“İblisəmi uymuşuq?” - - Polis polkovnikinin 21 il öncəki yazısı

iblisemi-uymusuq-
Oxunma sayı: 3561




İblisəmi uymuşuq?

1989-cu ilin bir payız axşamında  Moskvada bir Azərbaycanlı ailəsinin toy məclisiydi  və bu azsaylı ziyafət paytaxt mühitində elə bil böyük-böyük ümmanlarda qərib-qərib adlara bənzəyirdi. Maştağadan gül aparmış Mirzeynal, Fərhad, Tahir dao toyda iştirak edirdilər və məclisdən çıxanda həmişə içimizdə qıvrılıb yatan ( xüsusən içdiyimiz vaxt) qara ilan qərib ölkədə də baş qaldırdı. Köhnə söhbətlər, incikliklər ağı  kimi ən adi münasibətləri zəhərlədi  və dalbadal Mirzeynalın  bədəninə saplanan bıçaq zərbələri Moskvanın ucqar  yaşayış ünvanında gənc bir vətən övladının ömrünə son qoydu. Əhvalatı eşidib-bilan ruslar köhnə dədə-baba deyimlərinə uyğun olaraq millətimiz haqqında öz sözlərini dedilər və Moskvanın milis işçiləri də bir-iki dəfə Bakıya gəlib qayıdandan sonra qatili tutub eləyən olmadı. 
31 may 1992-ci il. Düz toy məclisinin içərisinə yeridim. Mənə məhəl qoyan yox idi.  Xanəndə Əlibaba Məmmədov  muğam oxuyurdu. Cibimdəki  «TT»-ni bərk-bərk ovcumda sıxmışdım. Fikirləşdim, indi atəş açsam, başqasına xətər toxuna bilər.Yaxşısı budur, yığnağın axırını gözləyim. Siqaret yandırıb çıxdım. Təkrar bir də onda qayıtdım ki, artıq çalğı alətlərini yığışdırırlar. Onu dəqiq tanımırdım. Ancaq adamlar dağılışanda təbriklərdən müəyyən elədim ki, Tahirdir. Yavaş-yavaş yaxınlaşdım. Hey, Allaha yalvardım ki, gülləm boşa çıxmasın, bir də belə fürsət ələ düşməyəcəkdi. 5-6 metrlikdən  nişan alıb bircə güllə atdım. Düz başına dəydi. Yavaş-yavaş geri çəkildim. Dalımca düşmək istəyən oldusa, havaya atdığım güllədən sonra heç kəs buna cəsarət etmədi. 

Özümü ələ ala bilmirdim. Qan tutmaq məsələsi doğru imiş. Bədənimin müəyyən yerini çərtib azacıq qan çıxartmaq yadıma düşmədi. Birtəhər nardaran yolu ilə köhnə iş yerimə (gözətçi işləyirdim) gəldim. Hasarı aşıb içəri keçdim. Heç kəs yox idi. Oturdum. Gözümə yuxu gedə bilməzdi. Baş verənləri hələ dərk edə bilmirdim. Sonrası gün başqa-başqa yerlərdə gizləndim. Bir gecə qardaşımın qəbri üstə getdim. Ziyarət edib dedim: Allah hər ikinizə rəhmət eləsin, mən bu dünyada öz borcumu yerinə yetirdim, siz o dünyada özünüz bilərsiniz.
7 mart 1993-cü il Sabunçu Rayon Polis İdarəsinin cinayət-axtarışı üzrə əməliyyat müvəkkilləri- polis leytenantları- V.Rəhimov,  N.İbrahimov, yetginlik yaşına çatmayanların işi üzrə baş inspektor polis kiçik leytenantı  Y.Qurbanov və digər əməkdaçlar Maştağa qəsəbəsi Kolxoz küçəsindəki 26 nömrəli evi xüsusi nəzarət altında saxlayırdılar. Alınan məlumata görə 1992-ci lin mayın 31-də Maştağa qəsəbəsində toy məclisində qətl hadisəsi törətmiş Mirkazımov  Mirteyyub Mirbağır oğlu həmin axşam mənzilində idi. Cinayətkarda odlu silah olduğu barədə polis işçilərində mə’lumat vardı.Son dərəcə ehtiyatlı və sayıq hərəkət etmak lazım idi. Mirkazım nə qaçıb gizləndi, nə də müqavimət göstərməyə çalışdı. Ailə üzvləri ilə görüşüb maşına əyləşdi. Mayın 31-də vaya dönən o toy gecəsi təzə bəyin- Tahirin qanının tökmək üçün istifadə edilən «TT» markalı silah da mənzildən götürülüb Sabunçu polis idarəsinə gətirildi. 

