"Qafqazinfo" xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən iclasda şahidlərin ifadələri dinlənilib. İlk olaraq zərərçəkmiş Emin Şəkinskinin nümayəndəsi Vidadi Məmmədov çıxış edib.
O bildirib ki, 13 aprel 2014-cü il tarixində Gülnarə Şəkinskayanın yaşadığı mənzildən pul seyfi oğurlanıb. Hadisə yeri mənzildir. Mart ayında isə həmin ev sökülüb. Orada necə istintaq aparıla bilər? Emin Şəkinski evi Gülnarə Şəkinskinin adına alıb. Amma seyf və onun kodu Şəkinskiyə məxsusdur.
Təqsirləndirilən şəxslərin nümayəndəsi Cavid Mehrəliyev isə qeyd edib ki, oğurluq baş verən evdə istintaq keçirilməyib: " Aprelin ayının 18-də bu ev yerində idi, amma təhqiqat aparılmayıb. Bu istintaq aparılmalı, cinayət işinin tərkibinə salınmalıdır. Qeyd edirsiz ki, aprelin 18-nə mənzilə baxış keçiriləndə seyfin olmadığını görmüsüz, amma deyirsiz ki, "mart ayında ev sökülüb". Bu necə ola bilər?".
Vəkil Vidadi Məmmədov isə evin artıq söküldüyünü, istintaqın qeyri-mümkün olduğunu deyib.
Təqsirləndirilən şəxslərin nümayəndəsi: “Bu iclasda Emin Şəkinski özü iştirak etməlidir. Vəkili onun adından ifadə verə bilməz. Suallarımıza məntiqli cavablar verilmir”.
Təqsirləndirilən Daşqın Pənahovun vəkili Aydın Nəzərli: "2008-ci ildə Şəkinski ilə arvadı rəsmi olaraq boşanıb. Bu pul birgə nigada qazanılıbsa, əmlak rəsmi qaydada bölünməyib. Əmlak ümumidir. Nə üçün Emin Şəkinski seyfi evdə saxlayıb?
Hakim Əfqan Hacıyev: “Yəqin ki, o biri arvad bilməsin deyə burada saxlayırmış. Bu onun şəxsi işidir.
Təqsirləndirilən şəxslərin nümayəndəsi: "Bizdə olan məlumata görə, ev Gülnarə Şəkinskayanın anasının adına olub".
Vəkil Aydın Nəzərli: “ Gülnarə Şəkinskayanı 4 uşağı ilə ölkədən çıxmağa nə vadar edirdi?
Sonra şahidlərin ifadələri dinlənilib. Şahid qismində çıxış edən Əli Baxşəliyev Raquf İsfəndiyarovu tanıdığını bildirib. Bildirib ki, 36 ildən çoxdur ki, Bərdə Rayon İcra Nümayəndəliyində işləyir: "Raqufu çoxdan tanıyıram və ona inanırdım. Bir gün İcra Nümayəndəliyinə gəldi. Mənə bir nəfər qohumunun rayonda qeydiyyata salınması üçün arayış lazım olduğunu bildirdi. Şəxsiyyət vəsiqəsi və uşaqlarının şəhadətnaməsini təqdim etdi. Mən də ona arayış verdim”.
Dövlət ittihamçısı Fərid Nağıyev: “Siz həmin şəxsləri görmədən necə arayış vermisiniz? Qanuna görə, onlar özü sizə müraciət etməlidir. Sizin verdiyiniz bu arayış əsasında onlar xaricə qaçıblar. Arayışa kim qol çəkdi, möhürü kim vurdu?”
Şahid Əli Baxşaliyev: “Qolu özüm çəkmişəm. Raquf mənə dedi ki, qadın və uşaqlar dəhlizdədir. Ona inandığım üçün həmin şəxsləri içəri çağırmadım”
Hakim Əfqan Hacıyev: "Bir də belə işlərlə məşğul olma. Sən buna görə işdən azad oluna bilərsən. İndi isə gedə bilərsən”.
Məhkəmə prosesində ikinci şahid olan Şaban Hüseynov dindirilib. O, təqsirləndirilən şəxslərdən Pənah Dadaşovu tanıdığını bildirib: “Bir gün səhər Pənah mənə zəng vurdu. Dedi ki, qohumları Tahir nasazdır, onu Gürcüstana aparmalıdırlar. Mən onları Balakən sərhədinə qədər apardım. Orada 10 dəqiqə gözlədik. Başqa bir maşın gəldi. Maşının içində kimlərin olduğunu görmədim. Onlar barədə mənə heç nə demədilər. Sonra Tbilisi avtovağzalına getdik".
Dövlət ittihamçısı Fərid Nağıyev: "Bərdədən çıxanda Gürcüstana getdiyinizi bilirdiniz? Sizə nə qədər pul verdilər?"
Şaban Hüseynov: "200 dollar yol pulu, 500 dollar isə belə verdilər".
Hakim Əfqan Hacıyev digər şahidlərin də məhkəməyə məcburi gətirilməsi barədə qərar çıxardı.
Daha sonra təqsirləndirilən şəxslərin vəkilləri vəsatət qaldırıb. Mənzilin kimin adına qeydiyyatda olması ilə bağlı Səbail Rayon İcra Nümayəndəliyinə sorğu göndərilməsini tələb ediblər. Vəsatət təmin olunub.
Vəkillər Emin Şəkinskinin növbəti məhkəmə prosesində şəxsən iştirakı ilə bağlı vəsatət qaldırıb. Hakim bunu nəzərə alacağını vurğulayıb.
Növbəti məhkəmə prosesi 23 iyul saat 10:00-a təmin olunub.
Günel Türksoy