Gülnarə atasının yasına niyə gəlmədi?

gulnare-atasinin-yasina-niye-gelmedi
Oxunma sayı: 7848

Özbəkistan prezidentinin ölümüylə Kərimovlar ailəsinin, özəlliklə Gülnara və Lolanın müəmmalı günləri başlanıb.

Qafqazinfo” xəbər verir ki, azadliq.org-un yazdığına görə, 25 illik prezidentliyi dövründə İslam Kərimovun ailəsindən, onun gücündən Özbəkistanda çox qorxublar. Di gəl, Kərimovun ölümüylə o günlər də sona yetir. Bu, indən belə də Özbəkistanda qalmaq istəsələr, Kərimovun bəzi ailə üzvlərini və yaxınlarını təhlükəli duruma sala bilər.

Kərimov, əslində, atılmış uşaq olub…

Problem qızlarında – mərhum prezidentin böyük qızı Gulnarada və kiçik qızı Loladadır.
Kərimovun xanımı Tatyana Akbarovnanın (reallıqda onun 2-ci həyat yoldaşıdır) hər hansı bir problemlə üzləşəcəyinə inanmaq çətindir. O, qızlarla müqayisədə ictimaiyyətin gözündən uzaqda qalıb. Ən başlıcası isə, onun ailəsi çox nüfuzludur. Əslinə baxsan, o və qohumlarının köməyi olmasaydı, çətin ki, İ. Kərimov belə karyera yüksəlişi görəcəkdi.

Kərimov yetim və əslində, atılmış uşaq olub. O, Özbəkistan sovet respublikası olduğu vaxt yüksəlişinə yardım göstərən şəxslərlə xanımının ailəsi vasitəsilə tanış olub. Ancaq Tatyana Kərimova indi artıq yaşlı bir qadındır və kiminsə onu ərinin yürütdüyü siyasətlə eyniləşdirməsi ağlabatan görünmür.

Özbəkistan əhalisi Kərimovun iki qızının israfçı yaşam tərzindən xəbərdar olub. Burada əksər insanların aldığı orta əməkhaqqı ayda 200-300 ABŞ dolları civarındadır.

İsveçrədəki nəşr yazıb ki…

İsveçrənin «Bilan» dərgisinin məlumatına görə, Kərimova bacıları bu Avropa ölkəsində mülk sahibidirlər. Bu nəşr 2009-cu ildə İsveçrənin 300 ən zəngin insanının siyahısında Gulnara Kərimovanı da sadalamış və onu 570-665 milyonluq təxmini sərvətlə ölkənin 9-cu zəngin qadını saymışdı. Eyni dərgi 2011-ci ildə bacıların toplam sərvətini 1 milyard dollar civarında qiymətləndirmişdi. Lola və onun əri Timur Tillayev bu üzdən «Bilan»ı məhkəməyə də vermişdi.

Çox güman, Özbəkistan əhalisi sözügedən dərgidəki siyahıdan elə də məlumatlı deyil. Buradakı dövlət mediası belə mövzulardan həmişə yan ötüb. Kərimova bacıları Özbəkistanda diqqətdənkənar qalsaydılar, bu, özbək xalqı arasında heç vaxt böyük bir məsələyə çevrilməzdi.

Gulnara isə məhz diqqətə susamışdı. Onun Özbəkistandan kənarda nəhəng holdinqləri, vətənində isə telekanallar da daxil, bir neçə biznes qurumu vardır.

«Ən nifrət edilən insan»

Onun sahibi olduğu «Forum» televiziya kanalı Özbəkistanda çəkilən və gənclərə hesablanan filmləri göstərsə də, həmin filmlər böyük ölçüdə Gulnaranın cəlb olunduğu olayları əhatə edirdi: Budur, Gulnara təşkil etdiyi xeyriyyə konsertlərinə qatılan insanlarla qaynayıb-qarışır… Gulnara Birləşmiş Ştatlarda moda məktəbində görünür…

«Forum» televiziyası onun Özbəkistanda keçirilən moda nümayişlərini də geniş işıqlandırırdı. Proqramlar arasında göstərilən cizgi filmlərində həzin musiqi eşidilir və eynən Gulnaraya bənzəyən bir qız günəşə boylanan bir dağın gül-çiçəkli yamacında gəzir. Böyük bacının müğənnilik istedadı da müxtəlif videolarda aramsız diqqətə çatdırılırdı.