Üz-üzə əyləşmişik. Təbiətcə mülayim adamdır. Hər kəlməsini allahla başlayır. İlk sözü də bu oldu: Allah hər ikisinə rəhmət eləsin, dünyadan cavan köçdülər. Sonra da enişli-yoxuşlu, zilli-bəmli, ağır bir əhvalatın ağrı-acısını daşımağa məcbur olduq.

Moskvada qardaşım o cür qətlə yetiriləndən sonra dünya mənim üçün mə’nasını itirmişdi. Heç cür özümə gələ bilmirdim. Atam-anam, yaxın qohumlarım qabağıma Qur’an qoyub and verirdilər ki, eləmə. Allaha tapşır onu. Çar-naçar razı olurdum,lakin heç bir an keçməmiş qardaçımın surəti dururdu gözümün önünda və iradəm hec cür özümə tabe olmurdu. Mirzeynalın qisasını alandan sonra bir müddət Moskvada gizləndim, sonra Cəlilabada getdim, orada dostum vardı. İstədim sərhəddi keçim İrana gedəm, ancaq alınmadı, qayıdıb gəldim. Bir az alver eləyib pul topladım. İndi də həyətin gülünü yerbəyer  eliyib, Allaha and olsun, özüm təslim olacaqdım.Ailə, uşaqlar, atam-anam... özünüz bilirsiniz də.  Xərclik  üçün yanlarında  pul qoymaq  lazım idi, yoxsa yox? 

- Mirteyyub, qardaşının qanını alandan sonra  özündə bir dəyişiklik duyursanmı?
Əli ilə çənəsini göstərir:
- Əsəbdən, bax, buranın tükləri tökülmüşdü, indi yavaş-yavaş qayıdır. Başqa cür mümkün deyildi. Mən yaşaya bilməzdim, inanın mənə. İndiyə kimi bir toyuğun başını da kəsməmişəm. Amma qardaşımın intiqamını qiyamətə qoya  bilməzdim. İçimə duman çökmüşdü, qasırğalı dəniz  idim, indi anadan təzəcə doğulmuşam elə bil. Ancaq hər ikisinə Allah rəhmət eləsin, mən istəməzdim bunu.
- Oğullarının intiqamından  sonra valideynlərin də sakitləşdilərmi?
- Allaha and olsun, Tahiri öldürməyim daha da onlara dərd-kədər gətirdi. Elə bil yaralarının qaysağını qopardım. Axı, onlar həmişə məni bu işdən çəkindirməyə çalşıblar.
- Mirteyyub, erməni o yandan qırır, özümüz də özümüzü  bu yandan. Ortada da yə’ni ciddi bir şey ola. Sən özün necə qiymət verirsən bu faciələrə? Suçlu-suçlu büzüşüb:
- Neynim, qardaş, Allah baisin evini yıxsın, dedi.

... Kim idi bu «Bais?» Taleyimizə hökm olunan «Məndən ötdü sənə dəydi» sığortasımı?  Ya bu gün iqtidar- müxalifət  qarşıdurmasımı? Yoxsa bu günkü çoxsaylı partiyalarımızın nüfuz, şöhrət, hakimiyyət uğrunda ucuz, mə’nasız  höcətləşməsimi?  Bəlkə də bu göbələksaylı qəzetlərin bir çoxunun ünvansız  tolazlarında, qərəzkar ruhunda, söyüş, təhqir dolu yazılarında  axtaraq bu «baisi?». Böyük cavid demişkən, iblisəmi uymuş bəşər?
Deyaəsən, azərbaycanda  «idrakı sönüklərimizin qəflətində», haqqa tamarzıların bədbinliyində, cibi-dolularımızın pul, sərvət ehtirasında yaşayır bu iblis? Və içimizdə bəsləndikcə, vallah, billah, Azərbaycan  istiqlalı olmayacaq, olmayacaq...