“Gülümsəyin, indi quş çıxacaq!”

gulumseyin-indi-qus-cixacaq
Oxunma sayı: 1567






Gülümsəyin, indi quş çıxacaq!


Gecələrin birində barda oturub, zəhləm getmiş adam haqqında boşboğazlıq edirdim. Saqqallı bir kişi gəlib yanımda oturdu.

- Bəlkə onu öldürüb, bu işə biryolluq son qoyasınız? – o, dostcasına soruşdu.

- Bu haqda düşünmüşəm, – mən cavab verdim. – Niyə də öldürməyim?!

- Gəlin sizə sağlam mühakimə yürütməkdə yardımçı olum, – o, təklif etdi. Sinədən çıxan səsi, yekə burnu vardı. Qara yun kostyum geyinmişdi. Boğazına qara incə qalstuk bağlamışdı. Ağızdan pərtöv adam idi. – Siz hadisəyə nifrət nöqteyi-nəzərindən baxırsınız, – o, davam edirdi. – Sizin, işinizi planlaşdıra biləcək, elektrik stuluna gözlənilməz səyahətdən qurtara biləcək müdrik mütəxəssisin soyuqqanlılığına və xidmətinə ehtiyacınız var. 

- İndi belə adamı hardan tapım?

- Siz o adamı artıq tapmısınız.

- Siz dəlisiniz.

- Tamamilə doğrudur. Bütün həyatım dəlixanalarda keçib. Bu fakt mənim xidmətlərimə xüsusi cazibədarlıq qatır. Əgər birdən sizə qarşı ifadə verməyə başlasam, onda vəkiliniz mənim məşhur dəli və cinayətkar olmağımı sübut etməkdə çətinlik çəkməz.

- Bəs cinayətiniz nədən ibarət olub?

- Heç nədən. Lisenziyasız həkimlik fəaliyyəti ilə məşğul olurdum.

- Qətlsiz?

- Qətlsiz. Amma bu heç də “qatil olmamışam” anlamına gəlmir. Əslində, məni lisenziyasız həkimlik fəaliyyəti ilə məşğul olmaqda ittiham edən az qala bütün adamları öldürmüşəm, – o, nəyisə hesablayırmış kimi tavana baxdı. – Bəlkə iyirmi iki, bəlkə iyirmi üç, bəlkə də çox. Onları illər ərzində öldürmüşəm. Hər gün qəzet oxumurdum.

- Onları öldürdükdən sonra adlarını silirdiniz və səhər duranda yenə də siyahıya baxırdınız?

- Yox, yox, nə danışırsınız, yox, yox, – o, etiraz etdi. Onların çoxusunu türmədə sərbəst olduğum zamanlarda öldürmüşəm. Mən “divarın-üstündən-pişik” texnikasından istifadə edirdim. Bunu sizə də məsləhət görürəm.

- Bu yeni üsuldur?

- Əgər bu üsulda yenilik olsaydı, çox şad olardım, – o, başını yellədi. – Amma o qədər bəsit üsuldur ki, anlaya bilmirəm niyə indiyə kimi heç kimin ağlına gəlməyib. Bundan başqa, adam öldürmək köhnə ənənədir.

- Bu üsulun tətbiqində pişikdən istifadə edirsiniz?

- Pişikdən müqayisə üçün istifadə edirəm. Bax, sizə məntiqli bir sual verim. Əgər bir nəfər hər hansısa bir səbəbdən pişiyi götürüb divarın üstündən atarsa və pişik adamın üstünə düşüb, üz-gözünü cırmaqlayarsa, pişiyi atanın günahı varmı?

- Əlbəttə.

- Yaxşı, indi sualı başqa cür qoyaq: əgər pişik adamın üstünə yox, yerə düşərsə və on dəqiqə keçməmiş həmən pişik hansısa adamın üz-gözünü cırmaqlayarsa, pişiyi atanın günahı varmı?

- Yox.

- Bax, təhlükəsiz qətl törətmək üçün istifadə etdiyim “divarın-üstündən-pişik” texnikasının gözəlliyi də elə bundadır.

- Gec işə düşən bomba kimi?

- Yox, yox, yox, – solğun təxəyyülümə yazığı gəlirmiş kimi etiraz etdi.

- Tədricən öldürən zəhər kimi? İnfeksiya kimi?, – sual verməyə davam edirdim.

