“Hafka”nın yolunu kim kəsir?..

hafkanin-yolunu-kim-kesir-
Oxunma sayı: 8084


Adı son aylar mətbuatda ən çox hallanan “Hafka” ləqəbli iş adamı, “Baghlan Group”un prezidenti Hafiz Məmmədovun başında nə iş var? Onun biznesinin sual altına düşməsi, az qala ölkədən qaçarkən saxlanılması haqqında son günlər saytların yazdıqları daha çox intensivləşib. “Qafqazinfo” xəbər ver ki, baş verənlər haqqında virtualaz.org saytı müəyyən məlumatlarını paylaşıb. Biz əvvəlcə həmin xəbərləri diqqətinizə çatıdırıb, sonra bir iki əlavələrimizi də edəcəyik.  

Beləliklə virtualaz.org saytı xəbər verir ki, “Hafka”nın biznes fəaliyyətindəki “axsamalar”, ölkədə ən güclü futbol kulublarından biri hesab olunan “Bakı” futbol klubunun bazasının satışa çıxarılması, “Bank of Azerbaijan” ətrafında yaranan böhran və “Hafka”nın nəqliyyat naziri Ziya Məmmədovla əlaqələri medianın gündəmindən düşmürdü. H.Məmmədovun nəzarət səhm paketinə sahiblik etdiyi Fransanın “Lans” klubuna da son günlərə qədər on milyonlarla dollara yaxın borcu olub. İyulun 3-də isə “Hafka” “Lans”ın hesabına 10 milyon dollar ödəməklə borcu 11.5 milyona qədər endirə bilib.

“Lans” klubunun prezidenti Jerve Martel H.Məmmədovun klubun bank hesabına 10 milyon avro köçürdüyünü təsdiqləyən sənədi təqdim edib. Xəbər verildiyi kimi, “Hafka” bu il yüksək liqada oynayacaq “Lans”ın 43 milyon avroluq büdcəsinin təxminən yarısını vermək barədə öhdəlik götürüb. Lakin o, may ayında ödəmə haqda sənədləri imzalasa da pulları hesaba köçürməyi ləngidirdi. Fransanın Peşəkar Klublara Nəzarət Komissiyası (DNCG) yetərli maliyyə qarantiyasının olmamasını və pulların iyunun 26-dək köçürülmədiyini əsas gətirərək klubun yüksək liqada oynamasına icazə verməyib. Jerve Martel “Hafka”nın kluba 10 milyon avro köçürdüyünə dair sənədi DNCG-yə təqdim edib və indi komissiyanın qərarının dəyişdirilməsini gözləyir. Lakin klubun büdcəsinin formalaşması məsələsi bununla da tam həll edilməyib. İndi “Hafka” vəd etdiyi qalan 10 milyon avronu da köçürəcəyinə dair möhkəm təminat verməlidir.

“The Daily Mail” qəzeti isə yazır ki, “Lans”a vəd etdiyi pulları çətinliklə tapıb göndərən “Hafka” İngiltərənin II liqada oynayan “Şeffild Uednesdi” (“Sheffield Wednesday”) klubunun səhmlərinin 100 faizinin alınması üçün vəd etdiyi pulları da hələ ödəməyib. Baxmayaraq ki, klubun səhmlərinin alınmasına dair bütün sənədlər imzalanıb. İndi klubun keçmiş sahibi, prezident vəzifəsində qalan Milan Mandariç “Şeffild Uednesdi” üçün yeni futbolçu transferlərinə tərəddüd edir: “Bu, heç də xoş olmadı. Gözləmək məcburiyyətindəyik. Stüart Qrey kimi bir neçə futbolçu cəlb edib komandanı yaxşılaşdırmağa can atırdıq” - deyə M.Mandariç bildirib.

“Hafka”nın Azərbaycandakı klubu “Bakı” ağır maliyyə böhranındadır və bu günlərdə klubun səhmlərini onun əlindən nəqliyyat nazirinin oğlu Anar Məmmədov və Beynəlxalq Bankın İdarə Heyətinin sədri Cahangir Hacıyev alıb. Belə ki, “Hafka”nın Beynəlxalq Banka iri məbləğdə borcu var və səhmlər onun borcunun bir hissəsi kimi alınıb. Qeyd edək ki, Beynəlxalq Bankın “Hafka”nı məkkəməyə verməsi barədə  AzPolitika.info-nun məlumtını tərəflər nə təsdiq, nə də təkzib etmişdilər.

“Hafka”ya qarşı addım atanların sırasına nəqliyyat naziri Ziya Məmmədovun oğlu vasitəsi ilə qoşulmasının da özəl səbəbi var. Nəqliyyat naziri bu addımı ilə ona yaxınlığı ilə tanınan “Hafka”nın biznesinin tam nəzarətindən çıxmasına çalışır. “Yeni Müsavat”a daxil olan məlumata görə, H.Məmmədovun maliyyə vəziyyəti heç də göründüyü qədər çətin deyil. Onun Avropa banklarının birindəki hesabında 1 milyard avro pulunun olması haqda bilgi var. Və həmin para çox yüksək səviyyəli qarantiya altındadır. Yəni H.Məmmədov hansısa 20-22 milyonu tapıb “Lans” futbol klubuna ödəyə bilməyəcək qədər kasıb deyil. “Hafka”nın Azərbyacandan çıxarılmasının kökündə onun Fransada özünün məşhurlaşması yönündə atdığı addımlar, xərclədiyi fantastik pullar əsas rol oynayıb. Nəqliyyat nazirinə yaxın oliqarxın bu hərəkəti hakimiyyət daxilindəki 2 əsas qruplaşma rəhbərliyindən birinin xoşuna gəlməyib. Bundan sonra həmin qruplaşmanın nəzarətində olan Azərbaycan Beynəlxalq Bankına H.Məmmədovun məhkəməyə verilməsi və “Bakı” futbol klubunun əlindən alınması tapşırılıb.

