Nazirlə bağlı Mehriban Əliyevaya müraciət edildi

nazirle-bagli-mehriban-eliyevaya-muraciet-edildi
Oxunma sayı: 4049



Ötən günlərdə “”Yeni Müsavat" qəzetində Müsavat Partiyası Sabunçu rayon təşkilatının sədri Rafiq İsmayılın, eləcə də digər sakinlərin Türkan qəsəbəsində üzləşdikləri ciddi problemlə bağlı geniş reportaj hazırlanmışdı. Müsavatçı Rafiq İsmayıl məmurların Türkan qəsəbəsində etdiyi özbaşınalıqlar haqqında danışmışdı. O, dənizdən 220 metr məsafədə bağ evi olduğuna baxmayaraq, daha dənizdən istifadə edə bilmədiyini qeyd etmişdi. Buna səbəb müdafiə sənayesi naziri Yavər Camalovun dənizi hasarlatması, insanların istifadə etdiyi sahil zolağını qanunsuz olaraq mənimsəməsidir.

Bu mövzu ilə bağlı “Yeni Müsavat”da çıxan reportaj ölkədə böyük səs-küy yaratmışdı. Demokratik toplumlarda bu cür qanunsuzluq edən nazirin öz vəzifəsində bir gün də olsa duruş gətirməsi mümkünsüzdür. Lakin ictimai rəyi silkələyən reportaj nazir Yavər Camalovun vicdanını tərpətmədi. Eləcə də hakimiyyət yetkililəri bu əməl barədə heç bir açıqlama vermədilər. 

Bütün bunlara baxmayaraq, biz yenə də gəlişmələri öyrənmək üçün Rafiq İsmayılla əlaqə saxladıq. "Qafqazinfo" xəbər verir ki, o, “Yeni Müsavat”a bildirdi ki, Yavər Camalova məxsus obyektin tikintisi dayanmayıb: “Hər gün səhər tezdən fəhlələri gətirən avtobus ”Yeni Müsavat"da çıxan yazıdan sonra daha görünmür. Bir fərq hələ ki budur. Bundan başqa isə kənardan baxanda, orada işləyən fəhlələrin sayı əvvəlki kimi çox deyil. Əlavə heç bir yenilik, reaksiya yoxdur. Bizim evdən dənizin bir hissəsi görünür, bir hissəsi isə tamamilə tutulub. Görünməyən hissə isə əsas giriş olan hissədir.

Orada hazırda iş gedir, amma qabaqkı kimi intensiv deyil. Bugünlərdə dostlarımızla dənizdə çimməyə yer axtarmağa getdik. Xeyli getdik və bir yer tapdıq. İnanın ki, ekologiyanı elə korlayıblar ki, dənizə girmək mümkün deyil. Hər yer zibil içində idi. Yəni bu, əsrlərlə formalaşmış bir dənizdir. Təsəvvür edin, bu cür insanlar dənizin içinə beton tökürlər, daş-qaya tökürlər. Bu da ekologiyaya çox pis təsir edir. Dayanmaq bilmirlər, tikə-tikə də gedirlər. Hər yeri zəbt edirlər. Baxın, elə sizinlə danışa-danışa pəncərədən dənizə baxıram. Boş olan yerləri də tikirlər. Yanılmıramsa, buradan əks tərəfə - Zirəyə qədər olan yerləri tikə-tikə gedirlər. Bu biabırçılıqdır".

R.İsmayıl Türkan sakinlərinin bütün instansiyalara şikayət etmələrinə baxmayaraq, heç bir reaksiya verilmədiyini dedi: “Türkan sakinləri bildiyim qədəri ilə, əsasən Mehriban Əliyevaya müraciət ediblər. Bəziləri deyir ki, guya həmin şikayət məktubu gedib çatmayıb. Yəni bu insanlar bildikləri hər yerə, bütün instansiyalara müraciət ediblər, xeyri də yoxdur. Həqiqətən yerli sakinlər od püskürürlər. Hamı nifrət edir, söyür, onlar da öz işlərini görməyə davam edirlər. Təsəvvür edin, ”Yeni Müsavat" kimi bir qəzet bu məsələ ilə bağlı manşet reportaj da hazırladı. Düşündük ki, bu yazıdan sonra nə isə bir reaksiya olar, amma olmadı. Düzdür, hava şəraiti çox pisdir, bəlkə buna görə fəhlələr azdır. Ümumilikdə hər şey hələ ki sakinlərin ziyanına gedir".

Biz hadisəyə dair hörmətli nazir Yavər Camalovun, yaxud da onun rəsmi nümayəndəsinin də münasibətini dərc etməyə hazırıq.