- Yox bu da deyil. İndi yəqin düşünürsünüz, bəlkə dediyim texnikanın açması cinayət törətmək üçün başqa şəhərdə qatil tutmaqdır, – o, özündən razı halda arxası üstə stula söykəndi – Bəlkə bu ixtiranın müəllifi elə özüməm?

- Tapa bilmədim. Təslim oluram.

- Sizə hər şeyi izah etməzdən əvvəl, arvadımın sizin şəklinizi çəkməsinə icazə verməlisiniz, – o, barmağıyla məni arvadına göstərdi. İncə dodaqları, rəngli saçları, axmaq dişləri olan arıq arvadı vardı. Barın bir küncündə oturmuşdu. Qarşısındakı pivəni içməmişdi. Arvadı dəliyə oxşayırdı, şizofreniyaya yoluxmuş adamın əzablı baxışları oxunurdu üzündən. İşıq verən “Rolleiflex” fotoaparatı vardı. Ərinin işarəsiylə bizə yaxınlaşıb, şəklimi çəkməyə hazırlaşdı.

- Bax, indi quş çıxacaq! – o, dedi.

- İstəmirəm mənim şəklimi çəksinlər, – etiraz etdim.

- Denən çiiiiiiz, – o, gülümsəməyimi istəyib, fotoaparatı çıqqıldatdı, qığılcım çıxdı.

Gözüm barın qaranlıq guşəsinə sataşdı. Gördüm qadın qaçır.

- Bu nə deməkdir?! – hiddətlənib ayağa qalxdım.

- Sakitləşin. Əyləşin. Sadəcə sizin şəklinizi çəkdilər.

- Mənim şəklimnən nə etmək fikrindədir?

- Çıxartmaq fikrindədir.

- Bəs sonra?

- Bizim qızıl xatirələrimizin yer aldığı fotoalboma yerləşdirmək…

- Bu şantajdır?

- Bəlkə şəklinizi nəsə qəbahətli bir iş gördüyünüz anda çəkdi?

- Şəkil mənə lazımdır.

- Siz mövhümatçısınız?

- Mövhümatçı?

- Bəzi adamlar belə hesab edirlər ki, onların şəklini çəkdikdən sonra, fotokamerada ürəklərindən bir tikə qalır.

- Nə baş verdiyini anlamaq istəyirəm.

- Əyləşin, nə baş verdiyini deyəcəm.

- Daha tez və təfərrüatla danışın mümkünsə.

- Tez və ətraflı danışacam, dostum. Mənim adım Feliks Koradubayndır. Bu ad sizə nəyisə xatırladırmı?

- Yox.

- Mən bu şəhərdə düz yeddi il psixiatr işləmişəm. Qrup terapiyası ilə məşğul olmuşam. Güzgülü dairəvi zalda, həykəltaraşlıq nümunələri ilə zəngin sarayda, maşın dayanacağında və rənglənmiş dəfn zalında işləmişəm.

- İndi yadıma düşdü.

- Əla. İstəmirəm məni yalançı sayasınız.

- Siz fırıldaqçılıq üstündə tutulmuşdunuz.

- Elədir.

- Hətta siz orta məktəbi də bitirməmisiniz.

- Unutmayın, Ziqmund Freyd məktəbə getmədən bilik qazanmışdı. Frey demişdi ki, güclü intuisiyanın olması, tibbi məktəbdə təhsil almaq qədər vacibdir.

O, güldü və fikrinə davam etdi.

- Mən həbs edilərkən, orta məktəbi zorən və ya istəyərəkdən bitirmiş bir cavan müxbir – bəlkə də o, kolleci qurtarmışdı – məndən paranoya haqqında danışmağımı istədi. Təsəvvür edirsiniz? Düz yeddi il şəhərin ruhi xəstələriylə işləmişəm. Bəlkə də geridəqalmış bir universitetin yalnız birinci kursunu bitirmiş bu balaca həyasız isə düşündü ki, verdiyi sualla məni tələyə salacaq.

- Paranoya nə deməkdir?

 - Ümid edirəm ki, bu sualı həqiqəti tapmaq naminə verirsiniz.

- Elədir.

Əslində sualı verməkdə başqa məqsəd güdürdüm.

- Yaxşı, paranoyaya olan marağınızı elə indicə təmin etmək lazımdır.

