Maşını cərimə meydançasına aparılan qazi rəisin evinə basqın etdi - Yenilənib

masini-cerime-meydancasina-aparilan-qazi-reisin-evine-basqin-etdi
Oxunma sayı: 21537

Dövlət Yol Polisi (DYP) əməkdaşları tərəfindən avtomobili cərimə meydançasına aparılan şəxs DYP Şöbəsi rəisinin evinə basqın edib. 

“Qafqazinfo”nun məlumatına görə, hadisə bir neçə gün öncə Gəncədə baş verib. Belə ki, şəhər sakini Afiq Ağayevin (şərti) “VAZ 2107” markalı avtomobili DYP əməkdaşları tərəfindən saxlanılaraq cərimə meydançasına aparılıb. Bundan əsəbiləşən vətəndaş Gəncə şəhər DYP Şöbəsinin girişində yerləşən mühafizəçi otağının pəncərəsini sındırıb. Daha sonra bir qrup şəxslə birlikdə şəhərin Avtozavod qəsəbəsində yerləşən DYP Şöbəsinin rəisi Eldəniz Həsənovun evinin qarşısına gələrək nalayiq ifadələr işlədib. Həmin şəxslər səs-küy salaraq evin qapısını döyüblər. Maşının dərhal buraxılmasını tələb ediblər.

Törətdiyi əməllərə görə, Afiq Ağayev barəsində İnzibati Xətalar Məcəlləsinin 232-1 (əmlakı qəsdən məhv etmə və ya zədələmə), 510 (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmama) maddələri ilə protokollar tərtib edilərək baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilib.

Ağayev məhkəmədə deyib ki, mühafizəçi otağının pəncərəsi əvvəldən çat idi: “Mən pəncərəni döymək istəyərkən pəncərə öz-özünə qırıldı. Düzdür, hadisədən sonra rəisin evinin qarşısına getdim. Ondan avtomaşının buraxılmasını tələb etdim. Eldəniz Həsənov məni şəxsən tanıyır, Vətən Müharibəsində iştirak etdiyim üçün əvvəllər törətdiyim inzibati xətalarla bağlı bir neçə dəfə mənə və qohumlarıma güzəşt edib”.

Məhkəmə protokolları əsaslı sayıb. Şəxsin müharibə iştirakçısı olduğunu nəzərə alaraq ona aşağı həddə cəza verilib. Afiq Ağayev 8 gün müddətə inzibati qaydada həbs edilib.

***

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov hadisə ilə bağlı saytımıza açıqlama verib: “Sentyabrın 26-da şəhər sakininin idarə etdiyi VAZ 2107 markalı avtomobilin uzaqvuran işıqları qanuna uyğun olmadığı üçün polis əməkdaşları tərəfindən saxlanılmış bu zaman sürücünün spirtli içkinin təsiri altında avtomobil idarə etməsinə dair şübhələr yaranıb. Sürücü tibbi müayinədən keçirilən zaman həqiqətən sərxoş olması təsdiqlənib. Ona görə də həmin şəxsin avtomobili müvəqqəti duracağa yerləşdirilib, barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun protokol tərtib olunub.

O, Vətən Müharibəsi qazisi olduğunu bildirərək dərhal avtomobilinin azad olunmasını tələb edib, Yol Polisi Şöbəsinin inzibati binasında yüksək səslə nalayiq ifadələr işlədərək, binada olan əməkdaşların Xidmətinə mane olub. Buna görə də onun barəsində protokol tərtib olunaraq məhkəməyə göndərilib, məhkəmənin qərarı ilə 8 sutka müddətinə inzibati qaydada həbs edilib. Məhkəmədə saxlanılan şəxs törətdikləri əməli etiraf edib. 3 gün sonra apellyasiya müraciəti əsasında təkrar məhkəmə zamanı həmin adam sərbəst buraxılıb”.

Amin Nəzərli