“Məmur övladları dəb üçün bunu edir...” - Polkovnikin modelyer xanımı

memur-ovladlari-deb-ucun-bunu-edir
Oxunma sayı: 24497

Modelyer Afaq İsmayılzadənin “Qafqazinfo”ya müsahibəsi

-Azərbaycanda belə bir fikir formalaşıb ki, yalnız zəngin qadınlar, məmur övladları modelyer olur, butik açırlar. Siz bu barədə nə düşünürsüz?

- Azərbaycanda yeni dəb yaranıb. Mən 11 ildir ki, bu işlə məşğul oluram. O vaxtlar modelyer olmaq bu qədər dəbdə deyildi, barmaqla sayılacaq qədər insan bu sənəti seçirdi. Bu gün isə problem böyükdür. Sevən, sevməyən bu işlə məşğuldur. Hər şey gözümün önündədir. Məmurların xanımları, övladları dəb naminə bu işin arxasıyla gedirlər. Çünki, hədsiz dərəcədə mənə müraciət edirlər.

Deyirlər ki, bizə kömək edin, moda evi açırıq. Hətta, təcrübəyə gələnlər də var. Bir şey deyə bilərəm ki, gənc modelyerlərimiz çox istedadlıdır. Artıq onlar da meydandadırlar. Ola bilsin ki, gənc olduqları üçün o qədər də təcrübələri yoxdur. Mən hər şeyi görürəm, onlara da dəstək oluram. O qədər də imkanlı ailələrin övladları deyillər, sadəcə olaraq çox çalışırlar.

- Bu sənətdə pul, yoxsa istedad daha önəmlidir?

- Məncə istedad daha vacibdir, önəmlidir. Pul bu sənətə çox bağlıdır. Yenilikləri izləmək, öyrənmək və əldə etmək üçün pul lazım olur. Bu sənətdə 50 faiz istedad, 50 faiz isə pul vacibdir.

- Yerli məşhurlar arasında əməkdaşlıq etdiyiniz müğənnilər var. Onların əksəriyyəti kaprizli olur. Mənə elə gəlir siz o müğənnilərə dözə bilməzsiz. Necə yola gedirsiz?

- Heç vaxt öz zövqümü başqasına loru dildə desək yeritmirəm. Düzdü, bəzi modelyerlər var ki, bu üsulla işləyirlər. Deyirlər ki, mənə müraciət etmisizsə, mənim hökmüm ilə oturub-duracaqsız. Mən də isə fərqlidir. Müştərilərilərlə söhbət etməyi sevirəm, onlarla 3 saat vaxt keçirə bilərəm. Onun fikirlərini də nəzər alıram,başa salmağa çalışıram ki, həmin xanıma bu geyim yaraşmaya bilər.

Rəng və model seçimi də yanlış ola bilər. Elə xanımlar var ki, müəyyən yaşa gəliblər və öz geyim tərzlərini formalaşdırıblar və çərçivədən çıxmaq istəmirlər.

Sizə bir şey danışım. Röya Ayxana ilk dəfə geyimi “Maşın şou”da iştirakı zamanı tikmişik. Mən gedə bilmədim, işçilərim onun yanına getdilər. Gəlib dedilər ki, Röya çox kaprizlidir. Söylədilər ki, Afa xanım, siz onunla çalışa bilməyəcəksiz. Amma daha sonra Röya bizim atelyeyə gəldi, çox rahat işlədik.

Nəin ki, Röya, Aygün Kazımova və başqalarını misal çəkə bilərəm. Çox kaprizli deyillər, sadəcə olaraq məsləhətlərimə dəyər verirdilər. Məni incitmirlər. Bəlkə də, müğənnilər arasında sərhəd var. Bir xüsusiyyətim var ki, hər müştəri ilə sərhədlə danışıram. Bu, çox önəmli bir şeydir.

İlk dəfə məkanımız açılanda Aygün Kazımova ilə əməkdaşlıq etməyə başladıq. O, ilk müğənni müştərim oldu. “Xeyir ola” verilişini aparırdı, onun üçün gündəlik geyimlər və s. hazırlayırdıq. Heç bir problemimiz olmadı, bir-birimizi anladıq.

-Bəs Röya Ayxan? O mətbuata açıqlamasında sizin haqqınızda xoşagəlməz sözlərdən istifadə etmişdi.

- Mən şou-biznesdə çox müğənni, Fidan-Xuraman Qasımovalardan tutmuş bir çoxu ilə əməkdaşlıq etmişəm. Onlarla da bir balaca incilklik oldu. Fidan və Xuraman xanımların mənimlə yox, işçimlə problemləri yarandı. Mən isə problemi aradan qaldırdım. Belə sualları çox verirlər. Röya xanımın “Yaşıl teatr”dakı konsertinin geyimlərini biz hazırlamışdıq. Çox da gözəl alınmışdı. Özü şahid oldu ki, kombinezon bir gecəyə hazırlandı. Bu mümkün olan bir şey deyildi. Mən işçilərimə güvəndim, geyimi hazırladıq.

Röya xanımla münasibətlərimiz barədə çox suallar verirlər. Röya Ayxan konsert zamanı mənə təşəkkürlərini bildirdi, çox bəyənmişdi. Üstündən 6 ay keçəndən sonra mətbuatda müəyyən xəbərlər çıxdı, narazı imiş. Mənə də maraqlıdır. Düzdü, Röya ilə hələ görüşməmişik. Hər halda görüşəcəyik, elə orda da sual ünvanlayacam ki, açıqlama versin. Onun haqqında fikrimi dəyişməmişəm, Röya nömrə1-dir. Özüm söz-söhbətdən uzaq xanımam. İşlərim də çox olur, məsələni ayınlaşdırmağa da vaxtım olmayıb.

- Müğənni, ümumiyyətlə xanımların gözəl geyim anlayışı tamam fərqli olub. Parıltı, daş-qaşlı paltarlar ən çox yadlarına düşür. Halbuki, xaricdə sadə geyimlə necə zövqlü olduqlarını sübut edirlər. Günahkar kimdi? Modelyerlər, yoxsa müğənnilər?

- Hərdən səhər verilişləri izləyirəm. Sənətçilər toya və konsertə uyğun olan geyimlərdən və gecə makiyajından istifadə edirlər. Bilirsiz, mənə müraciət edən müğənnilər fərqli olur. Hər təbəqədən olan sənətçilər var. Bizə yaxınlaşanda məni dinləməyi bacarırlar. İstəyirlər ki, ona məsləhət görək. Əgər mənim zövqüm yoxdursa, o sənətçiyə nə məsləhət görə bilərəm?

İnanın, modelyerlər müsabiqəsində münsif olmuşam. Gənc modelyerlərin əl işlərini görüb şoka düşmüşəm. Zövqlüləri var, amma zövqsüzlər daha çox gözə batır. Zövq pula bağlı deyil, tamam başqa şeydir. Modelyerin zövqü olmur, sənət adamı onlara müraciət edir, nəticə ortadadır. Bəzən müştərilər deyir ki, siz qaşlardan istifadə etmirsiz. Mən qaşlardan yerində istifadə etməyi sevirəm. Məşhur brendlər var ki, zövqlə qaşlardan istifadə edirlər. Qaş zövqsüzlük demək deyil. Hər şeyin dəyərini, çərçivəsini bilmək lazımdır.

- Geyim demişkən, siz də qapalı geyinirsiz, səbəbi nədir?

- İnsanın geyimi onun xarakterindən xəbər verir. Misal deyim, bəzi xanımlarla söhbət edirəm. Məqsədim isə onun xarakterini öyrənməkdir. Daha sonra rəng və tərz barədə fikir bildirirəm. İnanın, onlar da deyir ki, ürəyimi oxuduz. Mənim də bu cür geyinməyimin səbəbi daxilın qapalı olmağımdan irəli gəlir.

- Ən bahalı geyimi kim üçün və neçəyə hazırlamısız?

- Təbii ki, yadımdadır, həmin xanımın adını çəkməyəcəm. Gəlin paltarı idi, parçası və əl işləri özəl idi. Həmin gəlinlik paltarını 15 min manata hazırladıq.

- Sizə ən çox müğənnilər, yoxsa məmur xanımları müraciət edir? Özünüz üçün belə statistika tərtib etmisiz?

- Müğənniləri çıxmaq şərti ilə biz orta və yuxarı təbəqənin xanımları müraciət edirlər.

- Modelyerlər arasında rəqabət şou-biznes üzvlərinin rəqabətini kölgədə qoyub. Bir-birinə söz atanlar da var, sakit duranlar da... Özlərinin PR sistemini də yaxşı quranlara rast gəlirik. Rəqabətə tap gətirmək çətin deyil?

- Reklam məsələsi həyat yoldaşım, ailəmdən çox asılıdır. TV və ya başqa reklam üsullarına sərhəd qoyulub. Əlbəttə, bu bizim işdə problem yaradır. Doğrudur, bəzi insanlar işini bilmədən bu sənətə gəlirlər. Mən hər zaman demişəm, insan işini sevməlidir. 35 yaşımda bu işlə məşğul oldum, işi çox sevdim, uğur qazanmağımın səbəbi bu oldu. Müştəri mənim üçün özəldir. Hərdən elə müştəri gəlir, xarici görünüşündən bəlli olur ki, atelyedə nəsə hazırlatmağa imkanı çatmayacaq.

Amma mən xüsusi hörmətini saxlayıram, diqqət edirəm. Yeni bir dəb formalaşıb, yeni moda evi açırlar. Həmin şəxslər işçilərimə zəng vururlar, deyirlər ki, orda aldığından daha çox maaş veririk, bura gəl. Belə bir işçi oğurluğu baş verir. Mənim işçilərimə çox iş təklifləri var. Əlbəttə, sadiq insan başqadır. Birinci gündən mənimlə çalışan şəxslər var. Amma bəziləri ehtiyac ucbatından gedib, bu günə kimi 3-4 nəfər başqa moda evinə gedib. Rəqabət budurmu? Mən isə başqa məkanlar açanda sakit dururam, hər kəsin öz fikri, zövqü var.

- Məsələn, dünya ulduzları qırmızı xalçada mükəmməl geyimlər sərgiləyirlər. Bizim modelyerlər isə o geyimləri görüb bu ilin dəbini formalaşdırırlar. Bizim modelyerlər dəb yarada bilmir. Ancaq məşhur modelyerlərin dediklərini təkrarlayırlar.

- Çox insanlarla kontaktda oluram. Elə xanımlar var ki, nə istədiklərini bilirlər. Ola bilsin ki, müğənnilər, müştərilər məşhur ulduzların geyimlərini bəyənirlər, eyni geyim istəyirlər. Düşünür ki, həmin geyimi aşağı qiymətə əldə edəcək. Mənim isə işim onu düzgün şəkildə hazırlamaqdır. Amma elə olur ki, xanımların bədənində müəyyən qüsurları olur. Həmin geyimin üzərində dəyişiklər etməyə məcbur oluruq, Müəyyən yerlərini bağlamağa çalışırıq. Elə olub ki, mən də məşhur modelyerlərin kolleksiyasından müxtəlif elementlərdən istifadə etmişəm. Amma əsas işimiz özəl geyimlər hazırlamaqdır.

- Bəs o zaman sizi plagiat etməkdə günahlandırmazlar?

- Yox, bunu ilk gündən etmişəm. Yenə deyirəm, iki kateqoriya olan müğənnilər var. Bahalı və brend parçalarla işləyirəm, hamı bilir ki, istədikləri libası bizdən əldə edəcəklər. Heç bu barədə düşünmürəm, işimiz budu. İcraçı funksiyasını yerinə yetiririk, bizə nə deyirlərsə, onu edirik.

- Hər kəs sizin həyat yoldaşınızın general olduğunu deyir, doğrudur?

- Yoldaşım polkovnik-leytenantdır. Amma bu barədə çox danışmasaq yaxşıdır.

 - Ötən il nənə olmağınız barədə xəbərlər yayıldı, amma mən bilən sizin qızınız evli deyil.

- Həmin xəbərlərdən sonra çox sual verməyə başladılar. Əslində, böyük qızımın 20 yaşı tamam olacaq, ailə qursa idi nənə ola bilərdim. Sizə bir şey danışım, uşaqlıqdan mənim yanımda böyüyən bir xanım var idi. Onun anası rəhmətə gedib, hər zaman yanımda olub, öz qızım kimi baxmışam. Böyük qızım sayılır, doğma qızım olmasa da onu övladlarımdan seçməmişəm. Onun balası mənim nəvəm hesab olunur. Toyunu etdik, Türkiyə vətəndaşı ilə ailə həyatı qurdu. Ondan xahiş etdim ki, övladına məni nənə kimi təqdim etsin.

Mənim isə iki qızım var, böyüyünün 20 yaşı var. Onların dəbə marağı yoxdu. Müəyyən vaxtlarda əsəbiləşirəm, məsləhətlər görürəm. İkisi gözəl rəsm çəkir. Dəb də rənglərdən başlayır. Qızlarımdan çox oğlum daha çox zövqlüdür, dəbə meyillidir. Düzdü, düşünürəm ki, qızlarım mənim peşəmi seçməyəcəklər. Oğlum modelyer ola bilər, amma inanmıram ki, atası buna icazə versin.

Elvin Elxan

Fotolar: Ramin Aslanov