- Elədir.

Hər şey əksinə oldu.

- Dostum, paranoik ən ağıllı üsulla dəli olmuş adama deyirlər. Bu cürə dəlilik isə dünyanın nə demək olmasını daha çox anlamaq yolundan keçir. Paranoik özünə qarşı böyük sui-qəsdin hazırlanmasına inanır.

- Bəs siz özünüz necə, belə bir sui-qəsdə inanırsınızmı?

- Dostum, məni artıq məhv ediblər! Təsəvvür edin, ildə altı min dollar pul qazanırdım. Varlı idim, qürurlu idim, xoşbəxt idim. Bayaq sizin şəklinizi çəkən bu bədbəxt qadın isə qəşəng, ağıllı və həlim təbiətliydi.

- Pis vəziyyətə düşmüsünüz.

- Doğrudan pis vəziyyətdəyəm, dostum. Özü də belə vəziyyətdə olan tək biz deyilik. Bu şəhərin minlərlə psixi xəstəsinin sağalmasına heç bir kömək göstərilmir. Bu bədbəxt kasıbların əksəriyyəti həkimlərdən qorxurlar. Mən onlara kömək edirdim. İndiysə heç kim etmir. Bəli, mən insan ürəkləri dənizində qanunsuz balıq tuturdum. Yenə bulanıq suda balıq tutmalıyam.

- Siz tutduğunuz siyahını kiməsə verirdiniz?

- Yox, yandırdım. Yalnız tanıdığım təhlükəli paranoiklərin siyahısını saxladım. Amansız dəlilər şəhərdə gizləniblər. Məsələn, paltaryuyan qadın, telefon ustası, nəbatatçı köməkçisi, liftçi və digərləri.

Koradubayn gözlərinı qapadı.

- Mənim sehrli siyahımda 123 adamın adı var. Kimin qulağına nəsə bir səs gəlirsə, elə bilir kimsə gəlib ona nəsə edəcək. İstənilən qorxudulmuş adam, öldürməyə qadirdir.

Feliks Koradubayn arxası üstə söykənib gülümsədi.

- Belə görürəm, yavaş-yavaş anlayırsınız. Məni həbs edib, sonra da girov müqabilində azadlığa buraxdıqdan sonra, bayaq arvadımın sizi çəkdiyi kameranı aldım. Arvadımnan birlikdə dairə prokurorunun, tibbi assosiasiyanın prezidentinin, mənim həbsimi tələb edən jurnalistin şəklini çəkdik. Sonra arvadım hakimin, məhkəmə iclasçılarının, prokurorun və şahidlərin şəklini çəkdi. Mən paranoik xəstələrimi çağırıb, onların qarşısında üzrxahlıq elədim. Dedim səhv eləmişəm. Dedim sizə qarşı sui-qəsdin hazırlanması doğrudur. Dəhşətli bir sui-qəsdin üstünü açmağım və bu sui-qəsdin iştirakçılarının şəkillərinin məndə olmasına onları əmin etdim. Şəkildəki adamların simasını yadda saxlamağı, ehtiyatlı olmağı və həmişə silah gəzdirmələrini onlardan xahiş etdim. Vaxtaşırı şəkillər göndərəcəyimə söz verdim.

Simasına günahsızlıq qonmuş, istənilən anda adam öldürüb qaçmağa qadir dəlilərnən qaynayıb-qarışan şəhər canlandı təsəvvürümdə. Dəhşətə gəldim.

- Demək sizdə olan şəklim… – mən yazıq-yazıq dedim.

- Əgər bu söhbətimizi sirr saxlasanız və mənə pul versəniz, biz onları gözdən qoymayacağıq.

- Nə qədər verim?

- Üstünüzdə nə qədər pul varsa verin.

On iki dollar pulum vardı. Hamısını verdim.

- İndi şəklimi geri ala bilərəm?

- Yox. Üzrlü hesab edin, qorxuram qeyri-müəyyən vaxta təxirə düşsün. Necəsə yaşamaq lazımdır.

Feliks ah çəkib, pulu portmanetində gizlətdi.

- Dəhşətli zəmanə gəlib, dəhşətli… – o, donquldandı. – Kimin ağlına gələr ki, bir zamanlar hörmətli bir mütəxəssis idim.

Kayzen.az