“İcra orqanları kömək etsin, mane olmasın” - Prezident

icra-orqanlari-komek-etsin-mane-olmasin
Oxunma sayı: 3935

Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 6-da Ucar şəhərinin su təchizatı sisteminin yenidən qurulması layihəsinin başa çatdırılması münasibətilə təşkil olunan mərasimdə iştirak edib.

“Qafqazinfo”nun Trend-ə istinadən məlumatına görə, prezident şəbəkəyə suyun verilməsini bildirən düyməni basıb.

Ucar ictimaiyyətinin nümayəndələri ilə görüşən dövlət başçısı onların qarşısında çıxış edib:

“Ucar rayonunda olmağımdan çox məmnunam. Şadam ki, Ucar rayonunun siması sürətlə dəyişir və gözəlləşir. Mənə verilən məlumata görə, bütün evlərin su təminatı artıq təşkil edilibdir. Kanalizasiya layihəsi isə 2017-ci ildə başa çatacaq və beləliklə, bu məsələ tamamilə aradan götürüləcəkdir”.

Dövlət başçısı bütün kəndlərə qaz xətlərinin çəkildiyini qeyd edib:

“Bu, həm insanlara rahatlıq verir, həm də qazdan istifadə etmək iqtisadi cəhətdən daha səmərəlidir. Elektrik enerjisi layihələri, xüsusilə “Azərişıq” təşkil olunandan sonra daha da sürətlə aparılır. Kənd yolları tikilir. İndi Bakı-Ucar magistral yolu tikilir, az hissəsi - Kürdəmir-Ucar hissəsi qalıb ki, o da yaxın zamanlarda başa çatacaq. Göyçay-Ucar avtomobil yolu bu gün istifadəyə veriləcək”.

İlham Əliyev çıxışında siyasətin mərkəzində Azərbaycan vətəndaşının dayandığını vurğulayıb:

“Bu gün quşçuluq fabriki ilə tanış oldum. Çox müasir bir sənaye müəssisəsidir. Həm iş yerlərinin yaradılması, həm yerli istehsalın gücləndirilməsi və ən əsası odur ki, biz indi özümüzü ərzaq məhsulları ilə tam şəkildə təmin etməliyik. Bu fabrik işə düşəndən sonra biz özümüzü quş əti ilə 100 faiz təmin edirik. Amma 10 il bundan əvvəl heç özümüzü 50 faiz də təmin etmirdik. Xaricdən asılı idi, idxaldan asılı idi, xaricə pul ödənilirdi. İndi pul Azərbaycanda qalır, yerli sahibkarlar işləyir, pul qazanır, işçilərə əmək haqqı verirlər. Özü də bu fabrikdə işləyənlərin əksəriyyəti qadınlardır. Bu da qadınlar üçün iş yerləridir. Bax, düşünülmüş siyasət olan yerdə inkişaf da var. Azərbaycanda düşünülmüş siyasət aparılır. Məhz buna görə biz bütün bölgədə, dünyada yaşanan böhranlı şəraitdən, sınaqdan şərəflə çıxırıq. Həmişə demişəm, Azərbaycan sabitlik, təhlükəsizlik məkanıdır. Azərbaycan vətəndaşı təhlükəsizlik şəraitində yaşayır və yaşamalıdır, sabitlik şəraitində yaşayır və yaşamalıdır. Ancaq ölkə bu təqdirdə inkişaf edə bilər. Harada ki, təhlükəsizlik, sabitlik pozulur, orada ölkə dağılır, iqtisadiyyat çökür, sosial problemlər yaşanır və başqa xoşagəlməz hallar üzə çıxır.

Prezident bildirib ki, dünyada, bölgədə yaşanan mənzərə bir daha Azərbaycanın uğurlu inkişaf modelini ortaya qoyur:

“Bizim ölkə nümunədir. Mən ona görə demirəm ki, özümüzü tərifləyək, qüsurlar da çoxdur. Ancaq indi dünyada gedən ümumi proseslərə baxdıqda görürük ki, Azərbaycanda həm ictimai proseslər, həm də iqtisadi inkişaf düzgün məcrada gedir. Baxmayaraq ki, neftin qiyməti iki dəfədən çox aşağı düşüb, gəlirlərimiz azalıb Azərbaycan vətəndaşı bunu hiss etməməlidir. Maaşlar, pensiyalar vaxtında verilir, islahatlar aparılır, beynəlxalq imicimiz gündən-günə güclənir. Çünki bu uğurlu inkişaf modelinin təməlində əlbəttə ki, düşünülmüş siyasət dayanır. Biz həmişə çalışmışıq və çalışırıq ki, daxili resurslara arxalanaq. Ona görə, heç kimdən asılı deyilik. Ona görə, özümüz öz həyatımızı qurmuşuq və yaxşı həyat qururuq.

Mənim bölgələrə mütəmadi səfərlərimin məqsədlərindən biri də odur ki, vəziyyətlə tanış olum, soruşum işlər necədir, hansı məsələlər insanları narahat edir, incidir ki, biz onları həll edək. Bax, biz bu yolla gedirik və əminəm ki, yaxın bir neçə il ərzində ölkə qarşısında duran bütün əsas infrastruktur və sosial məsələlər öz həllini tapacaq.

Prezident qeyd edib ki, dövlət öz tərəfindən sahibkarları dəstəkləyir, güzəştli kreditlər verir:

“Texnika, gübrə ilə təmin edir, şərait yaradır, siyasi dəstək də var. Sahibkar da gərək işləsin. Yerli icra orqanları da kömək etsin, mane olmasın. Onda sahibkarlıq daha da sürətlə inkişaf edəcək. Mən demişəm, bir daha demək istəyirəm, iqtisadiyyatımız elə işləməlidir ki, biz neftin qiymətindən asılı olmayaq. Hələ ki, asılıyıq. Bax, neftin qiyməti iki dəfədən çox düşüb, gəlirlərimiz azalıb. Ancaq biz qeyri-neft sektorumuzu daha da sürətlə inkişaf etdirsək, onda neftin qiyməti düşdü, ya qalxdı o qədər də əhəmiyyət daşımayacaq. Bax, bu, əsas istiqamətlərdir və bu istiqamətlər prioritet təşkil edir.