«WikiLeaks» Gulnaranı “Özbəkistanda ən nifrət edilən insan” kimi qələmə vermişdi. Xaricdəki qaranlıq maliyyə əməliyyatları onun tükənməz «enerjisini» göstərirdi. Onun adı Özbəkistanda sərfəli müqavilələr əldə etmək üçün rüşvət verməkdə ittiham olunan bir neçə xarici şirkətlə də hallanır.

Gulnara 2014-cü ildə Özbəkistanın yüksəkrütbəli hökumət rəsmilərinə, daha sonra isə bacısı və anasına qarşı tənqidedici çıxışlarına görə qeyri-rəsmi ev dustaqlığına məhkum edilmişdi.

Uzun müddət gözdən itsə və haqqında heç nə eşidilməsə də, hətta sentyabrın 3-də atasının Səmərqənddəki dəfninə qatılmasa da, təsdiqlənməyən məlumatlara görə Gulnara hazırda Özbəkistanda deyil. O, nə vaxtsa geri qayıda bilər, hərçənd, bu qayıdış, çətin ki, tezliklə baş tuta.

Mərhum prezidentin qızı Lola

Onun bacısı Lola 2008-ci ildən Özbəkistanın UNESCO-dakı səfiridir və çox güman, yeni prezident vəzifəyə keçincə, həmin mövqeyini itirəcək. Lola illərdir ki, iki xeyriyyə kanalını maliyyələşdirir: valideyn himayəsindən məhrum olmuş fiziki əngəlli uşaqlara əl tutan “Sən tək deyilsən” (You Are Not Alone) və fiziki əngəlli uşaqların təhsilinə və onlara tibbi yardım göstərilməsinə kömək edən “Uşaqların Milli Sosial Adaptasiyası Mərkəzi” adlanan kanalları (National Center for the Social Adaptation of Children). Görünür, bu iki xeyriyyə kanalını maliyyələşdirməsi Özbəkistanda öz nüfuzunu artırmaqda ona kömək edib.

Qeyd olunduğu kimi, «Bilan» dərgisi Lolanın milyonlarla dollarlıq aktivlərindən də yazıb. 2014-cü ilin qiymətləndirməsinə görə, ona və ərinə aid aktivlərin dəyəri 100-200 milyon dollar civarındadır. Lolanın özü bu rəqəmin çox şişirdildiyini bildirib.

İngiltərənin «The Daily Mail» qəzetində, ardından «The New York Times»da çıxan məqalələrdə Lolayla ərinin Hollivudda 58 milyon dollar dəyərində imarət aldıqları vurğulanır. «The Daily Mail» «The Real Estalker» bloquna istinadla, Tillyaev-lərin 2010-cu ildə Cenevrədə 41 milyon dollar dəyərində əmlak aldıqlarını da bildirib.

«The New York Times»da iddia edilib ki…

«The New York Times» iddia edir ki, Hollivuddakı imarət Lolayla ərinin həmin ərazidəki bir neçə mülkündən biridir. Lolanın Parisdə də mənzili var. O, UNESCO-da səfir qismində fəaliyyət göstərdiyi vaxt həmin mənzildə yaşayıb.

Artıq illərdir ki, Lola və əri Özbəkistanda yaşamırlar. Lola atasının dəfn mərasiminə qatılsa da, xaricdəki həyat tərzinə baxınca, ata himayəsi olmadan onun Özbəkistana – bu qeyri-müəyyənliyə qərq olan ölkəyə qayıtması heç inandırıcı görünmür.

Beləliklə, Özbəkistanın İslam Kərimovsuz gələcəyi, böyük ehtimalla, onun qızlarının olmadığı gələcək deməkdir. Bu perspektiv, yəqin ki, Özbəkistanda çox az adamın qanını qaraldacaq.

Kərimovun birinci evliliyindən olan və ailəyə yadlaşan oğlu Pyotrun Rusiyada yaşadığı bildirilir. O, Özbəkistan 1991-ci ildə müstəqillik əldə edəndən sonra, çox güman, bu ölkəyə heç gəlməyib də.

Zorla ruhi dispanserə yerləşdirildi…

İslam Kərimovun, azı, bir bacısı və bir qardaşı da var. O, yetimxanaya verilərkən, valideynləri onları böyüdürdülər. Mərhum prezidentin öz bacı-qardaşıyla çox az-az əlaqə saxlaması bəlkə də anlaşılandır. Bəlkə bacısı oğlu Jamshed-in müstəqil mediada Özbəkistan hökumətini tənqidə tutan məqalələrindən sonra zorla ruhi xəstəxanaya yerləşdirilməsi də anlaşılandır. İ. Kərimov bundan xəbər tutanda tükünü də tərpətməmişdi…