Koronavirus nədən yayılıb? - İlk 3 ehtimal

koronavirus-neden-yayilib
Oxunma sayı: 12230

Bütün dünyanı təşvişdə saxlayan koronavirusun nədən qaynaqlanması ilə bağlı müxtəlif versiyalar səsləndirilir.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ehtimallar daha çox yeni növ koronavirusun yarasa və ya ilandan insana yoluxması üzərindədir. Məsələ ilə bağlı hələlik rəsmi açıqlama olmasa da, virusun başladığı Uhan şəhərində, eləcə də Çinin əksər regionlarında dəniz məhsullarının satışı qadağan edilib.

Bəzi mütəxəssislərin fikrincə, virusun mənbəyi porsuq siçanları da ola bilər.

“Journal of Medical Virology”də yer alan araşdırmaların nəticələrinə görə, yeni virusun qaynağı yarasa göstərilsə də, insanlara yoluxmazdan əvvəl mutasiyaya uğrayıb.  Virusa yoluxan xəstələrdən götürülən qan nümunələrindən alınan genetik kodlar müxtəlif növ heyvanlardan götürülmüş 217 koronavirusla qarşılaşdırılıb.

Mütəxəssislər 2019-nCoV-dəki protein kodlarının daha çox Çində rast gəlinən 2 ilan növündəki viruslarla uyğunluğunu müəyyən ediblər. İddialara görə, virus yarasadan ilana, ilandan isə insana yoluxub.

Yarasalar eyni zamanda henipaviruslarla quduzluğun yoluxmasına səbəb ola bilirlər.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, koronavirus yaxın təmas yolu ilə asanlıqla insandan insana keçə bilir. Virusa yoluxmuş adamla eyni məkanda yaşamaq, ona toxunmaq, mikroblarla kirlənmiş əşyalarına əl vurmaq, əllərlə ağız, burun və gözlərə toxunmaq, asqırma, öskürmə və danışma əsnasında havaya yayılan tüpürcəklər tənəffüs yolu ilə sağlam insanları da təhlükə altında qoya bilir.

Koronavirusun ilkin əlamətləri hərarət, öskürək, nəfəs almaqda çətinlik, ishal, qusmadır. Bəzi xəstələrdə hətta sətəlcəm və böyrək çatışmazlığı şəklində də özünü büruzə verib.