Şamaxı rayonunun Mərzəndiyə kəndində içməli su layihəsinin birinci zonasının açılış mərasimi olub.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) “Qafqazinfo”ya bildirilib ki, açılış mərasimdən əvvəl bu münasibətlə Şamaxı şəhərində tədbir keçirilib.
Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin birinci müavini Xəyyam Məmmədov, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədri Zakir Quliyev, “Coca-Cola” şirkətinin və “Eco Hub” təşkilatının nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçılarını salamlayan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin birinci müavini Xəyyam Məmmədov bildirib ki, Mərzəndiyə kəndinin içməli su təchizatı layihəsinin həyata keçirilməsi kənd sakinlərinin illərlə gözlədiyi bir arzu idi:
“Artıq bu arzu reallığa çevrilir və bu, dövlət, özəl sektor və ictimai təşkilatların birgə əməkdaşlığının gözəl bir nümunəsidir. Layihə çərçivəsində su mənbəyi olaraq Şamaxı şəhərinin Pirsaat su mənbəyi seçilib. Bu, kənddə ilk dəfə olaraq dayanıqlı su təminatını gerçəkləşdirdik. Layihənin ikinci mərhələsi üzrə işlər davam edir və 2025-ci ilin noyabr ayında tam başa çatacaq”.
Sədrin birinci müavini xüsusi olaraq vurğulayıb ki, bu uğurun əldə edilməsində birgə əməkdaşlığın rolu danılmazdır:
“Əvvəlcə xüsusi təşəkkürümü “Coca-Cola” şirkətinə bildirirəm – onların maliyyə dəstəyi bu layihənin reallaşmasına mühüm töhfə verdi. “Eco Hub” təşkilatına təşəkkür edirəm – ekoloji təşəbbüslərə verdikləri dəstək sayəsində bu layihə əhali üçün daha dayanıqlı və ekoloji cəhətdən səmərəli şəkildə həyata keçirilir. Və əlbəttə, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısına və komandasına dərin minnətdarlığımı bildirirəm – yerli səviyyədə göstərilən dəstək və yaxından iştiraksız bu işin uğurla icrası mümkün olmazdı. Bu layihə sadəcə infrastrukturun qurulması deyil – bu, insanların gündəlik həyatının yaxşılaşdırılması, sağlam gələcəyin təmin olunması və ən əsası, su ehtiyatlarının səmərəli istifadəsi deməkdir. Biz inanırıq ki, bu cür təşəbbüslər gələcəkdə daha geniş vüsət alacaq və ölkəmizin regionlarında dayanıqlı inkişafın əsasını təşkil edəcəkdir”, - deyə Xəyyam Məmmədov qeyd edib.
Çıxış edən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədri Zakir Quliyev bildirib ki, Mərzəndiyə kənd sakinləri bu günü səbirsizliklə gözləyirdilər. Artıq onlar keyfiyyətli və dayanıqlı içməli su ilə təmin olunurlar. Zakir Quliyev əlavə edib ki, bu layihə dövlət qurumları və təşkilatların birgə əməkdaşlığı ilə həyata keçirilir:
“Hazırda ölkəmizin əksər bölgələrində əhalinin içməli və suvarma su təminatı ilə bağlı böyük layihələr həyata keçirilir ki, belə layihələr bundan sonra davam etdiriləcək. Belə layihələrin əsas məqsədi kənddə yaşayan bütün ailələrin dayanıqlı və keyfiyyətli içməli, o cümlədən suvarma suyu ilə təmin olunmasıdır”.
Tədbirdən sonra qonaqlar Mərzəndiyə kəndində kəndə içməli suyun verilişi ilə bağlı keçirilən açılış mərasimində iştirak ediblər. Açılış mərasimində bildirilib ki, Mərzəndiyə kəndi 1350 nəfərlik əhalisi, 220 ev təsərrüfatı ilə Şamaxı rayonunun mühüm yaşayış məntəqələrindən biridir. Layihə iki zona üzrə planlaşdırılıb. Hazırda birinci zona üzrə işlər yekunlaşıb, ikinci zona üzrə isə icra davam edir. Kənd sakinləri bu işlərin görülməsində əməyi olan hər kəsə, təşkilatçılara, mühəndislərə, bu sahədə çalışan işçilərə və dəstək verən bütün qurumlara dərin təşəkkürünü bildiriblər.
Qeyd edək ki, layihə zamanı su buraxıcılar, hava buraxıcı qurğular, müxtəlif ölçülü siyirtmələr və digər zəruri avadanlıqlar quraşdırılıb, 110 evə su verilib və sayğaclaşdırma prosesi mərhələli şəkildə aparılır. Hazırda layihənin icrası davam edir və çox yaxın zamanda 220 evin hər birinə fərdi su çıxışı veriləcək. Layihə çərçivəsində Pirsaat çayı üzərində yerləşən Nəsimi Nasos Stansiyasından 100 m³/saat məhsuldarlığa və 45 kVt gücə malik nasos aqreqatı vasitəsilə 5628 metr uzunluğunda, diametri 110 mm olan polietilen borularla su xətti çəkilib. Onun 1400 metri Şamaxı Rayon İcra Hakimiyyəti tərəfindən inşa olunub. Kəndin yuxarı hissəsində 63 kub metr həcmində su çəni quraşdırılıb. Ümumilikdə isə 6900 metr uzunluğunda müxtəlif diametrli yeni su şəbəkəsi qurulub.