H.Məmmədovla bağlı redaksiyamıza daxil olan məlumatları təsdiqləyən fikirləri bu ilin fevralında “France Fotball” nəşrinə Fransanın “Mets” klubunun keçmiş müdafiəçisi, 2010-2011-ci illərdə “Bakı” futbol klubunda oynamış Stefan Barbikoni demişdi. Futbolçu

“Lans” klubunun yeni sahibi, azərbaycanlı oliqarx Hafiz Məmmədovla “Bakı”da oynadığı vaxtlarda “görüşdüyünü deyib.

“Hafiz Məmmədov istəsə ”Lans”a 20 milyon yox, lap 40 milyon avro da verə bilər! Futbol onun üçün qətiyyən qazanc mənbəyi deyil. Hafiz Məmmədovun bir neçə milyard avro pulu, Londonda, Dubayda, Bakıda və Moskvada fəaliyyət göstərən çoxsaylı neft-qaz, taksi, tikinti şirkətləri var” - deyə S.Barbikoni bildirib.

“Bakı”nın keçmiş oyunçusu “Hafka”nın Fransa futboluna pul qoymasının motivlərini “özünü təbliğ etmək istəyi” ilə izah edib. Stefan Barbikoni bundan əvvəl Fransa mətbuatına Hafiz Məmmədovun “Bakı” klubunun braziliyalı oyunçusunun uşağının anadan olması münasibətilə ona “bir uşaq arabası dolu pul verdiyini” demişdi.

“Lans” klubunun keçmiş müdafiəçisi, kapitanı və məşqçisi olmuş Jan-Gay Vallem isə “France Football”a açıqlamasında deyib ki, Hafiz Məmmədov bu kluba 20 milyon avro qoyubsa, deməli, onun nəsə gizli motivi olmalıdır. “Əgər o, 20 milyon avro yatırırsa, deməli burada nəsə etmək istəyir” – deyə keçmiş kapitan bildirib.

Bu “gizli motiv” hər nədirsə, deyəsən tərs təpib və artıq iş adamını bitirməkdədir.

“Qafqazinfo” saytı sonuncu abzasda işarə vurduğu “gizli motiv”lər haqqında bir sıra bilgilər əldə edib. Bu bilgilərə görə H. Məmmədovun başına gələnlərin heç biri onun qəbahəti ilə bağlı deyil. Məlumatlara görə, “Hafka”nın problemi ona “krişa”lıq edənlərin indi müəyyən vədlərinə xilaf çıxmaları ilə bağlıdır. Belə ki, H. Məmmədovun sahibi olduğu boyuk biznesə, bir sözlə iqtisadi layihələrinə siyasi cəhətdən hamilik edənlər, ona QARANT duranlar indi öz dostlarından imtina ediblər. Məlumatlara görə, söhbət "Hafka" vasitəsi ilə Azərbaycanda müəyyən layihələrə cəlb olunan və onun əli ilə ödənən böyük məbləğdə vəsaitlərin geri qaytarılmasında yaranan problemlerdən, bu səbəbdən də H. Məmmədovun loru desək ortalıqda qalmasından gedir. Baxmayaraq ki, H. Məmmədov elə cəmi bir neçə ay əvvəl bu söz-söhbətlər yaranmağa başlayanda "Qafqazinfo"ya verdiyi müsahibəsində heç bir probleminin olmadığını, bütün dostları ilə münasibətlərinin ideal səviyyədə davam etdiyi bildirmişdi. Həmin vaxt biz də müsahibənin başlığını "Ziya Məmədov mənim atamdır" kimi qoymuşduq. 

Kimin-kim olmasıyla bağlı Azərbaycanda artıq kimsəyə ayrıca xəbər oxutdurmağa ehtiyac yoxdur.  Bu mənada hər kəs yaxşı bilir ki, bacarıqlı, lakin yuxarı səviyyədə "sivyaz"ı olmayan iş adamı "Hafka"ya hamiliyi, özünün dili ilə desək "atası" Ziya Məmmədov edirdi. Bu gün isə onların münasibətlərindəki çat o həddə çatıb ki, deyilənə görə hətta bu yaranmış uçurumu onların ortaq dostu və əsas vəzifəsi "çatları aradan qaldırmaq" olan Cavid Qurbanov da qırlayıb düzəldə bilməyib. Məhz "Hafka"nın başına gələnlər, onun iflas həddinə düşməsinin də əsas səbəbi buradadır. Bu mövzuda maraqlı və müxtəlif məlumatlar hər gün daxil olmaqdadır. Lakin onları "Hafka" ölkədən qaçırdı, tutdular" kimi dəqiq informasiya yükünə söykənmədən yazmaqla əslində məslənin mahiyyətindən uzaqlaşmaq lazım deyil... Məhz problemi araşdırıb tapmaq və "Hafka"nın yolunu kimin və niyə kəsdiyini öyrənmək lazımdır. Bu yazdıqlarımızdan əslində onun yolunu kimin bağladığı aydındır. Lakin səbəb əlbəttə daha maraqıdır. Görəsən məşhur "Yol əhvalatı" filmində deyildiyi kimi işlərin belə "razqar" vaxtında nə baş verib bu ata-bala arasında?.. Biz bunu əlbəttə ki, "Yol əhvalatı"ndan olmasa da, "yol"dan axtarmalıyıq. Məhz bu mövzuda əldə etiklərimizi sizin diqqətinizə çatdırmağa çalışacağıq.