“Made in Azerbaijan”ı dünyaya tanıdan brend - “Gazelli”

made-in-azerbaijani-dunyaya-tanidan-brend
Oxunma sayı: 14375

Azərbaycanın ilk və yeganə təbii kosmetika istehsalçısı olan “Gazelli Group” MMC-nin fabrikinə press-tur təşkil olunub.

Qafqazinfo”nun məlumatına görə, ölkənin aparıcı KİV nümayəndələrinin qatıldığı tədbirdə “Gazelli”nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yelena Sidorenko bildirib ki, 1999-cu ildə yaradılmış şirkətin məhz bu sahədə fəaliyyət göstərməsi heç də təsadüfi deyil: “Nəzərə alsaq ki, ölkəmizin təbiəti çox zəngindir və burada 11 iqlim qurşağından 9-u yerləşir, bu imkanlardan istifadə etməmək günah olardı. Bununla da məhsullarımızın yaradılmasında təbiətin bəxş etdiyi nemətlərdən istifadə olunması qərara alınıb. Məhz bu səbəbdən “Gazelli Group” bu gün bütün məhsullarının təbiiliyi ilə bağlı zəmanət verə bilir”.

“Gazelli Group” MMC-nin təmsilçisi Nigar Ramazanova qeyd edib ki, məhsullar hazırlanarkən meyvə tərəvəzlərdən ekstraktlar çəkilir. Bu zaman nar, heyva, tərxun, reyhan, xurma, əncir kimi meyvə və tərəvəzlərdən istifadə edilir: “Bununla yanaşı elə məhsullarımız var ki, tərkibində xına, kürü, hətta naftalan yağları və vulkan palçığı da var. Ümumillikdə 100-dən çox inqridiyentdən söhbət gedir. Məhz Azərbaycan təbiətinin nemətlərinin məhsullarımızın tərkibinə daxil edilməsi, onları xüsusi ilə fərqli və özünəməxsus edir. “Gazelli Group” Dünya Standartlarına Uyğun GMP sertifikatı alan nadir şirkətlərdəndir. Hər bir məhsulumuz avropa keyfiyyəti sertifikatı, eyni zamanda Qafqaz Müsəlmanları İdarəsi tərəfindən Halallıq sertifikatı alıb”.

Tur zamanı N. Ramazanova jurnalistlərə bildirib ki, “Gazelli” məhsulları digər ölkələrə də ixrac edilir: “İngiltərə, Almaniya, Türkiyə , Rusiya və Gürcüstan bazarlarına artıq çıxarılıb, bir neçə Avropa ölkəsi ilə danışıqlar aparılır. Təcrübə göstərir ki, məhsullarımıza xarici ölkələrdə böyük tələbat var, orada yaşayan həmyerlilərimiz isə Azərbaycan məhsullarına rast gələrkən, onların necə qürur duyduqlarını görürük. Özü də vurğulamaq lazımdır ki, konsepsiyamız “Made in Azerbaijan”-dır. Və biz bununla fəxr edirik”.

Şirkətin Elmi-sınaq laboratoriyasının müdiri Leyla Dadaşova isə əminliklə söyləyib ki, şirkət dünyanın aparıcı ölkələrinin istehsalı olan müasir avadanlıqlarla təchiz olunmuş fabrikə və elmi-tədqiqat laboratoriyasına malikdir. Burada hər bir məhsulun tərkibi istehsaldan əvvəl və sonra yoxlanılır. Yaxın gələcəkdə parfüm istehsalına da başlayacaq “Gazelli” çiçək yağlarını Fransadan alacaq. Şirkət dekorativ kosmetika istehsalı barədə isə hələlik düşünmür.

Baş texnoloq Yusif İsmayılovun sözlərinə görə, fabrikdə məhsullar heç bir insan əli dəymədən hazırlanır. Müxtəlif növ avadanlıqlarda bişirilib hazır vəziyyətə gətirilən kosmetik vasitələr sonradan qablaşdırılmaya və etiketlənməyə göndərilir.

Qeyd edək ki, fabrik 12.000 kv.m sahəyə malikdir və ekoloji təmiz zonada yerləşir. “Ətraf mühitə qayğı ilə yanaşmaq” prinsipinə əsaslanaraq, fabrik tikilərkən ərazidəki ağaclar qorunub saxlanılıb, hazırda bu ağaclar binanın içərisindən keçir”. “Gazelli Group” əməkdaşlarının rahatlığını daim düşünür. Burada personal üçün bütün şərait yaradılıb, onlar gündəlik tələbatları və nahar yeməyi ilə təmin olunurlar. 250 nəfərdən çox əməkdaşı olan kollektivdə əlillər, qaçqın və məcburi köçkünlər, himayəsində əlil uşaqlar olanlar, o cümlədən də 3 uşaq evini yenicə tərk etmiş şəxslər var. Bu, şirkətin sosial layihələrə önəm verdiyinin göstəricisidir.

Nigar Məmmədli