Kəlbəcərdə əsgərimiz faciəvi şəkildə vəfat etdi - Yenilənib

kelbecerde-esgerimiz-facievi-sekilde-vefat-etdi
Oxunma sayı: 9626

Kəlbəcərdə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində bədbəxt hadisə baş verib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə ötən gün saat 16:30-da Çopurlu kəndi yaxınlığında baş verib. Belə ki, hərbi hissənin ərazisində 2003-cü il təvəllüdlü əsgər Əliyarov Riyad Məmməd oğlu yüksək gərginlikli cərəyan vurması nəticəsində vəfat edib.

Faktla bağlı Kəlbəcər Hərbi Prokurorluğunda araşdırmalara başlanılıb.

Həmçinin oxuyun: Şəmkirdə dəhşətli hadisə - Qatarın altında qalan şəxs öldü

***

Respublika Hərbi Prokurorluğundan bildirilib ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Əliyarov Riyad Məmməd oğlunun 13 iyun 2022-ci il tarixdə Kəlbəcər rayonu ərazisində elektrik cərəyanının vurması nəticəsində ölməsi barədə Kəlbəcər Hərbi Prokurorluğuna daxil olmuş məlumat əsasında əməkdaşlar tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib.

İş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb, müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri hərəkətlər icra edilib.

Fakt üzrə Kəlbəcər Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 342.1-1-ci (Rəisin və ya vəzifəli şəxsin öz xidməti borcuna vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Şahidlər dindirilib, müvafiq ekspertizalar təyin olunub və digər istintaq hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək.

Nizam Rza