İŞİD-in azərbaycanlı əmiri- - o kimdir?!

isid-in-azerbaycanli-emiri-
Oxunma sayı: 5114


Şimali Qafqaz xalqlarının azadlıq mübarizəsinin də getdikcə terror siması alması yalnız sələfiliyin Qafqazda yayılmasından sonra baş verdi. Çeçenistanda azadlıq mübarizəsi aparan qüvvələrin sonradan Dağıstana təcavüzü və bununla da Çeçenistanın faktiki qazanılmış müstəqilliyinə xitam verən ikinci müharibənin başlanması da sələfilərin “xidmətidir”.

Azərbaycanda hüquq-mühafizə orqanlarının zərərsizləşdirdiyi, qətldən tutmuş soyğunçuluğa qədər, ən müxtəlif cinayətlər törətməyə imkan tapmış “Ceyşulla” kimi birləşmələr, hərbi hissədən silah oğurlayıb “cihada” hazırlaşan, hətta cihada razı olmayan digər sələfi liderlərini xəyanətdə təqsirləndirənlər də sələfi ideyasının daşıyıcılarıdırlar. Bir sözlə,

İŞİD-in Azərbaycan üzrə əmiri sələfidir

Amma sələfilərin heç də hamısı “cihada” razı deyil. Ona görə hətta özləri də terrora məruz qalıblar. “Əbu Bəkr” məscidinə yığışanlar sələfi olsalar da, liderləri cihada razı olmadığınfdan məscid terrora məruz qalmışdı, həlak olan da vardı. Terroru törədən isə artıq “cihada” başlamış və başçısı Qafqaz “əmiri” tərəfindən Azərbaycana “əmir” təyin edilmiş “Meşə qardaşları” adlı qrup idi. Bunlara mətbuat radikal vəhhabi və ya sələfi, mötədil sələfilərin özləri isə “xəvaric” (dindən xaric olmuşlar) deyir. Bir sözlə,

İŞİD-in Azərbaycan üzrə əmiri radikal sələfidir

Radikal sələfilər evdə oturmağı qəbul etmirlər. Onlara görə dünya permanent cihad meydanıdır və bu cihaddan qaçan kafirdir. Ona görə də onlar Şimali Qafqazda, Əfqanıstanda, Suriyada, İraqda baş verən bütün silahlı toqquşmalarda iştirak edib kifayət qədər döyüş təcrübəsi qazanıblar. Bir sözlə,

İŞİD-in Azərbaycan əmirinin döyüş təcrübəsi var

Amma istənilən adam döyüş bölgələrinə gedib çıxa bilmir. Bunun üçün o, əvvəl radikallara qoşulmalı, onalrın etimadını qazanmalı, müəyyən hazırlıq keçməlidir. Bu tələbə Azərbaycanda da riayət olunur – radikallar, əsasən, “Sumqayıt camaatı”ndan ibarətdir. Bu qruplaşma vaxtilə Sumqayıtda fəaliyyət göstərən və beynəlxalq vəhhabi təşkilatı tərəfindən tikilən məsciddə formalaşmış camaatdır. Sonradan onlar gizli fəaliyyət formasına keçməyə üstünlük verdilər: həmin qruplaşma məscidlərə getmir, ayrıca mənzillərdə, məkanlarda yığışır, döyüşə adamlar da toplantılarda “verbovka” olunurlar. Radikal qrupların kiçik dəstələrinin olması da diqqət yetirilməli faktlardandır, çünki ilkin hərbi və fiziki hazırlıqlar məhz həmin kiçik dəstələrdə keçilir. Bir sözlə,

İŞİD-in Azərbaycan əmirinin döyüşə hazır bazası var

Qrupların geniş maliyyə bazası olmadan fəaliyyət göstərməsi mümkün deyil. Ən radikal, döyüşə hazır şəxslər həyatdan, işdən təcrid edilir, deməli, onların xərcləri ödənilməlidir. Döyüş zonalarına səfərləri, orada yaşamaları, yolda baş verəcək maneələri aşmaları, kirayələnən evlər də xeyli xərc tələb edir. Hüquq-mühafizə orqanları tərəfindən bir neçə dəfə belə silahlı dəstələrin Azərbaycanda aşkarlanması göstərir ki, onların silahla təminat xərcləri də var. Eyni zamanda, kimlərinsə ələ alınması üçün də ciddi maliyyə sərf olunmalıdır. Bir sözlə,

İŞİD-in Azərbaycan əmirinin maliyyə bazası var

Radikal qruplar, əsasən, qanlı cinayətlər törətməklə yadda qalırlar. Hansı ölkədə, hansı qrup tərkibində döyüşmələrindən asılı olmayaraq, onların dəst-xətti, dinc əhali də daxil olmaqla, terror, baş kəsmək, kütləvi qırğınlar törətməkdir. Bu, xüsusilə Suriya və İraq hadisələri zamanı öz pik nöqtəsinə çatıb. Onlar nə həmvətənə, nə soydaşa, nə dindaşa baxırlar. Bir sözlə,

İŞİD-in Azərbaycan əmiri həmvətənlərinə qarşı hər cür cinayətə hazırdır!

bakupost.az