Necə gözəldir istiqlalımız!

Necə gözəldir istiqlalımız!
Oxunma sayı: 12718

Bu gün 18 oktyabr - Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri, Dövlət Müstəqilliyi Günüdür. Bu bayramı qalib kimi qeyd edirik. Artıq şanlı ordumuz tərəfindən Cəbrayıl, Füzuli şəhərləri da daxil olmaqla onlarla kəndimiz, strateji yüksəkliklər işğaldan azad olunub. 

“Qafqazinfo” bayram münasibətilə 1991-ci ilin bu günü Ali Sovetin sessiyasında Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktına imza atan “İstiqlalçı deputat”ların bayram təbriklərini dinləyib. 

Onlardan biri, deputat Vahid Əhmədov inanır ki, gələn il, müstəqilliyimizin 30 ilini bütöv Azərbaycanda qeyd edəcəyik: “Bu gün Azərbaycan müstəqilliyinin 29-cu il dönümünü qeyd edir. Yəqin ki, gələn il torpaqlarımızın hamısı işğaldan azad ediləcək. Biz qürurverici illərdən birini yaşayırıq, çünki Azərbaycan 30 ilə yaxın düşmən tapdağında olan ərazilərini azad edib. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu çox ciddi uğurlara imza atıb. Yəqin ki, Prezident İlham Əliyev bu gün Müstəqillik Günü ilə bağlı xalqı təbrik edəcək. Mən çox arzu edərdim ki, bu gün cənab Prezident Şuşanın işğaldan azad olunmasını elan eləsin və bu, bizim üçün çox böyük sürpriz ola bilərdi. Müstəqillik günü münasibətilə bütün millətimi, xalqımı, xüsusilə, dövlət başçısını, birinci vitse-prezidenti təbrik edirəm.

Bu il ərazi bütövlüyümüzün bərpa edilməsi baxımından çox uğurlu il oldu. Yaxın müddətdə Vətən müharibəsini başa çatdıracağıq, həm Şuşada, həm Xankəndində, həm də digər işğal altında olan ərazilərimizdə Azərbaycan bayrağı dalğalanacaq”. 

Xalq şairi Nəriman Həsənzadə isə həmin günləri belə xatırlayır: “Bu, böyük bayramdır. Mən o zaman Milli Məclisin üzvü idim, biz “İstiqlal Aktı”na qol çəkən deputatlardan olduq. Rusiyadan ayrıldıq, müstəqilliyimizi elan elədik. Yadımdadır, ulu öndər Heydər Əliyev getdi, sonra mən qol çəkdim, lakin bəzi deputatlar o akta imza atmadılar. Gözümüzün qabağında istəmirdilər ki, Azərbaycan Rusiyadan ayrıla... Bu müstəqilliyimiz uğrunda biz daim mübarizə aparacağıq və qalib gələcəyik! Mən buna inanıram. İndi görürsünüz ki, bütün xalq, Prezident, bütün ordu – hamısı birləşib ki, torpağımızı azad edək. Hər kəs evində əsgərdir. Hər kəsin – qocanın da, cavanın da yaşı bərabərləşib. Biz vətənimiz, istiqlalımız uğrunda çalışırıq. Necə gözəldir istiqlalımız! Başqa millətin, hakim millətin təsirindən çıxırsan, özün olursan. Biz Prezidentimizin yanındayıq, arxa cəbhə, ön cəbhə yoxdur, hamımız əsgərik. Ancaq istiqlal uğrunda mübarizə var!”

Keçmiş təhsil naziri Firudin Cəlilov da bildirib ki, bu gün Ordumuzun cəbhədəki qələbələri müstəqilliyimizin nəticəsidir: “Müstəqillik günüylə bağlı bütün Azərbaycan xalqını qutlayıram. Müstəqilliyin dadını, əhəmiyyətini, bərəkətini bilmək istəyirsinizsə, son 30 ildə yetişən nəslə baxın. Bu nəsil müstəqil dövlətdə yaşayıb deyə əvvəlki nəsildən fərqlənir. 30 il qabaq bizim Qarabağda uduzmağımız, bu il Qarabağda qalib gəlməyimiz bizim müstəqil dövrdə yaşayan insanlarda yaranan vətənpərvərlik, azadlıq istəyi, özünü qul kimi yox, sərbəst, azad insan kimi hiss edənlərin sayəsindədir. Müstəqilliyin əsas əlaməti budur ki, millət heç kimdən asılı olmur, gözükölgəli olmur. Bu gün Ordumuzun bu qələbələri də bizim müstəqilliyimizin nəticəsidir. Bu baxımdan bir daha bütün xalqımızı təbrik edirəm! Daim xoşbəxt olsunlar, biz o üç rəngli bayrağımızın rəmzləriylə yaşayaq! Bu müstəqilliyi nəvə-nəticələrimizə ötürək!”

Gülnar Əliyeva


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi