“ABŞ hökumətinin gündəliyi TRIPP-in inşa olunacağını göstərir”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Münxendə “France 24” telekanalının müxbirinə müsahibəsində müxbirin TRIPP layihəsinin reallaşmasına dair suala cavabında deyib.
“Məndə bunun baş verəcəyinə dair heç bir şübhə yoxdur. Bunun səbəblərindən biri də odur ki, Amerika Birləşmiş Ştatları bu prosesdə çox vacib rol oynayır. Azərbaycanın iki ərazisini Ermənistan ərazisindən birləşdirəcək və hətta Avropa qitəsinə qədər uzanacaq marşrut Prezident Trampın adını daşıyır. Bu, Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutudur.
Düşünürəm ki, ABŞ Prezidentinin şəxsən öz üzərinə götürdüyü bu öhdəlik və ABŞ hökumətinin gündəliyi TRIPP-in inşa olunacağını göstərir. Bu, böyük məsafə deyil, cəmi 40 kilometrdən çoxdur. Yeri gəlmişkən, demək istərdim ki, hazırda Azərbaycanın paytaxtdan Ermənistan sərhədinədək inşa etməkdə olduğu dəmir yolu təxminən 400 kilometrdir. Üstəlik, demək olar ki, 200 kilometrlik hissə bizim Naxçıvan eksklavında bərpa olunacaq. Beləliklə, bizim adlandırdığımız kimi, Zəngəzur dəhlizinin Ermənistan seqmenti çox qısadır. Əminəm ki, bu, həyata keçiriləcək”, - Prezident qeyd edib.
İlham Əliyev vurğulayıb ki, Vitse-prezident Vensin səfəri ilə bağlı suala gəldikdə, bu, çox mühüm bir səfər idi:
“Birləşmiş Ştatların Vitse-prezidentinin səfəri özlüyündə istənilən ölkə üçün əhəmiyyətlidir. Hazırkı vəziyyətdə bu, Birləşmiş Ştatlar və Azərbaycan hökumətləri arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyanın imzalanması ilə əlamətdar oldu. Beləliklə, biz dünyanın ən güclü ölkəsinin rəsmi strateji tərəfdaşı olduq və bunu ölkəmiz üçün böyük uğur hesab edirik.
Bu Strateji Xartiya mətbuatda dərc olundu, o, müxtəlif bölmələrdən ibarətdir. Onlardan biri müdafiə məhsullarının satışı ilə bağlıdır, amma təkcə bu deyil. Buraya enerji, rabitə, süni intellekt, investisiya və ticarət daxildir, həmçinin Azərbaycana silah tədarükü ilə bağlı bütün məhdudiyyətlər aradan qaldırılıb”.
Son xəbərlər
Son Xəbərlər