İsmayıl Ömərov hara gedir? - Ünvan

ismayil-omerov-hara-gedir-unvan
Oxunma sayı: 1491

Artıq bir neçə gündür ki, İctimai Televiziyanın sabiq baş direktoru İsmayıl Ömərovun yenidən bu posta seçilməməsi ilə bağlı məsələ mətbuatda geniş müzakirə olunur. Məsələyə müxtəlif baxışlar var. İsmayıl Ömərov açıqlamasında öz istəyi ilə yenidən baş direktorluğa namizədliyini irəli sürmədiyini bildirsə də, bu versiya ümumiyyətlə, müzakirə olunmur. Çünki məsələnin məhz bu şəkildə izahı olduqca sadəlövh görünməklə yanaşı, həm də uşaq başı aldatmağa bənzəyir. Hər kəsə yaxşı bəllidir ki, İTV kimi bir qurumun rəhbərinin vəzifəsindən könüllü şəkildə istefa verməsi və bunu demokratik dəyərlərə hörmət kimi izah etmək ən azı İsmayıl Ömərovluq deyil. Demokratiyadan dəm vuran adam ən azı 10 ilə yaxın rəhbərlik etdiyi bir qurumda bu mühitin formalaşmasını təmin etməyi bacarardı...

Məsələ ilə bağlı “Qafqazinfo” müzakirə olunan bir neçə versiyanı təqdim edir.

Bəs belə olan halda baş verən nədir? Hələlik iki inandırıcı versiya irəli sürmək mümkündür. Bunlardan birincisi və daha çox müzakirə olunanı İsmayıl Ömərovun vurulması ilə bağlıdır. Bu versiyaya görə o iki səbəbdən postu ilə vidalaşmalı olub. Birincisi, son illər Azərbaycanın aktiv iştirak etdiyi və ölkəmizin bir dəfə qalib gəldiyi Eurovison yarışması ilə bağlıdır. Belə ki, İsmayıl Ömərovun bu yarışmada Azərbaycanın qalib olmasına baxmayaraq qənaətbəxş fəaliyyət göstərmədiyi haqda məlum fikirlər var. Hətta Azərbaycanın ev sahibliyi etdiyi ötənilki yarışmada onun bu müsabiqəyə görə ciddi şəkildə danlandığı da deyilir. Bundan başqa, yarışmaya son illər xərclənən milyonlarla vəsaitin də düzgün istiqamətləndirilmədiyi, ortaya yeyinti faktlarının çıxdığı haqda fikirlər var. Hətta ötən il cənab Ömərov bir az da irəli gedərək nəvəsini uşaq Eurovisonuna göndərməklə obrazlı dildə desək, gül vurmuşdu. Nüfuzlu beynəlxalq yarışmaya nümayişkarənə şəkildə öz ailə üzvünü göndərmək həmin yarışmanın təşkilatçısının imicinə də böyük zərbə idi...

Birinci verisiyanı yaradan ikinci səbəb isə, daha çox beynəlxalq öhdəliklər sırasına daxil olan və bu səbəbdən da Azərbaycanda yaradılan İTV-nin fəaliyyətə başladığı gündən indiyə kimi böyük nüfuz qazanmaması, cəmiyyətdə əsl ictimai institut kimi mövqe tuta bilməməsidir. Nəzərə alsaq ki, daim beynəlxalq təşkilatların keçirdiyi monitorinqlərdə və hazırladıqları hesabatlarda tənqid olunan İTV-nin müsbət imicinin formalaşmamasının həm də cəmiyyətdə “müstəntiq jurnalist” kimi tanınan Ömərovla bağlı olduğu düşüncəsi var. Bu bir faktdır ki, ölkənin siyasi proseslərində bitərəfliliyini qorumağa borclu olan, bütün siyasi qütblərə bərabər imkanlar yaratmaq vəzifəsi daşıyan İTV bu əsas prinsipə heç də nail olmayıb. Bu mənada ki, ölkənin əsas müxalif siyasi partiyalarının rəhbərliyi, kəskin mövqeyi ilə seçilən təşkilatların təmsilçiləri televiziyada görünməyiblər. Çox zaman onlar özləri İTV-dəki situasiyanı əsas gətirərək bu dəvətlərdən imtina ediblər. İTV isə bunun əvəzində loyal siyasətçiləri efirə dəvət etməklə əslində balans görüntüsü yaratmağa çalışıb. Və bütün bu yaranmış situasiyanın Ömərovun mənfi aktivinə yazıldığı bəllidir.

Baş direktorluqdan imtina ilə bağlı sonuncu versiya isə İsmayıl Ömərovun vurulması kimi yox, əksinə daha strateji posta təyin olunması ilə bağlıdır. Bu versiya da müəyyən qədər ağlabatan görünür. Belə ki, İsmayıl Ömərovun AzTV-yə rəhbər gətirələcəyi və bu postda hazırkı sədr Arif Alışanovu əvəzləyəcəyi haqda fikir səsləndirmək olar. Onunla qabaqcadan məhz bu vəzifənin razılaşdırıldığı da deyilir. Məhz buna görə də, Ömərov belə demokratik pozalar verməklə, gülərüzlə kabinetini xələfinə təqdim edib.

Lakin bir neçə gün əvvəl Azərbaycanda baş verən iki mühüm vəzifə dəyişikliyindən daha çox gözlənilməz olanı və müzakirələrə geniş imkanlar açmış Ömərov gedişinin nəyə hesablandığı qısa müddətdə cəmiyyətə bəlli olacaq. Açıq meydanda baş tutan bu cür gedişləri pərdəarxasında saxlamaq ən azından texniki cəhətdən mümkünsüzdür...