki, sağ qayıtsam, mütləq Vüsaləni tapacağam” - Video

fikirlesirdim-ki-sag-qayitsam-mutleq-vusaleni-tapacagam
Oxunma sayı: 7533

Paralimpiyaçı Vüsalə Kərimovanın Vətən Müharibəsi iştirakçısı, baş leytenant Vaqif Babazadə ilə ailə qurması hər kəs tərəfindən müsbət qarşılanıb. Cütlüyün nikah mərasimindən çəkilmiş fotolar sosial şəbəkələrdə ən çox paylaşılanlardan olub.

“Qafqazinfo” cütlüyün evində olub, onların tanışlıq hekayəsini dinləyib. Məlum olub ki, V. Kərimova Vaqifi ilk dəfə “Asan Xidmət”də görübmüş: ““Asan Xidmət”ə sənəd düzəltməyə gəlmişdi. Orada məni görüb getmişdi və sonra adımı sosial şəbəkələrdə axtarıb tapmışdı. Başladı mənə yazmağa. Çox qısa yazışmamız oldu. İlk dəfə yazanda dedi ki, niyyətim ciddidir. Düşündüm ki, ilk görüşdən insanın niyyəti necə ciddi ola bilər? Sonralar yazırdı, paylaşımlarıma şərh bildirirdi, amma cavab vermirdim. O, Ağdamda xidmət edirdi və düşünürdüm ki, o, uzaqda, mən burada, bu alınan deyil. Sonra Vətən müharibəsi başladı, ağır günlər idi. Şəhid xəbərləri gəlirdi, üzülürdük. Həmin vaxt düşündüm ki, görəsən “Vaqif necədir, görəsən sağdır?”. Müharibə bitdikdən, Şuşa azad edildikdən cəmi 2 gün keçmişdi ki, Vaqif mənə yazdı. Həyəcanlandım və soruşdum ki, “necəsən?”, “necədir vəziyyət?”. Bundan sonra sanki yeni mərhələ başladı və isti münasibətlər yarandı. Ötən ilin dekabr ayında məzuniyyətə gəldi və canlı görüşdük, çünki “Asan Xidmət”də ona fikir verməmişdim. Yeni il bayramından sonra tətil idi və dedi ki, anamı sizə göndərmək istəyirəm. Bildirdim ki, 10-15 gündür tanış olmuşuq, tezdir. Yenə də niyyətinin ciddi olduğunu dedi. Mən də anama dedim və qərara gəldik ki, bir-birimizi daha çox tanıyaq. Mart ayında nişan mərasimimiz oldu və 1 ay keçməmiş nikah bağladıq. Vaqifin mərdliyinə, insanlığına görə onu çox sevdim və qərarım tez oldu”. 

Həm aprel döyüşlərinin, həm Vətən müharibəsinin iştirakçısı olan Vaqif Babazadə isə ilk dəfə Vüsalənin təbəssümündən xoşlandığını deyir: “Onun təbəssümündən xoşlandım, baxışlarını bəyəndim. Üzərindəki vəsiqədən adını oxudum və sosial şəbəkələrdə tapdım. Sonra müharibə başladı və orada da hər gün Vüsaləni düşünürdüm. Əlaqə saxlamaq mümkün deyildi. Sosial şəbəkələr bağlı idi, sadəcə zəng eləmək olardı, onun da nömrəsi məndə yox idi. Amma fikrimdə var idi ki, əgər salamat qayıtsam, mütləq onu tapacağam və qarşısına çıxacağam”.

V. Kərimova həyat yoldaşının hərbçi olmasının ailəsi və özü üçün heç bir çətinlik yaratmayacağını da əlavə edib: “Ölkəmizin, vətənimizin keşiyində duran birinə necə “yox” demək olar? Həm də hazırda çox həssas dövr keçiririk. Belə mərd insana "xeyr" demək olmazdı. Anam buna sevindi, ailəmdə hər kəs fəxr hissi ilə qarşıladı. Bir az özüm narahat idim. Düşünürdüm ki, əlilliyi olan insanı Vaqifin ailəsi necə qəbul edər? Real danışmaq lazımdır və bundan həqiqətən narahat idim. İlk vaxtlarda “yox” deməyimin səbəbi də budur. Vaqif bu xəbəri öz ailəsi ilə bölüşdü və ailəsi də isti qarşıladı. Dedilər ki, övladımızın bəyəndiyi şəxsi biz də bəyənirik. Çox sevindim ki, ailəsi məni özlərindən biri kimi qəbul etdi”. 

Hərbçinin sözlərinə görə, Vüsalənin paralimpiyaçı olmasını sonradan öyrənib: “Onu “Asan Xidmət” işçisi kimi tanıyırdım. Sonradan sosial şəbəkələrdə öyrəndim ki, paralimpiyaçıdır”.

Vüsalə Kərimova nikah mərasimindən sonra ona gələn təbriklərdən söz açıb: “Mənə o qədər mesajlar gəlirdi ki... Telefonum susmurdu, hər kəs təbrik edirdi. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da mənə güllər və üzərində təbrik yazılmış məktub göndərmişdi”. 

Hazırda kirayədə yaşadıqlarını da qeyd edən V.Kərimova Vaqifin yenidən xidmətə qayıdacağı üçün indidən darıxdığını bildirib: “Biz hazırda kirayə qalırıq. Vaqifin də məzuniyyəti bitdikdən sonra xidmətə yola düşəcək. İndidən darıxıram ki, görəsən necə olacaq? O, uzaqda, mən burada. Bir-birimizi görmək üçün nə edəcəyik?

Hazırda Vaqifin bədənində 33 qəlpə yarası var. O, 2016-cı ildə ağır yaralanıb və hətta bir neçə müddət əlil arabasında gəzib. Lakin qazi olmaqdan özü imtina edərək xidmətə qayıtmaq istədiyini bildirib. Yenə də ön cəbhələrdə vətənə xidmət edir”.

Elsevər Məmmədov

Video: Pərvin Zeynal